Həyatımızı nağılsız təsəvvür etmək olmur. İnsanlığın erkən dövrlərindən xəbər verən əsatirləşmiş keçmiş və ya keçmişin əsatirləri–çağdaş dünyada da tərbiyə sisteminin ilk pilləsidir. Ömrümüz dinlədiyimiz nağıllardan başlanır və yaş artdıqca həmin illərin özü də və bütövlükdə tarix də nağıla dönür.
Folklorun bu möhtəşəm janrı min illərdir ev-ev, ailə-ailə dolaşır və eyni zamanda yazılı ədəbiyyatın əsas qaynaqlarından biri olaraq qalır. Bir çox böyük söz sahibinin, dahi şair və nasirlərin dünyaca məşhur əsərləri nağıl motivləri və ya ideyaları əsasında, nağıllardan gələn bədiiyyat üsulları və vasitələri ilə qələmə alınmışdır. Texniki inqilablar, kəşflər dünyanın sirlərini və sehirini azaltdıqca və adiləşdirdikcə də sehili nağıllara maraq azalmır, əksinə kəşflərin və texniki inqilabların öz yeni nağılları yaranır, köhnə mifik təfəkkürlə təzə fantastik təxəyyül birləşir.
Buna görə də müasir ədəbiyyatda yeni nağılların yaranması heç kimi təəccübləndirmir, əksinə məktəbdən, balacaların tərbiyəsindən, uşaq ədəbiyyatından söhbət gedərkən indinin nağıllarına olan ehtiyac həmişə vurğulanır; dünyanın hər yerində uşaq ədəbiyyatinın yaranmasına və nəşrinə özəl bir qayğı ilə yanaşılır.
ADA Universiteti məni tələbələrlə onlayn görüşə dəvət etmişdi və tanışlıq zamanı Universitetin əməkdaşı Günel Əsgərova ingiliscə uşaqlar üçün nağıllar yazdığından; mövzusu Azərbaycan həyatından alınan bu nağılların maraqla qarşılandığından və hətta ingiliscə yazdığı kinosenarısının Kanadada keçirilən bir müsabiqədə yüksək yer tutduğundan, rejissorların diqqətini cəlb etdiyindən danışmışdı.
Gənc yazıçının ötən il “Radius” nəşriyyatında ana dilimizdə nəşr edilmiş “Xanın üç qızı” adlı kitabı da məhz nağıl olduğuna, həm də Qarabağ xanının qızlarının nağılı olduğuna görə diqqətimi cəlb etdi. Bu marağı artıran həm də içimdəki sual idi, gənc bir xanım Xanlıqlar dövründən nə yaza bilər və yazdığına nağıl demək olarmı?
Kitabın nəşriyyat təqdimatında yazılır:”…bu nağıl uşaq və böyük olmasından asılı olmayaraq, oxucunu ətraflı düşünməyə çağırır, hər kəs onda yeni və ruhuna yaxın nəsə tapa bilir, çünki Günelin nağılları psixoloji məqamlar üzərində qurulub, dünya mifologiyası və antropologiyası elementlərinə malikdir, tarix, incəsənət, coğrafiya, mədəni və mənəvi dəyərlər baxımından əhatəlidir və hər kəs üçün anlaşılan hisslərin dilində qələmə alınıb.”
Gənc müəllifin ilk nağıl kitabı üçün yetərincə ciddi dəyər və iddəadır və bəri başdan deyim ki, əsassız deyi.
Kitab “Biri vardı, biri yoxdu…” gələnəksəl nağıl girişi ilə başlanır və sonadək şirin, sadə və dramatik nağıl üslubunu qoruyub saxlayır.
Biz hökmdarlar və onların üç oğlu, böyük qardaşların fərasətsizliyi, kiçik qardaşın dürüstlük, ağıl və qəhrəmanlıqla bütün çətinliklərdən çıxması haqqında çox nağıl bilirik. Lakin onlardan fərqli olaraq Günel Əsgərovanın nağılında hökmdarın üç oğlundan yox, üç qızından söhbət gedir. Bununla müəllif başlanqıcdan çağdaş dünyanı din və coğrafi fərqlərə görə üz-üzə qoymağa çalışan yanlış və yad düşüncənin Şərq qadınlarına qarşı biçimləndirməyə çalışdığı streotiplərə qarşı çıxır və hətta xanlıqlar dövründə Azərbaycan-türk ailəsində qızların azad böyüdüklərini, yüksək təhsil-tərbiyə aldıqlarını, oğlanlarla bir cərgədə döyüşə bilmək qabiliyyətlərini, güclü və cəsarətli olduqları qədər də ağıllı və bilgili olduqlarını önə çəkir.
Günel Əsgərovanın nağılında Qarabağ hökümdarı Əhməd xanın hakimiyyətini davam etdirəcək, torpaqlarına və var-dövlətinə sahiblənəcək varisi, yəni oğlu yoxdur. Bu, Əhməd xandan sonra xanlığa və onun sərvətinə əl qoymaq arzusunda olan qonşuları şirnikləndirir.
