Kulis.az Aydın Arslanın yeni şeirlərini təqdim edir.
Allaha məktub…
Salam. Nigar olma, çayımdan, çörəyimdən.
Həmd olsun ki, əlini çəkmirsən kürəyimdən.
Bu gün bir şeir çıxar şəninə ürəyimdən,
Allah haqqı, sənin də xoşuna gələr Allah.
Qəribədir insanlar, qəribədi bu bəşər,
Doğrusu, bundan sonra çətin ki, gözəlləşər.
Bir gün ölər bu bəndən, bir gün ehsanı bişər,
Hayına gəlməyənlər, aşına gələr, Allah.
Eşqindən doğulubdur bütün ülvi sevgilər.
Ağlatdığın kiriməz, güldürdüyün hey gülər.
“Ol” dediklərin oldu, “öl” dediklərin ölər,
“Qal” dediklərin Nuhun yaşına gələr, Allah.
Nə azdı oyaq olan, necə çoxdu yatanlar.
Hamısı məğlub oldu fələklə zər atanlar.
Sənin qapından ayrı qapıya üz tutanlar,
Başı dəyər əhlətin daşına, gələr, Allah.
Xar olsun o bəndə ki, nemətlərini danır,
Verdiyin ruziləri özü qazandı sanır,
Qəlbim sənin evindi, İlahi, evin yanır,
Yardıma səndən özgə, boşuna gələr, Allah.
Sonda bir xahişim var, rəhm et, cavan yaşıma,
Əlinə nə qəm keçir, taleyimə daşıma.
Yoruluram, bu qədər oyun açma başıma,
Allaha acıq gedər, başına gələr Allah…
***
Seçib ən dəyərli oğullarımı,
Uca bayrağına bükmüşəm, Vətən.
Torpağın gülşənə çevrilsin deyə,
Müqəddəs qoynuna əkmişəm, Vətən.
Varlığınla varam, ulu dövlətəm,
Dəli bir sevdayam, saf məhəbbətəm,
Xalqam, camaatam, qara millətəm,
Uğrunda qanımı tökmüşəm, Vətən.
Səni əlim sanıb, gözüm bilmişəm.
Əl nədir, göz nədir, özüm bilmişəm.
Cehizi qayıdan qızım bilmişəm,
Həmişə dərdini çəkmişəm, Vətən…
***
Mən onda qayğısız, onda şən idim.
Gölə qarğıçalan, yereşən idim.
Özüm öz kölgəmlə güləşən idim,
Bol idi yanlışım, xətam, ay atam.
Qanmaz çocuq idim, qanı qaynayan,
Səhərdən -axşama gülən, oynayan,
Kədər tanımayan, acı duymayan,
İndi dərd önündə matam, ay atam.
Hər gələn yeni gün, qəmi gətirir,
Doldurur bir yekə gəmi, gətirir,
Qalmır bir kəsiri, kəmi, gətirir,
Gətirmir naxışım, butam, ay atam.
Erkən yarpaq töküb, solmağa nə var?
Yaş olub gözümə dolmağa nə var?
Qanmazın atası olmağa nə var?
Gəl indi atam ol, atam, ay atam…