Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli olmadığını bildirməsindən iki vacib nəticə çıxır.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi təhlilçi ilk növbədə onu bildirib ki, Kreml İrəvana təsir yolu ilə işğal altındakı 5 rayonun qeyd-şərtsiz azad olunmasında maraqlı deyil:

“Bunun yerinə yetirilməsinin şərtləri isə bizim üçün ağırdır. Ona görə də onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırkı fəallığı münaqişənin həllinə yönəlməyib. Onda məntiqi sual doğur: Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırkı intensivlik nə ilə bağlıdır, Sergey Lavrovu Bakı və İrəvana niyə göndərir? Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil. Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, Aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Prezident Putinlə Qarabağ məsələsini müzakirə etdiyini, lakin Putinin bu məsələnin həllinə ümid bəsləmədiyini bildirib.

Müstəqil.Az

Share: