Putinin Nikola cəzası: Bakıya dəstək verildi – Video

Ermənistanın yeni rəhbərliyinin əvvəllər öz üzərinə götürdüyü öhdəliklərə əməl etmək və işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq niyyətinin olmadığı aydınlaşandan sonra Bakının fəal şəkildə hərəkətə keçməsi müşahidə olunur. Bu isə başadüşüləndir.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov bildirib.

“Nikol Paşinyan və onun komandasından olan insanların, eləcə də Dağlıq Qarabağdakı separatçı “administrasiya”nın nümayəndələrinin ritorikası nəinki status kvonun qorunub-saxlanmasına, həm də yeni Azərbaycan torpaqlarının işğalına dəlalət edirdi. Ermənilərin bu cəhdini dünya birliyi avqust ayında Tovuz rayonunda Ermənistan-Azərbaycan sərhədində artıq müşahidə də etdi”, – deyə Arkov qeyd edib.

Politoloq deyib ki, Azərbaycan iqtisadiyyatının yüksək inkişaf səviyyəsi Bakıya daha müasir silah almağa, Azərbaycan Ordusunun Rusiya və Türkiyədən olan həmkarları ilə sıx əməkdaşlığı isə əsgər və zabitlərin hazırlığını keyfiyyətcə yüksək səviyyəyə qaldırmağa imkan verib:

“Eyni zamanda, Paşinyan hökuməti ABŞ və NATO-nun şıltaqlıqları ilə KTMT daxilində ziyanvericiliklə məşğul olub və Kremllə münasibətləri ciddi şəkildə pozub. Hazırkı rəsmi İrəvanın bu cür siyasətinin nəticəsi olaraq Kreml və KTMT yeni Qarabağ müharibəsi baş verəcəyi təqdirdə Ermənistana birbaşa hərbi yardım göstərməyəcək, münaqişənin hər iki tərəfinə danışıqlar masasına qayıtmaq çağırışları ilə kifayətlənəcəklər”.

Rusiyalı ekspert hesab edir ki, Bakıya mövcud siyasi vəziyyətə görə qısamüddətli “yaşıl işıq” verilib:

“Yəni Ermənistanın çoxdan boşaltmalı olduğu Azərbaycan torpaqlarını güc yolu ilə geri qaytarması mümkündür. Bu, İrəvan hakimiyyətinə İlham Əliyev və Vladimir Putin tərəfindən veriləcək cəza kimi də qiymətləndirilə bilər. Faciə ondadır ki, yeni hərbi əməliyyatlar nəticəsində insan tələfatı qaçılmaz olacaq. Onların hamısı Paşinyanın, onun məsləhətçilərinin və okeanın o tayındakı sahiblərinin vicdanında olacaq”.

A.Arkovun sözlərinə görə, hazırda Paşinyan hökuməti Rusiyanın silahları ilə öyünür, amma bu bir faktdır ki, Moskvanın bir müddət öncə Ermənistana göndərdiyi müasir hərbi avadanlıq heç bir zaman Azərbaycana tərəf tuşlana bilməz:

“O silah-sursat Ermənistan ordusuna deyil, Rusiyanın oradakı bazasının arsenalına göndərilib və tam başqa məqsədlər daşıyır. Kremlə yaxın olan hər bir kəs bunu bilir”.

Ekspert onu vurğulayıb ki, müharibə başlayandan bir neçə gün sonra İrəvan nə vaxtsa işğal etdiyi əraziləri itirəcək:

“Bunun nəticəsində Paşinyan hakimiyyəti də itirəcək, ölkədən qaçıb can qurtarmağa macal tapmasa, azadlığı da əldən gedəcək”.

Share: