“Prostat vəzinin lazerlə kəsiksiz əməliyyatını yalnız biz edirik” — Dr.Emin Məmmədov

“Prostat vəzinin lazerlə kəsiksiz əməliyyatını yalnız biz edirik” — Dr.Emin Məmmədov

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uzman uroloq-androloq Dr. Emin Məmmədovdur. Müsahibimiz prostat vəzinin müalicəsində tətbiq olunan “HoLEP” (Holmium Laser Enucleation of Prostate) lazer əməliyyatı haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni  təqdim edir:

Arayış

Peşəkar uroloq-androloq Uzm. Dr. Emin Məmmədov 2012-ci ildə Türkiyə Cümhuriyyətinin Cərrahpaşa Universitetində tibb fakültəsini bitirib. 2013-2018-ci illərdə Hacəttəpə Universitetində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Həmin illərdə ABŞ-ın Klivlend Xəstəxanasında elmi tədqiqatçı kimi də fəaliyyət göstərib və “Beynəlxalq Urologiya Nefrologiya” (İnternational Urology Nephrology) jurnalında klinikanın əməkdaşları ilə ortaq elmi məqaləsi dərc olunub. Həmçinin Türkiyə, Yunanıstan, Portuqaliya və ABŞ-da nəşr olunan 30-dan çox məqalənin müəllifidir.

Dr. Emin Məmmədov Avropa Urologiya Cəmiyyəti, Uroonkologiya Dərnəyi, Uroloji Cərrahiyyə Dərnəyi Minimal İnvaziv Urologiya Cəmiyyətinin üzvüdür. 2019-cu ildə Avropa “Board” imtahanını uğurla keçərək Avropa Urologiya Cəmiyyətinin mütəxəssisi (Fellow of the European Board of Urology (FEBU)) adını qazanıb.  

Hazırda Liv Bona Dea Hospitalda çalışır. Eyni zamanda Azərbaycan Tibb Universitetinin doktorantı olaraq elmi fəaliyyətlə də məşğuldur.

 -Hansı prostat vəzi xəstəlikləri var?

-Prostat vəzinin əsas üç xəstəliyi var: prostat iltihabı (prostatit), prostatın xoşxassəli böyüməsi (prostat adenoması) və prostat xərçəngi.

-Bu xəstəlikləri yaradan əsas səbəblər nələrdir? 

-Kişi reproduktiv sisteminin bir hissəsi olan prostat vəzi fındıq boyda vəzdir və sidik kisəsinin altında yerləşir. Prostat vəzinin müxtəlif səbəblərə görə iltihabı prostatit adlanır. Prostatitin ən çox görülən səbəbi sidik kanalındakı infeksiyalar olsa da, cinsi yolla keçən digər infeksiyalar, travma, stress, sidik kanalına edilən müdaxilələr, bəzi xroniki xəstəliklər, QİÇS kimi immun sisteminə zərər verən xəstəliklər də ola bilər. 

Daha çox 50 yaşından sonra yaranan prostat adenoması və prostat xərçəngi kişilərdə ən çox görülən xəstəliklərdən biridir. Hər iki xəstəliyin ən başlıca risk qrupu yaş və irsi faktordur.   

-İlkin əlamətləri nələrdir?

– Prostat adenomasının əsas simptomları olaraq sidiyin təzyiqinin azalması, sidiyə başlamada gecikmə, tez-tez sidiyə çıxma (xüsusən də gecələr), qalıq sidik hissi, kəsik-kəsik sidiyə çıxma, sidiyin sonunda damcılama, tez-tez sidik yolu infeksiyası keçirmə, sidik kisəsində daş əmələ gəlməsi, heç sidiyə çıxa bilməmək kimi halları qeyd edə bilərik. Prostat xərçənginin isə ilkin  mərhələdə özünə xas simptomları olmasa da, prostat adenomasına bənzər əlamətlər verə bilir. Pasiyentdə irəli mərhələdə çəki itkisi, sümük metastazlarına bağlı ağrılar, qəbizlik və s. yarana bilər. 

-Uroloqa nə zaman müraciət etməli?

-Əgər heç bir simptom yoxdursa, bütün kişilər 50 yaşından sonra ildə bir dəfə uroloqa mütləq müraciət etməlidir. Xüsusən də ailədə prostat xərçəngi varsa, 40 yaşından sonra PSA analizi və uroloq müayinəsi vacibdir. Çünki bu müayinələr sayəsində xərçəng varsa, zamanında aşkar edə bilirik. İlkin mərhələdə aşkar edilən xərçəngin sağalma ehtimalı yüksəkdir.

-Prostat vəzi xəstəlikləri müalicə olunmazsa, nə ilə nəticələnər?

-Prostat xərçəngi müalicə olunmazsa, digər xərçəng növləri kimi metastaz verəcək və şiddətli ağrılarla xəstəyə həyati risk yaradacaq. Prostat adenoması isə sidik kisəsində daşların əmələ gəlməsi, sidikdə qanaxmalar, sidiyə çıxa bilməmə, hətta böyrək çatışmazlığı və dializə də səbəb ola bilər.

-Adətən hansı ağırlaşmalarla qarşılaşırsınız?

-Çox vaxt prostat xərçəngini erkən mərhələdə aşkarlayırıq. Bu zaman əməliyyatla tam sağalmaq şansı yüksəkdir. Prostat digər xərçənglərdən fərqli olaraq çox yavaş inkişaf edir və sadə qan analizi ilə erkən mərhələdə aşkar edilə bilir. Müalicəsində əməliyyat, şüa və kimya terapiyası, hormon müalicəsi və s. kimi çoxlu “silahlar”ımız var. 

Prostat adenomasında isə ən çox gördüyümüz fəsadlar kəskin sidik ləngiməsi, təkrarlanan prostat infeksiyaları və təəssüf ki, böyrək çatışmazlığıdır. 

-Hansı hallarda əməliyyat göstərişdir?

-Təkrarlanan və ya daima sidiyə çıxa bilməmə, təkrarlanan sidik yolu infeksiyası, dərman müalicəsinə baxmayaraq, təkrarlanan və ya davam edən sidik qanaması, sidik kisəsində daş əmələ gəlməsi, prostat böyüməsinə bağlı olaraq böyrək çatışmazlığı kimi hallar olarsa, əməliyyat qaçılmazdır.

Qalıq sidiyin çox olması və ya orta-yüksək şiddətli prostat adenoması simptomları cərrahiyyə üçün mütləq göstəriş olmasa da, xəstəni mümkün  fəsadlardan qorumaq və həyat keyfiyyətini artırmaq üçün əməliyyat  məsləhət görülür.

-Xoşxassəli şişlərin cərrahi müalicəsində hansı yenilik var?

-Xoşxassəli şişlərin əsas iki əməliyyat növü var: qapalı və açıq əməliyyatlar. Lazer texnologiyasının prostat əməliyyatında tətbiqindən sonra açıq xoşxassəli prostat əməliyyatı, demək olar ki, icra olunmur və xəstələrimizə tam qapalı olaraq “HoLEP”, “ThuLEP”, “Greenlight” və s. kimi əməliyyatlar həyata keçiririk. Hazırda “HoLEP” əməliyyatı ölkəmizdə yalnız bizim klinikada – Liv Bona Dea Hospitalda icra olunur. 

-“HoLEP” əməliyyatı nədən ibarətdir?

-Prostatı bir portağal kimi təsəvvür etsək, qabığı və iç hissəsi var. “HoLEP” əməliyyatında sidik kanalına daxil olaraq iç hissəni, yəni adenoma olan hissəni qabıqdan lazerlə ayırır və “morselator” adlanan cihaz vasitəsilə parçalayıb çölə çıxarırırq. Əslində bu, açıq cərrahiyyədə icra edilən üsulun tamamilə qapalı şəklidir.  

-Bildiyimə görə, bu əməliyyatı ölkədə ancaq siz icra edirsiniz?

-Bəli, bu əməliyyatı Azərbaycanda yalnız Liv Bona Dea Hospitalda biz, yəni xəstəxananın urologiya komandası icra edir.  

-Bu əməliyyatın fərqi və üstünlüyü haqqında oxucularımıza məlumat verərdiniz.

-“HoLEP” açıq əməliyyata alternativ üsuldur və bütün ölçülərdə olan prostatlara təhlükəsiz şəkildə tətbiq oluna bilər. Çox böyük prostat vəzilərində belə, bədəndə heç bir kəsik edilmədən həyata keçirilir. Əməliyyat sonrası prostatın böyümə ehtimalı sıfır olduğundan yenidən cərrahiyyəyə  ehtiyac yaranmır. Həmçinin bu əməliyyat cinsi funksiyalara zərər vermir. Eləcə də qanaxma riski çox azdır və əməliyyatda qan köçürməyə ehtiyac olmur. Hətta qanı durulaşdıran dərmanlardan istifadə edən xəstələr də bu üsulla müalicə ala bilərlər. “HoLEP” əməliyyatı tətbiq etdiyimiz pasiyentlərin xəstəxanada  qalma müddəti cəmi bir-iki gündür. Əməliyyatdan sonra kateteri çıxarılan xəstələrdə sidik ifrazı zamanı yanma hissi yaranmır.  

-Hansı pasiyentlərdə “HoLEP” əməliyyatını icra etmək olar?

-Prostat adenoması səbəbi ilə əməliyyat planlanan bütün xəstələrdə “HoLEP”i icra edə bilərik.  

-Əməliyyat müddəti nə qədər davam edir?

-Prostatın ölçüsündən asılı olaraq, əməliyyat 40-80 dəqiqə davam edir. 

-Əməliyyatdan neçə gün sonra pasiyent işə çıxa bilər?

-Adətən pasiyentlərimiz ağır fiziki əmək şəraiti olmamaq şərti ilə bir həftə sonra işə çıxırlar. Üç həftə sonra ağır işlə də məşğul ola bilərlər. 

-Əməliyyat sonrası cinsi zəiflik ola bilərmi?

-Xoşxassəli prostat əməliyyatından sonra cinsi zəiflik yaranmır. “HoLEP”də  istifadə etdiyimiz lazerin sağlam toxumalara təsiri 0,4 mm-dən az olduğu üçün prostat kapsulunun ətrafından keçən və cinsi funksiyaları tənzimləyən sinirləri zədələmir. Bu səbəbdən xəstələrdə əməliyyatdan sonra ereksiya problemləri gözlənilmir.

Qeyd: Uzm. Dr. Emin Məmmədov  bir sıra uroloji və androloji xəstəliklərin müalicəsi ilə məşğul olan yüksək ixtisaslı mütəxəssisdir. Maraqlananlar həkimlə  (070) 529-66-69 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin feysbuk, eyniadlı “uzm.uroloq_eminmammadov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.


Share: