Arxeoloq və tarixçi alimlər qədim və sirli-sehirli tariximizlə bağlı araşdırma apararkən müxtəlif qayalar, məzar daşları, eləcə də, maddi-mədəniyyət nümunələri üzərində mövcud olan çoxsaylı və bir-birindən maraqlı simvollar, əlamətlər və naxışlarla üzləşir, bunların sirrini açmağa çalışırlar. Ümumi baxımdan həmin simvol və ornamentləri həndəsi, antropomont, zoomorf və nəbati ornamentlər kimi təqdim etmək mümkündür.
Şəxsən mən də indiyədək qədim tariximizlə bağlı araşdırma apararkən maddi-mədəniyyət nümunələri (məzar daşları, məişət əşyaları, xalça və xalça məmulatları və s.) üzərində mövcud olan müxtəlif simvol və ornamentləri müşahidə etmişəm. Buna misal olaraq günəş, ay, sivastika, xaç və s. əlamətlər, on altı, on iki, səkkiz, altı və dörd guşəli simvollar, müxtəlif rəqəmli naxışlar, insan, heyvan və quş təsvirləri, fiqurlar və s. göstərmək olar.
Bəzən bu kimi simvol və ornamentlərin kənarından etinasız keçilsə də, yalnız diqqətli və tədqiqatçı alimlər bu sahəyə xüsusi diqqət ayırır, onları izah etməyə və mənasını incələməyə çalışırlar. Əslində bu kimi simvol və ornamentləri sıradan bir fiqur, əlamət və adi təsvir adlandırıb onun kənarından etinaszlıqla ötmək diqqətsizlik və səthi baxışın nümunəsi sayılır. Çünki əcdadımız, ulu dədə-nənələrimiz bu günkü nəsil kimi ağıl və düşüncə sahibi olmuş, bəzən yazılması münasib və ya mümkün olmayan dərinmənalı söz və fikirləri bu gün bir çoxlarının adi fiqur və əlamət kimi qələmə verdiyi həmin simvol, əlamət və naxışlarla ifadə etməyə, o vaxtkı və eləcə də, gələcək nəsillərə ötürməyə çalışmışlar. Ümumi baxımdan bu kimi simvol və ornamentlər əsrlər və bəzən min illərlə qədim tarixdən xəbər verən qeyri-maddi mədəni isr nümunələridir.
Bu baxımdan, tarixçi və tədqiqatçı alimlər bu mövzunu ciddi saymalı, onu imkan daxilində tutarlı nəzəriyyələr, elmi və məntiqi izahlar əsasında incələyib açıqlamağa çalışmalıdırlar. Sözün həqiqi mənasında bəzən bizim adi yanaşdığımız bu qəbil simvol, fiqur və əlamətlər əslində qədim tariximiz, mədəniyyət və folklorumuzla bir-başa əlaqədə olan qiymətli detallar, bəzən isə büsbütün qədim və sirli bir tarixin bəyanedicisi sayılır. Unutmayaq ki, bu qəbil simvol və ornamentlər həm də bir vaxtlar doğma yurdumuzda hakim olmuş və ya geniş yayılmış hansısa siyasi, ictimai, dini və s. özündə tərənnüm edir. Əlbəttə, bütün bunları yalnız yerlə və yer kürəsi ilə əlaqələndirmək də ən azından elm və bilgi azlığından irəli gələ bilər. Çünki bu arada göy və göy cisimləri ilə əlaqədar olan simvol və ornamentlərin sayı heç də az deyil.
Odlar Yurdu Azərbaycanın ayrılmaz hissəsi olan qədim və sirli-sehirli Muğan diyarının tarixi üzrə tanınmış tarixçi-tədqiqatçı alim hörmətli Elşad Əmənov bu sahədə diqdətçil alimlərdən biridir. Əslində Elşad müəllimi Muğan diyarının peşəkar arxeoloqu və tarixçi-tədqiqatçı alimlərindən biri olmaqla yanaşı, həm də bu sirli-sehirli diyardan tapılan qədim maddi-mədəniyyət nümunələri üzərində mövcud olan simvol və ornamentlərin ən məşhur və ən peşəkar tədqiqatçısı adlandırmaq lazımdır.
Bu dəyərli, həm də ziyalı alim bir çoxlarının ölü və dilsiz-ağızsız saydığı qədim maddi-mədəniyyət nümunələrini (daşları, qayaları və s.) sanki öz elmi bacarığı və diqqəti ilə dilə gətirib danışdırır, beləliklə də, qədim zamanlarda əcdadımızın hansı dünyagörüşü və hansı svilizasiyaya mənsub olduğunu aydınlaşdırmağa çalışır. Kənardan baxanda sözün əsil mənasında Elşad müəllimin sanki tarix və arxelogiya üzrə canlı və yeriyən bir institut olduğunu təsəvvür etmək mümkündür.
Hörmətli ustadımız Elşad Əmənov qədim Muğan tarixi üzrə peşəkar arxeoloq və tarixçi-tədqiqatçı alim olmaqla yanaşı, həm də bir çox insani və mənəvi dəyərlərin daşıyıcısı, doğma elimizin ləyaqətli ziyalısı və gözəl müəllimlərindən biridir. Vətənpərvərlik, Dövlətçilik, ziyalılıq, alimlik və dərin zəka Elşad Əmənovun əsas xüsusiyyətlərindən sayılır. O, malik olduğu bu dəyərlərə görə doğma Cəlilabad elinin müdrik ağsaqqallarından birinə çevrilərək hər zaman hörmətə layiq görülür.
Son zamanlar onun qədim maddi-mədəniyyət nümunələrimiz üzərində mövcud olan simvol və ornamentlərlə bağlı apardığı araşdırmalarını qələmə almaq niyyətində olduğunu bilib sözün həqiqi mənasında sevindim. Çünki Elşad müəllimin bu sahədə söz və fikir sahibi olduğu, həm də bu sahədə bir-birindən maraqlı fikirləri təqdim edəcəyi bir çoxlarına bəllidir.
Mən də əziz və hörmətli ustadım Elşad müəllim Əmənovun kiçik bir şagirdi olaraq bu görkəmli şəxsiyyət, peşəkar tədqiqatçı-tarixçi alim, hörmətli ziyalı və ləyaqətli müəllimə uzun və mənalı ömür arzulayır, bu işdə ona uğurlar və ardıcıl nailiyyətlər diləyirəm!
İlqar İsmayılzadə
İlahiyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
[email protected]
08.04.2022