Müstəqil.Az xəbər verir ki, Lyubov Kabayevanın milyonluq mənzili ortaya çıxıb. Onun Moskvanın elit yaşayış kompleksində mülkiyyət əldə etdiyi müəyyənləşib. Mənzilin 5 otağı var, ümumi sahəsinin 260 kvadratmeyr olduğu bildirilir. Putinin qayınanası bunun üçün 600 milyon rubl (təxminən 8 milyon dollar) ödəyib.
Mənzilin yerləşdiyi bina 1910-1911-ci illərdə inşa edilib. Burada əvvəldən lift qoyulub, su xətti çəkilib. İnqilaba qədər yuxarı mərtəbədə hüquqşünas Aleksandr Faberje yaşayırmış. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra bina kommunal yaşayış yerinə çevrilib.
Məşhur rus yazıçısı Mixal Bulqakov iki əsərində Preçistenka, 13 ünvanındakı binadan söz açıb. O, “Master və Marqarita”da Faberjenin yaşayış yerini “yaxşı olmayan mənzil” kimi təqdim edib. “İt ürəyi” povestində isə buranın professor Preobrajenskinin məskunlaşdığı bina kimi təsvirinə rast gəlmək mümkündür.
Lyubov Kabayeva mənzili 2015-ci ildə əldə edib. Yaşayış yeri ona “Qazprom”a bağlı olan “Teplo-İnvest” şirkətinin vasitəçiliyi ilə keçib. Rusiya mətbuatı yazır ki, Putinin qayınanasının gəlirləri belə bahalı mənzil almağa imkan vermir. Düzdür, ana Kabayeva “Kuntsevo” idman kompleksinin rəhbəridir. Amma həmin vəzifə qanuni yollarla 8 milyon dollar toplamağa şərait yarada bilməz.
Alina Kabayevanın Vladimir Putinlə münasibətlərinin dövlət başçısının böyük siyasətdə ilk addımlarını atdığı dövrdən başladığı ehtimal edilir. Gimnast hələ 2001-ci ildə “Yedinaya Rossiya” partiyasına üzv seçilmişdi. Bundan altı il sonra isə Dövlət Dumasının deputatı kimi səhnəyə çıxmışdı. Onda Kabayeva ildə 10 milyon rubl qazanırdı.
Mətbuat Putinlə münasibətlər haqda ilk dəfə 2008-ci ildə danışmışdı. “Moskovskiy korrespondent” ölkə rəhbərinin həyat yoldaşı Lyudmiladan ayrıldığını, gimnastla evlənməyə hazırlaşdığını yazmışdı. Həmin vaxt Putin ictimaiyyət qarşısında xəbəri təkzib etməli olmuşdu. Amma sonradan “Moskovskiy korrespondent”in yanılmadığı ortaya çıxdı və başqa media qurumları da xəbərin doğru olduğunu yazdılar.
Müstəqil.Az