Qələminiz iti, kəsərli olsun
Mən yazıçı-publisist, Əməkdar jurnalist, Qərbi Azərbaycanın tərlanı hesab etdiyim Qədir Aslanovu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığım illərdən tanıyıram. Sosialist Əməyi Qəhrəmanı mərhum İbrahim Qurbanov Qədir Aslanov haqqında həmişə qürur hissi ilə danışırdı. Deyirdi ki, mən Cəlilabadda rayon partiya komitəsinin birinci katibi işləyərkən aramızda xeyli yaş fərqi olsa da, Qədir Aslanovu özümlə birlikdə Kislovodski sanatoriyasına apardım. Onun yaradıcılığına, səmimiyyətinə söz ola bilməz…
Qədir Aslanov Azərbaycan xalqının yetişdirdiyi, boya-başa çatdırdığı istedadlı bir insandır. Qürurlu, səxavətli, hünərli-təpərli, cəsarətli və ləyaqətli, böyük bir nəslin nümayəndəsidir. El arasında bu səksən yaşlı jurnalistə böyük ehtiram, hörmət göstərirlər. Bu ehtiramı, hörməti ilə xalq məhəbbətini o, öz ləyaqəti, cəsarəti, fitri istedadı, ağlı-fərasəti ilə bunlardan öncə də ali insanlığı, sadəliyi, səmimiyyəti ilə qazanıb.
Qədir müəllimin ömür yolu, bu yolda qazandığı uğurlar gözlərim önündədir. Bu mənalı ömrü vərəq-vərəq oxuyub, oxucuya çatdırmağı özümə şərəf sayıram.
Jurnalist, iyirmi il Qərbi Azərbaycanın Göyçə mahalında rayon qəzetində əməkdaş olan Qədir Aslanov insanlığı, ləyaqəti, cəsarəti ilə Basarkeçərin xətir-hörmətli, səxavətli, adlı-urvatlı ziyalılarından biri olmaqla yanaşı, nəsillərə örnək olan və milli-mənəvi dəyər xəzinəmizin ən qiymətli incilərindən sayılan “kişiliyi”, “kişi anlamını” yaşatmaq naminə kişi kimi yaşayan və bu qiymətli incini gələcək nəsillərə ərməğan edən bir insan olub.
Qədir müəllimin bədii bir dillə muncuq-muncuq ipə-sapa düzülən insani keyfiyyətləri, kiçik bir yazıya sığan deyil. O, müdriklik zirvəsində dayanan ağsaqqal, aqil, yazıçı, fədakar vətən oğlu, qeyrətli vətəndaş, qayğıkeş ata, hər kəsdən və hamıdan köməyini əsirgəməyən, xeyirxah insan kimi də yüksək mənəvi dəyərlərin daşıyıcısıdır.
Ulu Tanrı öz bəndəsini yaradanda bəzilərinə işıqlı sima, yüksək zəka, böyük mənəviyyat bəxş edir ki, onlarla rastlaşanda istər-istəməz insanın çöhrəsində təbəssüm, qəlbində sevinc hiss olunur. Belələrindən biri də 80 illik yubileyini qeyd etdiyimiz dəyərli ziyalı, böyük əxlaq və mənəviyyat sahibi, təbiət vurğunu, Qərbi Azərbaycana qayıdış həsrəti ilə yaşayan Qədir Aslanovdur. Onun bir yazıçı kimi gözəl təfəkkürü, ecazkar nitq mədəniyyəti, doğma və səmimi ünsiyyəti, nəcib əxlaqı, mehriban davranışı insanı heyran edir.
Qədir Aslanov 1988-ci ildən sidq-ürəklə Basarkeçər rayonunda çıxan “Bolluq uğrunda” qəzetində məsul vəzifələrdə çalışmış, vaxtaşırı “Sovet Ermənistanı” qəzeti ilə də əməkdaşlıq etmiş, tənqidi yazıları oxucular tərəfindən razılıqla qarşılanmışdır.
Sovetlər İttifaqı dövründə Qədir Aslanovun Zod qızıl mədəni ilə bağlı “Pravda” qəzetində reportajı dərc olunmuşdur.
Vətən müharibəsində tarixi qələbəmizdən sonra Qədir Aslanovun “Respublika” qəzetində Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Şuşa ilə bağlı yazıları dərc olunmuşdur.
24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü olmuşdur. Bu tədbirdən sonra “Respublika” qəzetində Qərbi Azərbaycana “Qayıdış konsepsiyası” ilə bağlı silsilə yazılar dərc olunur. Bu yazıların demək olar ki, hamısı Qədir Aslanovun qələminin məhsuludur.
80 yaşınız mübarək, Qədir müəllim!
Qoy həmişə ocağınız gur yansın!
Qələminiz iti, sözünüz kəsərli olsun!
Haqq səsiniz bulaq kimi çağlasın!
Tanrı sizə yardımçı olsun!
Qədir müəllim, sizinlə görüşümüz Göyçədə olsun.
Vahid Əziz
Xalq şairi