Bu gün Zəfər Paradının əzəmətli anları ömrümüzdən gəldi keçdi. Gerçəkdən də, tarixi anlar yaşadıq. Möhtəşəm parad idi. İki qardaş ölkənin liderinin öndərliyi ilə və iki qardaş orduların əsgərlərinin coşqu dolu iştirakıyla düşmən Ermənistan silahlı qüvvələri üzərində tarixi Qələbəmizi biz bu gün bir daha bütün dünyaya göstərdik. Biz bu müqəddəs və mübarək günü çox gözləmişdik. Yaxşı deyiblər ki, gözlədiyin gün gələcəksə, çəkilən əzablar müqəddəsdir.
Müstəqil.Az bildirir ki, bu sözləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Zəfər paradı ilə bağlı fikirlərini bölüşdürərkən deyib.
“10 dekabr Zəfər paradı son 101 il ərzində ilk qələbə paradımızdır. Sonuncu dəfə 101 il bundan öncə Cümhuriyyət ordumuz Şuşada qələbə paradı keçirmişdi. Bu gün Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə Milli Ordumuz tarixi yenidən yazdı. 44 günlük savaş nəticəsində əldə edilən qələbəmiz bu gün Azadlıq Meydanında Zəfər dastanımıza çevrildi.
Mən bu gün çox sevincli və qürurluyam! Həm partiya sədri kimi, həm Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi, həm məcburi köçkün kimi, həm də sadə bir azərbaycanlı kimi Azadlıq Meydanında gördüklərimdən böyük bir qürur hissi duydum. Belə tarixi anlarda insan öz hisslərinə hakim ola bilmir, dərin fəxarət hissləri keçirir. Sözün açığı, hətta bəzən “bəlkə, yuxu görürəm” deyə düşünürdüm! Amma yuxularımızın, Qarabağ həsrətli xəyallarımızın ömrü bitdi. Xəyallarımız gerçək oldu. Şükür, bu günlərə! Qarabağ torpaqlarında həm üçrəngli Azərbaycan bayrağı yenidən sancıldı, həm Azan səsləndirildi, həm də muğamımızın sədaları ucaldı.
Əminəm ki, bu gün bütün Şəhidlərimizin ruhları da Azadlıq Meydanındakı möhtəşəmliyə baxıb sevindilər, şad oldular. Bu gün bizimlə bərabər onlar da arzularına çatdılar. Bu gün hamımız qalib ölkənin vətəndaşlarıyıq! Qələbən mübarək olsun, Azərbaycan xalqı! Zəfər Paradın mübarək, Azərbaycan Ordusu! Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı!”
Müstəqil.Az