Çox təəssüf ki, hadisənin videosu KİV-lərdə yayılıb.
Müstəqil.Az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Uşaq və Ailə Mərkəzinin rəhbəri Kəmalə Baxış deyib.
Onun sözlərinə görə, olanlardan sonra hadisə iştirakçılarının özlərinə, yaxınlarına və valideynlərinə psixoloji dəstək lazımdır:
“Bu hadisənin baş verməsində bizim özümüzün, məktəblərin, cəmiyyətin və müəllimlərin payı var. Məktəbin günahı qədər valideynlərin də günahı var. Bu cür hadisələr ancaq o məktəbdə olmayıb ki. Məktəblərdə tez-tez bənzər hadisələrə rast gəlmək olur. Hadisə artıq olub və onu şərh etmək də olmur. Bu, hər tərəfdən pisdir. Bilirəm ki, artıq bir çox valideynlər öz uşaqlarını həmin məktəbdən çıxarırlar. Bu hadisənin bundan sonra da fəsadları çox olacaq. Amma bir psixoloq kimi heç də təəccüblənmədim. Çünki eyni situasiyalarla müraciət edən şagirdlər var. Valideynlər uşaqlara sərbəstlik verməlidir. Məktəblərdə təbliğat, seminarlar aparılmalıdır, amma aparılmır”.
Psixoloq hesab edir ki, 5-ci sinifdən başlayaraq intim münasibətlərdən, cinsi tərbiyədən maarifləndirici dərslər keçirilməlidir: “İndi uşaqları özbaşına buraxıblar. Əllərindəki smartfonlarla nəyə istəyirlər baxırlar. Valideynlərin nəzarəti yoxdur. Təbii ki, uşaq böyüdükcə inkişaf gedir, hormonlar dəyişir, istək yaranır. Bunlar normal şeylərdir. Çox valideyn cinsi mövzularda övladı ilə məsafə saxlayır və bu şeylər barədə danışmağı ayıb bilirlər. Amma burada ayıb heç nə yoxdur. Bu, təbiətin qanunudur. Əgər özləri danışa bilmirlərsə, mütəxəsisslər, psixoloqlar var. Onlar danışıb, uşaqları bilgiləndirməlidir. Belə valideynlər var ki, bizə müraciət edib uşaqlarına bu barədə məlumatlar verməyi xahiş edirlər. Məktəbdə müəllimlər, evdə valideynlər uşaqları maarifləndirməlidir”.
Xatırladaq ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksiin 11-ci sinfində oxuyan Cavidan Rzayev 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.