Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Urgənc Dövlət Universitetinin “Fəxri professoru” ünvanına layiq görülüb.
Müstəqil.az xəbər verir ki, “Fəxri professor” ünvanı ona Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində adıkeçən universitetdə keçirilən tədbirdə təqdim olunub.
Universitetin rektoru Prof.Dr.Baxram Abdullayev Özbəkistan Təhsil Nazirliyinin qərarı ilə Qənirə Paşayevanın universitetin fəxri professoru adına layiq görüldüyünü bildirib və bununla bağlı müvafiq sənədi Qənirə Paşayevaya təqdim edib.
Q.Paşayeva bu təltifə görə təşəkkür edib: “Bu, mənimçün çox mühüm təltif, məsuliyyətli etimaddır. Bu fəxri adın şərəfi qədər məsuliyyəti olduğunun fərqindəyəm. İcazənizlə Urgənc Dövlət Universitetinin “Fəxri professoru” ünvanını iki qardaş ölkə arasında elm, mədəniyyət sahəsində xidmətlər göstərmiş ustadları rəhmətlə yad edərək, yaşayan elm, mədəniyyət və ictimai xadimlərimizə sayğılarımızı ifadə edərək, qəbul edim.
Çox şadam ki, qardaş ölkələrimiz arasında bütün əməli faəliyyət sahələri üzrə, o cümlədən mədəni-humanitar sahədə əlaqələr inkişaf edir. Artıq fəxri professoru olduğum bu universitetlə Azərbaycanın ali məktəbləri arasında müəllim və tələbə mübadiləsinin aparılması zəruriliyini dərk edərək, çalışacağam ki, öz töhfələrimi verim”.
Komitə sədri bildirib ki, “Özbəkistanın hər bölgəsi Azərbaycan üçün əzizdir, lakin bu sırada Xarəzmin özünəməxsus yeri vardır. Xarəzmlə Azərbaycanı, Azərbaycan ziyalılarını yaxından maraqlandıran möhkəm bağlar vardır:
“Tarixdən məlumdur ki, Naxçıvan xanı Cəlaliyyə sonuncu Xarəzmşah Cəlaləddin Manquberdinin nişanlısı olub. Cəlaləddin Manquberdi xəyanət nəticəsində öldürüldüyündən onlar evlənə bilməyib. Bu haqda məlumatlar Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Cəlaliyyə” tarixi povestində əks olunub.
Ziya Bünyadovun Xarəzmşahlarla bağlı akademik araşdırmasının özbək alimləri arasında çox populyar olduğunu, Xarəzm doğumlu alimlərin masaüstü kitabı olduğunu eşitmişik.
Azərbaycanın və Özbəkkistanın ortaq dəyəri Maqsud Şeyxzadə Xarəzmşah Cəlaləddinin obrazını yaradıb.
Bizlər ortaq tarix biliuncini inkişaf etdirməli, ortaq keçmişdən ortaq gələcəyə gedən yolda yürüyən gənc nəsillərin təlim-tərbiyəsinə öz töhfələrimizi verməliyik.
Bir daha bu, şərəfli və məsuliyətli təltif üçün təşəkkür edir, hər birinizə uğurlar diləyirəm”.(Modern.az)