Qərb Cənubi Qafqazı qütblərarası toqquşma platformasına çevirməkdə israrlıdır

Qərb Cənubi Qafqazı qütblərarası toqquşma platformasına çevirməkdə israrlıdır

Qərb Cənubi Qafqazı qütblərarası toqquşma platformasına çevirməkdə israrlıdır

Qərb kluarlarında Ermənistana təhlükəsizlik qarantiyasının verilməsi barədə müzakirələr bir daha göstərir ki, ABŞ və Avropa İttifaqının timsalında Qərb subyektləri Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirməkdə maraqlıdır.

Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, aydındır ki, Qərb Avropa İttifaqının “monitorinq” missiyasının ardınca əvvəldən planlaşdırdığı kimi, indi də Cənubi Qafqazda hərbi cəhətdən mövcudluğunu hədəfləyir: “Ermənistanın təhlükəsizliyinin qarantoru qismində ABŞ, yaxud Fransa hərbçilərinin regiona gəlişi isə, heç şübhəsiz ki, Bakı və İrəvanın heç vaxt bu qədər yaxın olmadığı sülh perspektivlərini faktiki heçə endirir. Bir sözlə, Brüsseldə regionda yeni təhlükəsizlik konfiqurasiyası barədə gizli dialoq hansısa təhlükəsizlik qarantiyasının yaradılması və beləliklə də, Azərbaycanla Ermənistan arasında yekun sülhə nail olunmasına yox, məsələnin Qərbin arzuladığı formada, birtərəfli qaydada həll edilməsi cəhdidir. Əlbəttə, bu, Azərbaycana qarşı atılan addım olmaqla milli maraqlarımıza ciddi təhdiddir. Lakin, eyni zamanda uzunmüddətli perspektivdə İrəvana da heç nə vəd etmir. İlk növbədə, mövcud plan regionda Azərbaycanın qələbələrindən sonra oturuşmaqda olan təhlükəsizlik sxeminə ciddi zərbə vurmaqla ciddi partlayışa və xüsusən anriterror tədbirlərinin ardınca formalaşmaqda olan sülh gündəliyi və regional təhlükəsizliyə böyük zərbə ola bilər. Əlbəttə, proseslərin bu arzuolunmaz istiqaməti bizi təəcübləndirmir. Cənab İlham Əliyevin andiçmə mərasimində də bəyan etdiyi kimi, “Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar”. Lakin Azərbaycan bütün ssenarilərə hazırdır və elə dövlət başçısının qeyd edilən nitqində də ifadə olunduğu kimi, Azərbaycan üçün hər hansı bir təhlükə görünmür, “çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”. Bu mənada, xüsusən Paşinyan hakimiyyəti yaxın 4 illik tarixdən nəticə çıxarmalı və başa düşməlidir ki, heç kim min kilometrlərlə kənardan gələrək Ermənistan üçün təhlükəsizlik qarantoru ola bilməz. Necə ki Vətən müharibəsi və antiterror tədbirləri, eləcə də bundan sonra da milli mənafelərin müdafiəsi naminə heç kəs Azərbaycanı dayandıra bilməz. Bu mənada, Ermənistan anlamalıdır ki, cari ssenaridə sadəcə vasitədir və prosesdə Qərbin alətinə çevrilərsə, heç şübhəsiz ki, bu ölkə Ukraynanın taleyini yaşamağa məhkum olacaq”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Qərb üçün isə ukraynalılar kimi, erməni xalqının da hansı məhrumiyyətlərlə üzləşə biləcəyinin önəmi yoxdur, əsas məqsəd Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaqdır: “Son zamanlar Paşinyan komandasının ayrı-ayrı üzvlərinin Rusiya qoşunlarının Ermənistandan çıxarılması barədə tələbləri, habelə Ermənistanın KTMT-dən çıxmasına dair siyasi gündəm də məhz bu planın tərkib hissəsidir. Heç şübhəsiz ki, hələ təmkinli görünən Rusiya artıq gözləməyərək Ermənistanın anlayacağı dildə sükutu pozacaq. Bundan başqa, Ermənistanın son 30 ildə əsas hərbi-siyasi müttəfiqlərindən olan İran da bu prosesdən narahatdır və Tehran haqlı olaraq baş verənləri öz təhlükəsizliyinə ciddi təhdid hesab edir. Bu isə o deməkdir ki, Qərb Ukraynadan fərqli olaraq Ermənistanda qarşısında yalnız Rusiyanı görməyəcək. Təsadüfi deyil ki, artıq İranın xüsusi xidmət orqanlarının Ermənistanda tədricən möhkəmlənməyə başlaması barədə məlumatlar yayılır. Görünən odur ki, ABŞ başda olmaqla, Qərb dövlətləri dünyanın bir sıra nöqtələrində olduğu kimi, Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirərək bölgəni qütblərarası toqquşma platformasına çevirmək, yeni münaqişə ocaqları yaratmaqda israrlıdır. Aydındır ki, bölgədə əməliyyat şəraitinə nəzarət edən Bakı bu toqquşmanı Azərbaycan-Ermənistan sərhədinə buraxmayacaq. Eyni zamanda harada yerləşməsindən asılı olmayaraq mənafelərimizi hədəfə alan təhdid beynəlxalq hüququn normaları rəhbər tutularaq məhv ediləcək. Belə bir situasiyada, görünən odur ki, Ermənistanda, Gümrü, Armavir, Artaşat, İrəvan və Meğridə Rusiyanın 5 hərbi bazasının mövcudluğu şəraitində qarşıdurma böyük ehtimalla elə Ermənistanın özünün daxilində baş verə bilər ki, bu artıq 106 illik erməni dövlətçiliyinin sonu demək olacaq”.

Share: