Putinin Qarabağla bağlı son mesajlarının pərdə arxası

Putinin Qarabağla bağlı son mesajlarının pərdə arxası

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanmasının çətinliklərindən danışıb. O deyib ki, hər iki tərəfin öz həqiqətləri var. Asan həll yoxdur, düyün çox dolaşıqdır: “Bizim mövqeyimiz aydındır, Azərbaycana 5 və sonra 2 rayon qaytarılmalı, Qarabağda müəyyən rejimli zonalar yaradılmalıdır”.

Putinin fikrincə, tərəflərin maraqlar balansı bərabərləşsə, münaqişəni həll etmək mümkün olacaq: “Qarabağ probleminin sadə həlli yoxdur, hərənin öz həqiqəti var və vacibdir ki, Azərbaycanın və Ermənistanın maraqlarının balansı tapılsın”.

Bəs beynəlxalq hüquq, BMT nizamnaməsi və qətnamələri? Azərbaycan Ermənistanın hansı maraqlarını nəzərə almalıdır ki? Nəhayət, bu, o deməkdirmi ki, Rusiya yenə siyasi nizamlama prosesinə pəl vuracaq, ona görə ki, bunu onun maraqları tələb edir?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiya prezidentinin fikirlərində əslində konkret heç nə yoxdur: “Məlum olduğu kimi daha öncə Rusiya prezidenti Azərbaycanın ərazi bütövlüyü problemi olduğunu vurğulamışdı. Əgər Vladimir Putinin fikirlərini məntiqi ardıcıllıqla şərh etsək, o zaman ”erməni xalqının maraqları”nın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına işarə edildiyi qənaətinə gələ bilərik. Ayrı-ayrılıqda isə qısa fasilələrlə səsləndirilmiş bu fikirlər bir-birini təkzib edir. Əgər problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllindən söhbət gedirsə, o zaman Azərbaycanın qeyri-rəsmi və qeyri-hüquqi “Dağlıq Qarabağ” ərazi subyekti də daxil olmaqla, Ermənistanın işğal etdiyi bütün ərazilərimiz üzərində suveren hüquqlarımız istisnasız olaraq təmin edilməlidir.

Əgər məsələnin qarşılıqlı maraqlar müstəvisindən həlli gündəmə gətirilirsə, o zaman bu maraqların reallıqlar və şərtlər çərçivəsində həllindən söhbət gedə bilər. Reallıq da ondan ibarətdir ki, Azərbaycan üstün döyüş mövqeyindədir, işğal altında olan ərazilərinin bir hissəsini azad edib və işğala tamamilə son qoymaq iqtidarındadır. Azərbaycanın Ermənistan silahlı qüvvələrini öz torpaqlarından qovacağına artıq dünyada heç kim şübhə etmir. Bu baxımdan, “maraqlar müstəvisində həll variantı” da üstün mövqedə dayanan tərəfin şərtlərinin təmin olunmasıyla müşayiət olunmalıdır. Qalibin marağı qalib, məğlubun marağı isə məğlub kimi təmin edilməlidir. Əgər Rusiya prezidenti bu sadə məntiqdən kənarda hər hansı bir həll variantını nəzərdə tutubsa, bunun nə Azərbaycan, nə də müttəfiqləri tərəfindən qəbul edilməyəcəyi indidən bəllidir”.

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, ikinci Qarabağ savaşının bir xeyri də o oldu ki, Rusiyanı daha da yaxından tanıdıq: “Rusiyanı hələ də Azərbaycana dost sayanların, ümid edirəm ki, gözü açıldı. Putin son iki çıxışında, əsasən də sonuncu çıxışında işğalçı tərəflə işğala məruz qalan tərəfi eyniləşdirdi. Putin keçmiş peşəkar kəşfiyyatçıdır, keçmiş SSRİ xalqlarının tarixini gözəl bilir. O bilməmiş deyil ki, Dağlıq Qarabağa ermənilər çar dövründən köçürülüb. SSRİ-nin tərkibində də Qarabağda etnik təmizləmələri məhz ermənilər türklərə qarşı başlayıb. Sumqayıt hadisələri də ermənilərin provakasiyası idi. Bütün bunları gözəl bilə-bilə tarixi təhrif etmək hər şeyə aydınlıq gətirir. Həm də əməldə olmasa da sözdə Putin Rusiyanın Ermənistana müttəfiqliyində sadiq qaldığını göstərməyə çalışır. Ermənistanın hansı marağının olduğu ortadadır -Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamağa, Azərbaycanın tarixi və beynəlxalq birlik tərəfindən tanınan Dağlıq Qarabağ torpaqlarında qondarma qurumun mövcudluğuna çalışır. Azərbaycanın ərazi bütövlüyünü pozan, BMT qətnamələrini pozan, digər beynəlxalq konvensiyaları tapdalayan bu maraqla Azərbaycanın haqlı maraqları arasında heç bir balans yaranması axı mümkün deyil”.

Politoloqun sözlərinə görə, belə görünür ki, Rusiya prosesə pəl vurmağa sona qədər çalışacaq. Azərbaycanın haqq davasını dayandırmağa nail olmaq istəyəcəklər: “Lakin məncə, buna nail ola bilməyəcəklər. Gec-tez Rusiya da reallığı qəbul edəcək”.

Share: