22 iyul Milli Mətbuatımızın yaranma günüdür. Hər il bu günü sevinclə qarşılayıram. Üzüm gülsə də, amma əlimdə qələm üşüyür.
Lap qızmar günəşin altında olsam belə, lap dəbdəbəli evdə yaşasam belə, yenə əlimdə qələm titim –titim titrəyir.
Mənə elə gəlir bütün yazarların qələmi üşüyür.
Bəs necə edək, bu qələmi necə qızdıraq?
Qəzetlər mütamadi çap olunur, saytlar hər dəqiqəyə bir xəbər yayır.
Amma qələm şüyür.
Ölkədə və dünyada baş verən hadisələr, içimai –siyasi xəbərlər, mədəni – ədəbi yazılar, bədbəxt hadisələr, intiharlar, avto- yol qəzaları hər an bizi yaxalayır. Kədərlənirik, sevinirik, gülürik, 40 dərəcə istidə yanırıq.
Yenə qələm üşüyür.
Qələmin üşüməyi təkçə özüylə başlayıb özüylə bitmir. Qələmdən keçib misra üşüyür, misradan şeir, şeirdən kitab, kitabdan kitabxana, kitabxanadan şəhər, şəhərdən ölkə üşüyür.
Üşüyür qələm.
Indi bizim peşə bayramımızdı. Jurnalist günü. Qələm günü. Yazı günü. Mətbuat günü. H. B. Zərdabi günü.
Junalist günü üşüyür, qələm günü üşüyür, yazı, köşə günü üşüyür, H. B. Zərdabı günü üşüyür.
Görən əlimizdə niyə üşüsün qələm? İki barmağın arasında sevgi ilə sıxılan, arteriya damarları vasitəsilə qızan bu qələmin, bu qaraqaşlının, bu qara gözlünün dərdi- qəmi nədir belə?
Həsrət şeirləri yazdı, üşümədi.
Yarı – yara qovuşdura bilmədi, yenə üşümədi.
“Leyli və Məcnun”u yazdı, heç titrəmədi, dərisi soyuldi, çıqqırını çıxarmadı, zindanda yatdı, inildəmədi. Bəs niyə bu 22 iyul günündə bu qədər üşüdü qələm?
Qləmdana qoydum, kirimədi qələm.
Nəfəsimlə isitdim, dedim bəlkə mürəkkəbi donub, yenə sakit olmadı qələm.
Sevgi şeiri yazdım, şeirdə vüsaldan dəm vurdum, yarın dodaqlarından söhbət açdım, dosta məktub yazdım, məktubu quş dimdiyində yolladım, yenə kirimədi qələm.
22 iyul günündə bizim bayramımızda, sevincimizdə, vüsalımızda gərək üşüməsin qələm.
Axı qələm niyə üşüməsin?
Şuşanı Azərbaycana qaytara bilmir qələm.
Xocalı yasına batıb qələm.
Balaca Zəhranın yasına batıb qələm.
General Polad Həşimovun dərdini çəkə bilmir qələm.
Bəs qələm niyə üşüməsin?
Kaş gələn il – 22 iyulda üşüməsin qələmimiz.
Şuşanı Azərbaycana yazsın qələmimiz. Generalın yerdə qalan qanını göyə qaldırsın qələmimiz. Amin!