Ədəbiyyat İnstitutunda “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq müəllif və onun yazdığı dissertasiyalar barəsində danışıb. Əjdər İsmayılovun həm fəlsəfə doktorluğu, həm də elmlər doktorluğu dissertasiyalarının Hüseyn Cavid irsinə həsr olunduğunu diqqətə çatdırıb. Eyni zamanda Əjdər İsmayılovun Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olaraq partiya yaranarkən onun Naxçıvandakı özəyinin ilk rəhbəri olduğunu xatırladıb.
Akademik kitabın məziyyətlərini belə ümumiləşdirib: “Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” layihəsi çərçivəsində “Turan Araşdırma Mərkəzi” İctimai Birliyi tərəfindən nəşr edilmişdir. “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı təkmilləşdirilmiş üçüncü nəşrdir və Əjdər İsmayılovun yaradıcılığını küll halında təsəvvür etməyə imkan verir. Müəllif otuz ildir bu işlə məşğuldur və alim bu fundamental kitabla ümumi terminologiyadan ümummilli terminologiyaya getdiyini sübut edə bilmişdir”.
Sonra AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Əliyev çıxış edərək Əjdər Tağıoğlunun bu kitabının mənbələr əsasında erməni yalanlarını ifşa etdiyini nəzərə çatdırıb. Belə kitabların xarici dillərə tərcümə olunaraq yayımlanmasının vacib olduğunu qeyd edib.
Təqdimat mərasimində akademik Möhsün Nağısoylu, tarix elmləri doktoru Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Elnur Kərimzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cəfərbəyli Yusif, yazıçı Yunus Oğuz kitab haqqında fikirlərini bölüşüblər.
Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov, kitabın çap olunduğu “Elm və təhsil” nəşriyyatının direktoru Nadir Məmmədli, Ədəbiyyat, Dil, Tarix və Qafqazşünaslıq İnstitututlarının əməkdaşları və digər ziyalılar da iştirak ediblər.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az