Lakin Əhməd xanın oğlu olmasa da, üç gözəl qızı var: boylu-buxunlu, cəngəvar ruhlu, uşaqlıqdan döyüşün, hərb sənətin sirlərini öyrənmiş Xəzri; təbiətin və sənətin sirlərini bilən, çaldığı kamanı təbiət dilində danışdırmağı, quşlar kimi oxutmağı bacaran Mələk və nəhayət, dərin ağlı və gözəlliyi ilə seçilən, elmlərə yiyələnmiş, özəlliklə ən çətin tapmacaların cavabını asanlıqla tapan kiçik baçı, müdrik Banu…
Nağıl bu janrda geniş yayılmış bir ideyaya- xeyirlə şərin, azadlıq tərəfdarları ilə işğalçıların, öz torpağını sevən və qoruyan insanlarlarla-insanlığa düşmən kəsilmiş Təpəgözün arasında mübarizəyə həsr edilmişdir. Bu, folklorun əbədi konularından biridir…
Lakin Təpəgöz obrazında Günel Əsgərova konkret olaraq Azərbaycanın düşmənlərinı nəzərdə tutur. Nağılın ən maraqlı tərəfi bütün rəqiblərini əsir edən, bölgəyə fəlakət gətirən bu şər simgəsini məhz xanın qızlarının məğlub etməsidir. Məncə, Günel xanımın uşaq yazıçısı kimi uğur və istedadı burada meydan çıxır…
Öz hiyləsi, sehirbazlığı, qırmızı çaqqalları, əcaib səslər çıxaran quşları və nəhayət cavabsız tapmacaları ilə bütün ətraf xanları yenən, torpaqlarını işğal edən, ordularını, sərkərdələrini əsir götürən, onları unutqanlığa məhkum edən Təpəgözün bu qeyri-adı gücü və imkanları qarşısında üç bacı, xanın üç gözəl qızı neyləyə bilər?
Nağıllarda hər cür şərtilik, gözlənilməz təbiət möcüzələri, ilahi qüvvələrin işə qarışması məqbuldur və başa düşüləndir. Müəllif bu qüvvələrın köməyi ilə nağılın zərif qəhrəmanlarını qələbəyə apara bilərdi; lakin o belə bir asan yoldan imtina edir, bacılar və onların yeraltı məkanda yaşayan və bütün doğmaları Təpəgözə əsir düşmüş dostları Balaca çox çətinlikləri adlayıb Təpəgözün düşərgəsinə gəlirlər. Bu yolun müxtəlif mərhələləri və çətinlikləri var və bu mərhələnin hər birində bacılardan birinin qabiliyyəti-Xəzrinin döyüşkənliyi, Mələyin musiqisi və bütün səsləri eşidib duyması və nəhayət Banunun ağlı parlaqlığı ilə üzə çıxır. Burada Günel Əsgərovanın həm də özünün folklor, tarix. təbiət, kimya sahəsindəki bilgiləri Xan qızlarını qələbəyə aparan yolun inandırıcı təsvirinə imkan yaradır. Çaqqalların qoxu bilmə qabiliyyətinə qarşı Balacanın istifadə etdiyi Ayçiçəyi tozu, Təpəgözə güc verən sehirli daş və onu kiçildən duz, nəhayət Təpəgözün ən əsas tələsi sayılan tapmaca və onu Banunu cavablandırması müəllifin ciddi bilik və istedadından, bu janr üçün tələb olunan geniş fantaziyasından, nağılyazma üsullarını dərindən bilməsindən xəbər verir.
Nağılın təhlilini burda dayandırıram. Birincisi ona görə ki, nağıllar və bir sıra folklor növləri ənənəvi təhlilə sığmır. İkincisi də məşhur“Minbir gecə” də olduğu kimi, nağılların incələnməsi də yarıda—ardını dinləmək həvəsinin güclü yerində saxlanılmalıdır ki, oxucu gedib nağılın özünü tapıb oxusun!
Günel Əsgərova nağıllarını üç dildə- ana dilində, rusca və ingiliscə yazır. Bu da gənc nəsil yazarlarımızın bir özəlliyidir və gələcəkdə həm də tərcümə işinin inkişafına, ədəbiyyatımızın öz yazarlarımız tərəfindən, orijinaldan xarici dillərə tərcüməsi üçün yeni yollar aça bilər.
“Xanın üç qızı” nəfis şəkildə nəşr edilmişdir. Rəssam Zemfira Novruzovanın tərtibatı və illistrasiyaları yüksək səviyyədədir və folklor ənənələrimizə, kitab rəssamlığı ənənlərimizə yeni rəng qatır.
Günel Əsgərovanın nağılı Azərbaycan əsgərinin Qarabağda erməni işğalçıları üzərində parlaq qələbəsindən əvvəl yazılıb, lakin xan qızlarının Təpəgözü zərərsizləşdirib öldürmələri də elə qələbə ruhundan doğulub və xalqımızındaim daim bu ruhla yaşadığının təsdiqidir. Ədəbiyyatımız müasir mövzulu əsərlərdən tutmuş nağıllara qədər bütün imkanları ilə həmişə xalqın inamını diri saxlayan, qələbəyə ilhamlandıran vasitələrdən biri olmuşdur.
“Xanın üç qızı” Günel Əsgərovanın istedadının ciddi göstəricisidir.Ondan yeni nağıllar gözləyir və bu yolda ona uğurlar arzulayırıq.
Sabir Rüstəmxanlı
Xalq şairi
9 mart, 2021.
Müstəqil.Az