Ukrayna bütün parametrləri ilə Rusiyadan qat-qat zəif ölkədir.
Rusiyanın arsenalında nələr yoxdur ki! Qanadlı, ballistik, hipersəs raketlər, 5-ci nəsil qırıcılar, hava-kosmik qüvvələri, dünyaya meydan oxuyan, Putinin öyündüyü, analoqu olmayan silahlar və s.
Ukrayna isə əsasən sovetdənqalma köhnə nəsil hərbi texnika ilə müqavimət göstərir.
Ona görə də Rusiya ordusunun ən qısa müddətdə hədəfinə çatacağı gözlənilirdi.
“Barbarossa planı” alınmadı: Hitler ordusu 8 həftəyə Moskvaya girməli idi, Rusiya ordusu isə 48 saata Kiyevə.
Hitler ordusunun qarşısı kəsildi, ləngidi və bununla da Rusiya bataqlığında batdı.
Rusiya ilə də eyni ssenari baş verir: Kiyevə nəzərdə tutulan vaxtda çata bilmədi, ləngidi və başlandı…
Tarix təkrarlanır – sadəcə, hər dövrün öz tələbləri ilə.
Putin Rusiyası nəyi nəzərə almamışdı?
Rusiyada heç kəs düşünmədi ki, Ukraynada adi mexanizator körpünü partlatmaq üçün kamikadzelik edəcək!
Əliyalın tankların önünə çıxanları, zirehli maşınları durdurmaq üçün mülki əhalinin yolun ortasında dayanacağını Rusiya gözləmirdi!
Rusiya Müdafiə Nazirliyi, Kremlin saytı da daxil olmaqla, əsas xəbər agentlikləri daimi kiber-hücum altındadır, ciddi şəkildə informasiya sızır. Paralel olaraq Qərb kəşfiyyatı olduqca mühüm məlumatları bölüşür.
Rusiya əslində hücumla bağlı dəqiq tarixi verməyə nail olan ABŞ liderinin açıqlamasından sonra şübhələnməli idi: əgər ən məxfi məlumat sızırsa, acı aqibət qaçılmazdır.
Rusiya Ukraynanın partizan savaşı ənənəsini unutdu – illərlə faşistlərə qarşı gizli döyüşən qardaşının üstünə gedəndə bunu nəzərə almalı idi;
Kreml ukraynalı komandanların Rusiya hərb maşınının içində yetişdiyini, rus ordusunun “cikindən bikinə” kimi hər şeyi bildiyini yaddan çıxartdı;
Rusiya hücum edənlərlə hücuma məruz qalanların eyni xalq olduğunu unutdu: şəhərlərə girən ruslarla mülki insanların dialoqu, bu dialoqun rus əsgərlərə psixoloji təsiri mütləq əvvəlcədən düşünülməli idi…
Pentaqon deyir ki, Rusiya sərhəddəki 150 minlik ordunun tam yarısı ilə hücuma keçib – şimaldan 30 min, cənubdan da bir o qədərini nəzərə alsaq, bu ordu 290 minlik müdafiə qüvvələri ilə müqayisədə çox azdır.
Ərazi isə həddən artıq böyük: 600 min kv.km ərazinin hər yerinə ballistik, qanadlı raketlər ata bilərsən, ancaq ərazini tutmaq quru qoşunlarının işidir. Piyada alayları – müharibənin onurğa sütunudur. Əsgərin ayağı dəyməyən torpaq sənin deyil.
Bu qüvvə ilə Ukraynanı ələ keçirmək imkansızdır.
Hələ şəhərlərdəki partizan savaşları, hələ küçə döyüşləri var…
Axı, Ukrayna 1941-45-də bu dəhşətlərdən keçmiş və Almaniyanın ilk, ən qüvvətli zərbəsini qəbul etmiş ölkədir. Bunu necə nəzərə almamaq olardı?
“Barbarossa planı” dayandı, “Boris planı” başladı
Rusiya bunları nəzərə almamışdı, ancaq ABŞ-Britaniya hər şeyi hesablamışdı. Onlar ən xırda detallarına qədər düşünüblər. Ona görə Putini bu savaşa təhrik, Rusiyanı bu dəhşətli səhvə məcbur etdilər.
Putini suqsvanqa saldılar. “Barbarossa”nı durdurdular və “Boris-Co” planı başladı.
Putin Zelenskini siyasətçi, cəsarətli insan saymırdı. Onun haqda “öz sahəsində bacarıqlı insan” – yəni yaxşı aktyor, kloun kimi düşünmək Putinin ən böyük səhvi oldu.
Bu “aktyor” əsl aktora çevrilib. Hətta Putinə danışıq çağırışı edəndə də Zelenski “aktyorluq” edirdi.
Zelenski Qərbə inanılmaz mesaj verdi və Qərb bu siqnalı göydə tutdu – zatən, hazırlanmış ssenaridir. Ukrayna zərbələrə iki gün dözdümü, 48 saat bitdimi?
Başlandı və Zelenskiyə görüşə getməyə imkan vermədilər: Rusiyaya qarşı ən ağlasığmaz, ən inanılmaz tədbirlər alınır, Ukraynaya külli miqdarda maliyyə, silah yardımı, hərbi dəstək gəlir; Rusiyanın, Putin başda olmaqla, hər bir şəxsinə sanksiyalar tətbiq edilir; Rusiya banklarının əməliyyat aparmasını dayandırmaq üçün beynəlxalq bank əməliyyatı sistemindən çıxarılmasına başlanılıb və bu gün artıq qərar qüvvəyə minəcək; AB ölkələri Rusiya ilə hava məkanını bağladı, rus oliqarxların aktivləri dondurulur, investor kimi onlarla bütün əlaqələr kəsilir.
Rusiya MB-nin aktivləri dondurulur, rublun dayanıqlığına zərbə vurmaq planı bu gün işə düşəcək. Yəni həftənin ilk iş günü, birjalar açılan kimi “iqtisadi qiyamət” qoparmağa hazırlaşırlar.
Rusiya sözün bütün mənalarında çökdürülür. Hətta texnologiyalara əlçatımlığı məhdudlaşdırılır.
Putin o qədər arxayın idi ki, hətta ordunun təchizatını nəzərə almamışdı: budur, ordu qidada çətinlik çəkir, yanacaq çatmır və uzun yolla göndərilən yanacaq kolonları yoldaca məhv edilir.
Ukrayna “yanacaq daşıyan kolonlar haqda əhalidən məlumat aldıqdan sonra hərəkətə keçdik” deyir.
Rusiyanı ələ salıblar lap: məgər görünmürmü ki, bu, Ukraynadakı hər qum dənəsini nəzarətdə saxlayan Qərb sputniklərinin məlumatıdır?
Zelenski – Putinin ələ saldığı aktyor informasiya işini də əla qurub, adam zatən ictimaiyyətlə iş qurmağın ustasıdır. Bütün komandası bu şəbəkəyə qoşulub, bütün sosial şəbəkələri bu istiqamətdə aktivləşdirib.
Rusiya bunları da gözləmirdi.
Rusiya hava, dəniz və qurudan – bütün qüvvələri ilə hücuma keçməklə bütün hərbi sirlərini ortaya qoydu.
Rusiyanın əsir düşən əsgərlərinin, qənimət kimi götürülən texnikasının görüntüləri sosial şəbəkəni başına götürüb. “Budurmu dünyanın ən qüdrətli ordusu” deyə artıq bu ölkənin özündə belə bəzi siyasətçilərin əsəbi reaksiyaları müşahidə edilir.
Nəticə necə olacaq?
Yazmışdıq və demişdik: Putini Ukrayna bataqlığına zorla çəkdilər, tələyə saldılar, bütün hərbi sirlərini ifşa etdilər və bu bataqlıqda Rusiyanı çökdürmək üçün bir an da gözləmədən, ən ağır zərbələrə başlayıblar.
Rusiya tora düşdü: iki qardaş xalqın qanı üzərində böyük bir hiylə baş tutdu…
Şeyx TEYMUR