Kulis.az Təvəkkül Boysunarın “Qadın qəlbinin gizlinləri və Orxan, Kazım, Vüqar triosu” adlı yazısını təqdim edir
Qadın təbiəti, doğrudan da, çox incə sirlərlə doluymuş.
Təsəvvür eləyin, evlənmək əleyhinə yazdığım axırıncı yazıya görə bəzi xanımların mənə qarşı davranışları o qədər dəyişildi ki, o zərif ürəklərindəki gizli hiss-duyğuları bu dəfə açıq-aşkar görə bildim.
Həmin xanımlardan biriylə, yazıdan iki gün sonra səhər-səhər işə gələrkən qarşılaşdım. Həmişəki kimi salamlaşdıq, söhbətləşdik və söhbət tamam başqa şeydə ikən, xanım o gözəl üzünə qəfildən xüsusi nifrət mimikaları cəmləyib belə dedi:
– Yazınızı da oxudum. Çox mənasız idi, inciməyin.
Gülümsəyərək:
– Doğrudan? Niyə mənasız idi? – soruşdum.
– Bu yaşacan özünüz anlamalıydınız, məncə, bəzi şeyləri. Anlamamısınızsa, inanmıram, mənim izahım kömək edə.
Yenə gülümsəyərək:
– Həqiqətən, mənə maraqlıdır arqumentləriniz. Siz niyə evlilik tərəfdarısınız, məsələn? – dedim və düşündüm ki, bu gözəl xanımla həmişəkindən daha maraqlı bir söhbətə başlamaq üçün guya öz aləmimdə əla bir sual tapmışam.
Ancaq o, elə bil indiyəcən hər dəfə qarşılaşarkən ayaqüstü də olsa, uzun və maraqlı söhbət etdiyim qız deyilmiş kimi çox sərt və acı şəkildə:
– Üzrlü hesab eləyin, vaxtım yoxdur. Zatən, sizin kimilərə nəyisə izah etmək də çox çətindir, – dedi və məndən uzaqlaşıb pilləkənə tərəf addımladı.
Ondan qətiyyən belə bir davranış gözləməzdim, aramızda heç vaxt belə bir şey olmamışdı. Mənə qarşı hərəkətlərində hər zaman incə və nəcib nəzakətlər, şirin təbəssümlərlə qarşılaşmışdım.
Bəs bu qəfil incikliyin səbəbi nəydi?
Yoxsa arabir hiss etdiyim o şeylər doğruymuş?
Və ən əsası:
İlahi, əsəbiləşəndə necə də gözəl görsənirmiş bu qız! Boynundakı ipək şərfi də çox gözəl yaraşırdı. Niyə yazmamışam o zaman, Allah? Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız, de, niyə belə sərindir?
Bu qız elə qızlardandır ki, məni evləndirməyə çalışan yaxınlarım onu görsələr, hamısı bir ağızdan ünvanıma “xoş” sözlər yağdırarlar və son cümlələri belə olar: Kül olmasın sənin başına, bu cür qızı da əldən buraxarlar?
Ancaq nə etməli? Könüldə başqa sevdaların nəğmələri oxunmaqda.
***
Keçək növbəti xanıma.
Məndən iki-üç yaş balacadır, hündür boyu, gözəl əndamı, ağ dərisi, ahu gözləri var. Şarmlıdır, geyinib-kecinməyə çox həvəslidir. Kombinlərini diqqətlə seçir. Bir-birimizə “sən” deyə müraciət edirik. Onu Xulio İqlesiasın yaradıcılıq gecəsində görmüşəm. İki rəfiqə idilər, ispan diliylə bağlı nəyisə müzakirə edirdilər və hər ikisi nə zamansa hekayəmin obrazları ola bilərdilər deyə, onlara yaxşı ispan dili müəllimi önərə biləcəyimi deyərək söhbətə girdim.
Sonra instaqram,
Sonra vatsap,
Sonra Bakı,
Sonra isə heç nə.
Sadəcə maraqsızlıq, həvəssizlik və arxaya dönüb əllərimi ağzımın ətrafında boru kimi çəpərləyərək 500 il öncəyə sarı qışqırmaq, o böyük şairə səslənmək istəyi:
“Əziz şairim, incimə, amma mən elə dövrdə yaşayıram ki, nə qədər mağmın olsam da, gözəllərlə bağlı ən azı səndən daha çox təcrübə yaşamaq şansım var və əziz şairim, bil ki, sən o qəzəllərindəki gözəlləri tanımış olsaydın, onlar o sehri itirəcəkdilər. İndi rahat uyu. Yaxşı ki, bəzi həqiqətləri bilmədən canın bu dünyadan qurtarıb. Qəbrin həqiqi gözəlliyin nuruyla dolsun”.
…Qayıdaq söhbətimizə.
Bu xanım evlənmək əleyhinə yazdığım o məşum yazını da elə vatsap hekayəmdə gördü. Axşam yerimə girməyə hazırlaşırdım ki, hekayəmə verdiyi reaksiyanı oxudum:
– Sən yaxşı insan deyilsən.
– Niyə? – yazdım və bir-iki mötərizə qoymaqla dişlərimi də ağartdım.
– İnsanları aşağılamaqdan niyə belə zövq alırsan?
