Qələminin mürəkkəbi şəhid qanına bərabər alim…

Qələminin mürəkkəbi şəhid qanına bərabər alim…
(Nəsiman Yaqublunun 60 yaşı münasibəti ilə gecikmiş təbrik…)

O qədər təvazökardır ki, bu ilin fevral ayının 22-də 60 yaşının tamam olmasını hamıdan gizlədib. Amma nə dəxli var ki, bu il onun üçün yubiley ilidir. Və biz dostların gec də olsa onu təbrik etmək borcumuz var…

Geniş təxəyyülə malik, dərin düşüncəli, dəyişikliklərə meyilli, öz dünyası olan birisidir. Araşdırma, tədqiqat onun ən çox sevdiyi fəaliyyət növləridir. Öz hisslərini sərbəst ifadə etməyi bacarır. Cəsarətli və qorxmazdır. Heç təəccüblü deyil ki, diskomforta, rahatsızlığa qarşı dözümlüdür. Ona xas olan şəfqət hissi heç də təxəyyülündən geri qalmır. Diqqətli, kövrək və mərhəmətlidir. Necə deyərlər, kimsə ağrıyır və ac qaiıbsa, kiməsə soyuq və ya istidirsə, o, bunu tamamilə öz üzərlərində oiduğu kimi aydın, canlı şəkildə hiss edir…
Haqqında söhbət açdığım Nəsiman Yaqublu 1962-ci ildə Zəngilan rayonunda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə oranı bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. Tarix elmləri namizədidir. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını ərsəyə gətirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın, o cümlədən “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” adlı kitabın müəllifidir…
Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir don geyindirilmədən, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsinə həvalə edilir. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdəndir…
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışır. 2001-ci ildə tarix elmləri namizədi, 2014-cü ildə tarix elmləri doktoru alimlik dərəcələrinə layiq görülüb…
Hərəkət onun üçün çox vacibdir. Daim axtarışdadır. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirir. 30 ildən çox olar ki, M.Ə.Rəsulzadə irsinin tədqiqinə vaxt ayırır. Bu mövzuya sədaqətlidir. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlir. Onun ərsəyə gətirdiyi hər bir əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır…
Burada İslam peyğəmbərinin bir kəlamı yada düşür- “Alimin qələminin mürəkkəbi şəhid qanına bərabərdir.” Bəli, tarix elmləri doktoru Nəsiman Yaqublu Azərbaycan üçün məhz belə alimlərdəndir…
Əziz və hörmətli, böyük ürəkli, araşdırmaçı alim Nəsiman Yaqublu, sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, həyatda və fəaliyyətinizdə uğurlar arzulayıram.
Yaşa, yaşa, yaşa!
Hörmətlə, Elman Eldaroğlu
Share: