Sevda Sultanova yazdı
Martın 8-i paytaxtda feministlərin aksiyasından çəkilmiş videolara gələn şərhlər ölkəmizdə feminizm hərəkatının cəmiyyətə təsiri, yaratdığı təsəvvür, ideyalarının topluma nə qədər nüfuz etməsi baxımından maraqlıdır. Şərhlərdən ehtimal etmək olar ki, feminizmə ünvanlanmış tənqidlər eyni mənbədən verilən “hücuma keç” əmri ilə yazılmayıb.
Yəni trol ritorikası deyil. Çünki bir qayda olaraq trolların cümlə quruluşu, strukturu, pafosu oxşardır. Bu mənada şərh müəlliflərinin əksərinin sıravi insanlar olduğuna şübhə eləmirəm.
Beləliklə, dörd müxtəlif media qurumunun aksiyadan paylaşdığı videolara gələn şərhlərin yüngülvarı monitorinqini apardım. Trol kimi şübhə doğuranların fikirlərini isə nəzərə almadım.
200-ə yaxın şərh arasında feministləri təqdir edənlərin sayı onları tənqidlə qarşılayanların sayından nəzərəçarpacaq dərəcədə azdır.
Şərhləri motivinə görə qruplaşdıranda belə bir nəticə alınır:
– Feminizmi abırsızlıq, bədən satmaq, homoseksualizmin təbliğatı kimi anlayanlar.
– Feminizmin mahiyyətini, qadın hüquqlarının konkret nədə təzahür olunduğunu başa düşməkdə çətinlik çəkənlər. Çünki bu adamlara görə ölkəmizdə qadın hüquqları qanunda və gerçəklikdə əksini tapıb.
– Feministləri ədalətsiz, qeyri-obyektiv yanaşmada suçlayanlar. Onların fikrincə, kişilərin hüquqları daha çox pozulur. Şərhlərdən biri: “Nə sizin əlinizdən avtobusda oturmaq olur, nə də mağazada növbədə dayanmaq. Kişilər bir neçə işdə işləyirlər ki, qadını təmin eləsinlər. Daha çox qadın tələb edilən iş var, nəinki kişi”.
– Feminizmi Avropanın projesi kimi dəyərləndirərək, onları ənənəvi mədəniyyəti dağıtmaqda ittiham edənlər.
Azərbaycanlı feministlərin qadın zorakılığının qarşısını alınması üçün nəticəli tədbirlərin keçirilməsi, erkən nikahların qarşısının alınması, qadın azadlığının daim sorğulanaraq çərçivəyə salınması, qızların təhsil hüququnun təminatı və s. tələbləri obyektiv və ədalətlidir.
Lakin niyə haqlı tələblər qarşılığında cəmiyyətimizdə feminizmin reputasiyası şübhəlidir?
Güman ki, şübhənin əsas səbəblərindən biri feminizmin problemlərə doğru yanaşma və vurğular edə bilməməyindədir. Mühafizəkar, kişimərkəzçi bir cəmiyyətdə feministlər problemlərə doğru olmayan nöqtələrdən giriş edirlər. Misal üçün, şərh yazanların böyük qismi feministləri “azadlıq” sözünü anlaya və onu doğru təqdim etməməkdə günahlandırır. Bu isə feminizmin kütlələrin düşüncəsinə nüfuz edə biləcək təsirli təqdimat, görüntü yaratmaq vacibliyini ortaya çıxarır.
Rayonlardan birinə səfər zamanı bir feminist xanımla rastlaşmışdım. O, şəhərin mərkəzi küçələrində əlində siqaret hamıya meydan oxuyurmuş kimi gəzişirdi. Mühafizəkar rayon camaatına siqaret çəkmək azadlığını bu cür zövqsüz, vulqarca nümayiş etdirmək, onları qıcıqlandırmağa hesablanmış addım idi. Yəni sözügedən davranış qadın azadlığının ifadəsindən çox, azadlığın idbarlaşdırılması kimi görünürdü.
Odur ki, cəmiyyətin sərt münasibət bəslədiyi – içki içməyi, söyüş söyməyi, açıq libasları, nikahsız seksi qadın azadlığının mahiyyəti, ifadəsi kimi anlatmaq əvəzinə, başqa yol seçilməlidir. Ayrı-ayrı fərdlərin real həyat hekayələrinin təsirli formasının təqdimatı kimi.
Şərhlərdən o da aydınlaşır ki, ötən il feministlərin aksiyasında “Qız mənimdir, nə istəsəm edərəm. Vagina mənimdir, kimə istəsəm verərəm” plakatı feminizm hərəkatına münasibəti xeyli aqressivləşdirib. Həmin aksiyadan mənfi mənada yaddaqalan ən çox bu şüar olub. Plakatda nəzərdə tutulan fikir sözlərin dəqiq seçilməməsi üzündən doğru vurğulanmayıb. Yəni birinci cümlə (Qız mənimdir, nə istəsəm edərəm kimi qadına mülkiyyətçi qismində yanaşmaq problemi) ikinci fikrin (Vagina mənimdir, kimə istəsəm verərəm- vulqarizm) kölgəsində itir-batır və belə bir stilistik yanaşma hədəfi qavramağı əngəlləyir.
Doğru olmayan vurğulardan biri məhz qadına qarşı zorakılığı həmişə irəli çəkməkdir. Halbuki mövcud şərtlər, sistem elə qurulub ki, üzərinə min cürə qayğı, öhdəlik qoyulan kişilər maddi-sosial çətinliklər üzündən qadından az stress almır, hətta bəlkə hüquqları daha çox pozulur. Feministlərin özü belə dəfələrlə sosial şəbəkələrdə müxtəlif kişiləri – ailəsinə qarşı zorakılıqda ittiham edərək (və ya başqa səbəblərdən) onlara emosional şiddət göstəriblər. Bəzi hallarda isə aqressiya kişilərə psixoloji terror səviyyəsində reallaşıb. Feminizmə qarşı aqressiyanın bir səbəbi də onların seçdiyi ünsiyyət vasitəsinin qeyri adekvatlığıdır.
Ünsiyyət demiş, yaxınlarda qadın hüquqları müdafiəçilərinin iştirakıyla keçirilən məişət zorakılığı mövzusunda müzakirəyə feministlər də dəvət olunub. Görüşün qapalı keçirildiyini, müstəqil medianın qatılmadığını əsas gətirən feministlər dəvətdən imtina ediblər. Hərçənd, səslənən arqumentlər yetərli görünmür. Əksinə, səslərini dövlət orqanlarına çatdırmağa çalışan feministlərin dialoq təklifindən yararlanması, problemləri yüksək dairələrdə deməsi daha məntiqliydi.
Hansısa görüşün qapalı keçirilməsi normaldır və dünya praktikasında bu var. Bu səbəbdən feministlər özlərinin diliylə desək, insanların güvənini itirəcəklərindən çəkinərək iştirakdan qaçıblar. Axı, feminizm ölkədə populyar və nüfuzlu hərəkat deyil ki, geniş kütlənin güvənini itirmək qorxusu da olsun. Başa düşdüyüm qədərilə feministlərin çəkinəcəyi tək şey ictimai sektordakı faşist kimi davranan liberal kəsim olub.
Bundan başqa, feministlər problemi hərtərəfli öyrənmədən, məsələnin məğzini araşdırmadan ailəsində çətinliklərlə üzləşən qadınlara qeyri-peşəkar məsləhətlər verir, yol göstərir və nəticədə biabırçı qalmaqallar meydana gəlir, sosial şəbəkələrdə qarşılıqlı söyüşlər, özəl yazışmalar, səs mesajları dolaşır.
Azərbaycanda feminizmin üslubu, xarakteri, mübarizə tərzi (misal üçün, Ukraynanın “Femen” hərəkatı mübarizəsində epataja, teatrallığa üstünlük verirdi) yoxdur, o, fikir, məna, konsepsiya istehsalına qabil deyil. Başqa sözlə, Azərbaycan feminizmi hələ ki, özünü tanımır və hələ axtarışdadır.