“Pul ayrılmasa, qəzetimiz fəaliyyətini dayandıracaq”

“Pul ayrılmasa, qəzetimiz fəaliyyətini dayandıracaq”

““Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Bəxtiyar Sadıqov Milli Məclisin iclasında bildirib. 

“Ötən il müraciətimiz əsasında bizə birdəfəlik yardım göstərildi. Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Milli Məclis tərəfindən təsdiq edilmiş nizamnaməsinə görə, qəzetin maliyyə avadanlığı və texniki təminatı Milli Məclis tərəfindən təmin edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir, əks təqdirdə çapımız dayanacaq”, – deyə deputat qeyd edib. 

B.Sadıqov vurğulayıb ki, qəzetdə 65 yaradıcı və texniki işçi çalışır: “İş rejimimiz rəsmi materiallardan asılı olaraq 2 və ya 3 növbəli olur. 14 nəfər qadın əməkdaşımız faktiki ailə başçısı statusundadır. Bir çox əməkdaşımız uzun illərdir qəzetdə işləyirlər. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Əgər qəzet bağlansa, qəzetin işçilərinin mətbuat xidmətlərində və digər yerlərdə yerləşdirilməsini xahiş edirəm. Eyni zamanda, qəzetin abunələri də azalıb. Bunları da nəzərə almaq lazımdır”.

Spiker Sahibə Qafarova isə cavab olaraq qeyd edib ki, məsələyə Milli Məclisdə rəhbərlik səviyyəsində baxılıb: “Bu məsələ ilə bağlı sizinlə digər qurumlar da danışıqlar aparıb. Gərək siz də bu günün tələbinə uyğun iş görəsiniz”.

Zaur Mirzə


Share: