Rusiya prezidenti Vladimir Putin 44 milyon əhalisi olan demokratik Ukraynaya hücumunu və nəticədə Avropada sabitliyin pozulmasını Ukraynanın Qərbə yaxınlaşması və bunun Rusiya üçün təhlükə törətməsiylə əsaslandırır. O iddia edir ki, bu şərtlər daxilində Rusiya “təhlükəsiz şəkildə mövcud ola və inkişaf edə bilməz”.
Amma Ukraynanın bombalanması həftələrdir davam edəndən, minlərlə insan öləndən və milyonlarla ukraynalı ölkəni tərk edəndən sonra da bu sual aktual olaraq qalır: Putin nə istəyir və bu müharibəni bitirmək üçün çıxış yolu varmı?
Putin hərbi müdaxilənin tez bir zamanda qələbəylə nəticələnəciyinə inanıb. Amma “xüsusi hərbi əməliyyat” adlandırdığı bu müharibədən gözləntiləri artıq nisbətən azalmış kimi görünür.
Dəqiq bilinən budur ki, Putin Ukraynaya hücumu Rusiya tarixində çox vacib an hesab edir. Onun əsas məqsədi Ukraynanı ələ keçirmək, hökuməti devirmək və bu ölkənin NATO-ya qoşulmaq arzusunu tamamilə yox etmək idi.
“Ukraynanı hərbçilərdən və nasistlərdən təmizləmək və səkkiz il boyu Ukrayna hökumətinin zorakılığına və soyqırımına məruz qalmış insanları qorumaq” – Putin Rusiya xalqına əsas hədəfinin bu olduğunu deyirdi.
O israr edirdi ki, “Biz Ukrayna torpaqlarını işğal etməyi planlaşdırmırıq. Kiməsə zorla nələrisə qəbul etdirmək fikrində deyilik”.
Halbuki nasistlər və soyqırım iddiaları həqiqətə uyğun deyildi.
Rusiyanın şəhər və qəsəbələrə amansızcasına hücumu ukraynalıları birləşdirib.
Bombardmanlar davam edir, amma sülh danışıqları haqqında son xəbərlərdən belə məlum olur ki, Rusiya artıq hökuməti devirmək fikrində olmadığını və Ukraynanı neytral bir ölkə kimi görmək istədiyini bildirir.
Putin niyə Ukraynanın neytral ölkə olmasını istəyir?
Putinsə Sovet İttifaqının ləğvini “Rusiyanın parçalanması” kimi qiymətləndirərək prosesi geri döndərmək fikrinə düşüb.
O, rusların və ukraynalıların eyni soydan olduğunu deyir, Ukrayna tarixini görməzdən gəlir, ukraynalıların “heç vaxt dövlətçilik ənənəsinin olmadığını” iddia edir.
2013-cü ildə Putin Ukraynanın Rusiya yönümlü prezidenti Viktor Yanukoviçə təzyiq edərək onun Avropa Birliyilə ticarət və siyasi əməkdaşlıq müqaviləsi imzalamasına mane olub. Ukrayna xalqı buna etiraz olaraq meydanlara çıxıb və Yanukoviç 2014-cü ilin fevral ayında vəzifəsindən getmək məcburiyyətində qalıb.
Buna cavab olaraq həmin il Rusiya Ukraynanın cənubundakı Krımı ilhaq edib, ardınca da ölkənin şərqindəki silahlı separatçılara açıq dəstək verməyə başlayıb.
2015-ci ildə kövrək bir atəşkəs razılaşması əldə olundu, ardınca Minsk razılaşması imzalandı, amma tətbiq edilməyib.
Separatçılarla Ukrayna arasındakı qarşıdurmada o vaxtdan etibarən 14 min insan həlak olub.
Rusiyanın Ukraynaya hücumundan az əvvəl Putin Minsk razılaşmasını pozaraq separatçı “DXR” və “LXR”-i müstəqil dövlətlər kimi rəsmən tanıdığını açıqladı, ardınca da NATO-nu Krımda müharibəyə başlamaq istəyində və Rusiyanın “milli gələcəyini” təhdid etməkdə günahlandırıb.
Bu müharibəni bitirmək üçün çıxış yolu varmı?
Ukrayna prezidentinin müşaviri Mixayil Podolyak Rusiyanın Ukraynada irəliləyə bilmədiyini və yaxın günlərdə atəşkəs razılaşması üçün bəzi addımlar ata biləcəyini deyib.
Hər iki tərəf sülh müzakirələrində irəliləyiş olduğunu bildirir. Podolyakın sözlərinə görə, Putin tələblərini yumşaldıb.
Krımın Rusiya ərazisi sayılması, “DXR” və “LXR”-in müstəqilliyinin tanınması – müharibənin başlanğıcında Putinin tələbləri bunlar idi. Eyni zamanda, Ukrayna konstitisiyası dəyişdirilməli və NATO və Avropa Birliyinə qatılmamaq öhdəliyi ora əlavə edilməliydi.
Hələ ki Krım, Luhansk və Donetsk bölgələrinin taleyi qeyri-müəyyən olaraq qalmaqdadır, ancaq hesab olunur ki, bu mövzu daha sonra gündəmə gətirilə, sülh danışıqlarına mane olmaya bilər.
Digər tərəfdən, Putin Ukrayna prezidentini dəyişib ölkədə Belarusdakı kimi oyuncaq hökumət qura bilməyəcəyini də qəbul etmiş kimi görünür.
Ekspertlər hesab edirlər ki, Rusiya tələblərini yumşaldıb və “demilitarizasiya və neytrallıq” şərtilə Ukraynanın orduya və donanmaya malik ölkə olmasını mümkün sayır.
“Belə görünür ki, Putin daha məhdud siyahıyla kifayətlənmək məcburiyyətində qalacaq”, – Rusiyanın müasir siyasətini tədqiq edən, R. Politik və Carnegie Moskva Mərkəzinin təhlilçisi Tatyana Stanovaya deyir.
Amma Rusiyanın danışıqlarda xoş niyyətlə hərəkət etmədiyini düşünənlər də var.
Fransanın xarici işlər naziri hesab edir ki, silah gücünə razılaşma əldə edilməz, Moskvanın sülh müzakirələrindən əvvəl atəşkəs elan etməsi daha doğru olar.
Ukraynanın tələbləri hansılardır?
Zelenskinin müşaviri deyir ki, Ukrayna dərhal atəşkəs elan olunmasını və Rusiya hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edir; öz təhlükəsizliyini təmin edəcək razılaşma əldə edilməsini və mümkün hücumlara qarşı bir neçə ölkənin birlikdə onu müdafiə etməsini istəyir.
Ekspertlərin sözlərinə görə, Qərb ölkələri də Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasına tərəfdardırlar və “dondurulmuş münaqişə” vəziyyətini qəbul etmirlər.
Digər tərəfdən, bəzi məsələlərdə Ukraynanın da mövqeyi yumşalmış kimi görünür. Son çıxışlarının birində Zelenski bildirdi ki, Ukraynanın heç vaxt NATO-ya üzv ola bilməyəcəyi fikriylə barışmaq lazımdır.
Putin NATO ilə ortaq məxrəcə gələ biləcəkmi?
Putin Ukraynayla razılaşma əldə etməyə çalışa bilər, amma son zamanlarda onun Qərbə və xüsusilə də NATO-ya nifrəti xeyli artmış kimi görünür.
Onun fikrincə, Qərbin ancaq bir məqsədi var – Rusiyanı parçalamaq və sonra da yox etmək.
Müharibədən əvvəl Putin NATO-dan bəzi şeylər tələb etdi – Şərqə doğru irəliləməni dayandırmaq; alyansa 1997-ci ildən sonra üzv olan ölkələrdən NATO qoşunlarını çıxarmaq və həmin ərazilərdəki hərbi strukturları ləğv etmək; Rusiyanın sərhədlərinə yaxın ərazilərə, yəni Mərkəzi Avropa, Şərqi Avropa və Baltik ölkələrinə silah yerləşdirməmək.
Putinin sözlərinə görə, Qərb SSRİ dağılmazdan bir qədər əvvəl, 1990-cu ildə verdiyi sözə – NATO-nu şərqə doğru genişlənməyəcəyi vədinə əməl etməyib.
Avropa liderləri isə tarixi bir yol ayrıcında olduğumuzu düşünürlər.
Almaniya kansleri Olaf Scholz düşünür ki, Putin “öz dünyagörüşünə uyğun olaraq Avropanı ələ keçirmək istəyir”.
ABŞ prezidenti Joe Biden Putini hərbi cinayətkar hesab edir.
Fransa prezidenti Emmanuel Macron və Scholz Avropa qitəsinin bir dönüm nöqtəsində olduğunu bildirirlər.
Müharibədən əvvəl Rusiya tələb etmişdi ki, ABŞ-ın nüvə silahlarının digər ölkələrin ərazilərinə yerləşdirilməsi qadağan olunsun. Onda ABŞ buna müsbət reaksiya vermişdi, amma indiki durumda məsələnin müzakirə edilməsi ehtimalı çox azdır.
Tatyana Stanovaya deyir ki, “Rusiyanın Qərbə daha çox hərbi və aqressiv ultimatumlar göndərməsinə hazır olmalıyıq”.
Rusiyanı bundan sonra nə gözləyir?
Rusiyanın Ukraynaya hücumuna Qərbin reaksiyası Putini heyrətə gətirib.
O, NATO üzvlərinin Ukraynaya qoşun yeritməyəcəyini əvvəldən bilirdi, amma Rusiya iqtisadiyatını artıq indidən sarsıtmağa başlamış sanksiyalarla üzləşəcəyini gözləmirdi.
Avropa Birliyi, ABŞ, Böyük Britaniya və Kanada Rusiyaya qarşı xeyli sayda sanksiya tətbiq ediblər:
Rusiya Mərkəzi Bankının aktivləri dondurulub və Qərb ölkələri Rusiyanın bəzi banklarını SWIFT sistemindən çıxarıblar;
ABŞ Rusiyadan neft və qaz idxalını qadağan etdi; Avropa Birliyi qarşıdakı bir il ərzində təbii qaz idxalını üçdə birə qədər azaldacağını, Britaniya isə ilin sonuna Rusiya neftinin idaxlını tamamən dayandıracağını açıqlayıb;
Almaniya Rusiyanın “Şimal axını-2” təbii qaz boru xətti layihəsinin davam etməyəcəyini bildirib;
Avropa Birliyi, Britaniya və Kanada öz səmalarını Rusiyanın aviasiya şirkətlərinə qapadıblar;
Putinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrova və Kremlə yaxın bir çox şəxsə sanksiyalar tətbiq olunub.
Ukraynayla mümkün sülh razılaşmasının bu sanksiyaların ləğvinə səbəb olmayacağını bilən Putin diqqətini Rusiyadakı müharibə əleyhdarlarına yönəldib.
Son 20 gün ərzində ölkədə təxminən 20 min aksiya iştirakçısı saxlanıb, müstəqil media qurumlarının çoxu qapadılıb.
Müxalifət liderləri də ya məcburən ölkədən qaçdıqları, ya da Aleksey Navalnı kimi həbsə atıldıqları üçün Rusiyada hər hansı siyasi müxalifət qalmayıb.
Putinin qəzəbi sanki getdikcə daha çox artır. O, “rus xalqı vətənpərvərləri xainlərdən və əcalflardan seçə bilir” deyir.