Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində xalqımızın tarixi keçmişi ilə bağlı uzun müddət gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Ən əsası, vaxtilə bizim olanları, amma tarixin gedişi ilə əlimizdən alınanları özümüzə geri qaytarırıq. Tarixin və zamanın gedişatını öz xeyrinə dəyişən müstəqil Azərbaycan 2020-ci ildə 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytarmağı bacardı, bundan cəmi 3 il sonra isə suverenliyini tam bərpa etdi. İllərdir beynəlxalq tribunlarda müzakirə edilən münaqişəyə Azərbaycan öz gücü ilə son qoydu. Zəfəri ilə regionda yeni reallıq yaradan dövlətimizin qarşısında digər hədəflər vardır. Bu hədəflərdən biri də Qərbi Azərbaycan məsələsidir. Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi Prezident İlham Əliyev siyasətinin bir hissəsi və uğurlu addımıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Tarixə ekskursiya edən deputat 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasının qoyulduğunu diqqətə çatdırıb: “Bundan sonra torpaqlarımızın zəbtinə başlanıldı. Qısa bir müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
Torpaqlarımızda gözü olanlar xalqımıza qarşı dəfələrlə soyqırımı törədiblər, insanlarımız işgəncələrə məruz qalaraq öz doğma ev-eşiklərindən didərgin düşüblər. SSRİ-nin süqutundan istifadə edən və illərdir hazırladıqları “Böyük Ermənistan” ideyasını həyata keçirməyə cəhd edən ermənilər qərbi azərbaycanlıların növbəti deportasiyasını 1988-ci ildə reallaşdırdılar. Beləliklə, XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmayıb. Həmçinin ermənilərin tarixi torpaqlarımızda törətdikləri vandalizm aktları nəticəsində tarixi, dini və mədəniyyət abidələrimiz məhv edilib”.
M.Abbaszadə deyib ki, tarixi faktlar Cənubi Qafqazda heç vaxt erməni dövlətinin mövcud olmadığını sübut edir: “Ermənilər xalq olaraq eramızdan əvvəl XII əsrdə Trakyadan Kiçik Asiyaya köçüb gəliblər. Köçürülən ermənilərin indiki erməni etnosu ilə əlaqələri olduqca ötəri olub. Hələ 1893-cü ildə Göyçə gölünün sahillərində Gölkənd yaxınlığında eramızdan əvvəl VIII əsrə aid yazılar tapılıb və bu yazılarda Urartu çarının İrəvan adlı yeri fəth etməsindən danışılır. Bu da sübut edir ki, həmin ərazidə qədim türklər yaşayıblar. Çar Rusiyasının işğalı dövründə hərbi topoqraflar tərəfindən tərtib edilmiş xəritələrdəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir və bu, ermənilərin Cənubi Qafqazın yerli etnik qrupu – ən qədim yerli əhali olmadığını sübut edir. Cənubi Qafqazın ən qədim yerli əhalisi bu toponimlərin mənsub olduğu aborigenlər – azərbaycanlılardır.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə yeni icma binasında görüşüb, onların qarşısında mühüm vəzifələr qoyub. Dövlətimizin başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri müəyyənləşdirib. Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu və bunu sübut edən faktlar və xəritələr olduğunu vurğulayıb. Təsadüfi deyil ki, 1903-cü ilə aid olan coğrafi xəritədə əks olunan köhnə yer adları türk mənşəlidir”.
Deputat bildirib ki, dövlətimizin başçısının Azərbaycanın tarixi toponimiyası ilə bağlı verdiyi xüsusi tapşırıqlar əsasında mühüm işlər görülür, xəritələr, kitablar çap olunur: “Onlardan biri 2022-ci ildə çap olunan “Azərbaycan tarixi xəritələrdə” atlasıdır. Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlanması isə mühüm işlərdən biridir. Ermənistanın Qərbi Azərbaycanda törətdikləri vandalizm aktlarının, tarixi, dini və mədəniyyət abidələrinin dağıdılmasının dünya ictimaiyyətinə olduğu kimi təqdim edilməsi istiqamətində mühüm işlər görülür. Biz ədalətli mövqeyimizi bütün dünya ictimaiyyətinə çatdırmaqla Qərbi Azərbaycana qayıdışı təmin etməliyik. Qərbi Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistan dövlətinin ərazisində yaşayanlar bilməlidirlər ki, onlar bu torpaqların əsl sahibi deyillər”.