– Kimi aşağılamışam ki?
Mesajımı gördü, amma cavab vermədi, beş-on dəqiqə feysbukda eşələnib yenidən vatsapa qayıtdım, amma cavab yox idi. İnterneti söndürüb yatdım və səhər manatlıq taksi ilə həvəssiz-həvəssiz işə gedərkən votsapa girəndə gördüm ki, qız hələ də cavab verməyib. Özüm yazdım:
– Əzizim, kimi aşağılamışam ki? De görüm.
Cavab beş dəqiqə sonra gəldi:
– Nömrəni silmişəm, xahiş edirəm, sən də nömrəmi sil və bir də mənə yazma. Mümkünsə, özünə başqa dostlar tap.
İstər-istəməz təəccübləndim. Amma nə deyə bilərdim axı? “Ok” yazdım və olub-keçənləri götür-qoy edəndə gördüm ki, mənim heç bir günahım yoxdur, vicdanımsa rahatdan da rahatdır. Bu dəfə Məmməd Arazın misralarını xatırladım:
Ey qadın ürəyi, ey sirli dilbər,
Heç xəzan görməsin, gülün, gülşənin,
Deyirəm, inamsız olduğun qədər,
İnamın olaydı dünyanın sənin.
Sonra gördüm ki, son iki misranın bizim vəziyyətimizə heç bir dəxli yoxdur.
…Və bu qız o gözəllərdən idi ki, onun incə əllərindən tutmağa, dalğalı saçlarının ətrini duymağa bircə dəfə də cəhd etmədiyimi bilsələr, nəinki dostlarım, elə rəhmətlik şairin özü də o peyğəmbəranə təmkinini pozub mənə bundan sonra yalnız ağır söyüşlərlə müraciət edərdi.
Nəysə, əziz oxucular, romantik söhbətləri burda yekunlaşdırmaq istəyirəm, çünki yadıma düşür ki, o son yazımın səbəb olduğu ən təəccüblü hadisəni mən məhz keçən həftə yaşamışam və həmin hadisənin nə romantikayla, nə də sevgi-mevgiylə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, əlaqəsi var, amma başqa cür.
Deməli, günorta fasiləsində universitetin bufetinə qalxdım ki, bəlkə, bir qismət çörək-filan yeyib qarnımı doyurum. Baxdım, bir masadan başqa bütün masalar dopdolu, yəni bütün masaları tələbə qızlar zəbt ediblər. Yumru-yumru bulkular alıb bufetdən çıxmaq istəyəndə altı-yeddi qızın iqdi-əngur kimi ətrafına toplaşdığı bir masanın böyründə boş qalmış tifil bir stul gördüm. Yaxınlaşıb:
– Xanımlar, olar bu stulu götürüm? – deyə soruşanda əvvəlcə qızlardan biri:
– Aha, götürün, – dedi, amma mən stula əlimi atar-atmaz, o altı-yeddi qızın arasından hansısa başqa bir qız uca səslə və qəzəblə:
– Olmaz, götürməyin, bizə lazımdır, – deyə qışqırdı.
Ağlıma ilk gələn sualı verdim:
– Başa düşmədim, xanım, nəsə olub?
Cavabı məni təəccübləndirməyə bilməzdi:
– Siz Təvəkkül Boysunar deyilsiniz?
Necə çaşmışdımsa:
– Aha ondanam, – dedim.
– O gün yeni yazınızı oxudum. Çalışın, bir az səviyyəniz olsun. Heç bir yazıçıya ilişməyin. Mən Nadir Yalçının fanatıyam.
Təccübdən az qaldı, əlimdəki yumru bulkular yerə düşsün.
Dedim:
– Xanım, çox gözəl, amma axı mən o yazıda Nadir Yalçına ilişməmişəm. Özü də Nadirlə barışmışıq, aramız yaxşıdı, Nadir çox canlaradəyən uşaqdı.
– Yazıda ilişdiyiniz o adamlar Nadir Yalçınla eyni kruqdandır. Mən Nadir Yalçını sevirəm. O məni tanımır, düzdür, amma mən onu platonik sevirəm. Ona görə də, Nadirlə eyni kruqdan olan heç bir yazıçıya ilişəmməzsiniz.
Qəfildən başqa bir qızın səsi gəldi:
– Mən də, Kazım Kazımoviçin fanatıyam. Sevirəm onu. Düşük yazılarınızla ürək bulandırmayın.
Hiss etdim ki, qızlardan biri də nəsə demək istəyir, amma utanır. Başqa qız ona kömək etdi:
– Bu xanım da Vüqar Babazadənin gizli fanatıdır, onu sevir.
Kazım Kazımoviçi sevən qız dərhal onun yanlışını düzəltdi:
– Vüqar Babazadə yox, Vüqar Van.
Başqa bir qızın səsi eşidildi:
– Orxan Həsəni də mənimdir. Onu da mən platonik sevirəm. Yazınız çox qeyri-etik idi. Siz onların yarısınca da yaza bilmirsiniz. Yaxşısı budur, gedin, özünüz evlənin.
Hiss edirdim ki, onların bu həmrəyliyi məni əməlli-başlı məğlub duruma salıb.
Kazım Kazımoviçin fanatı olan qız bayaq götürmək istədiyim stulu özünə tərəf dartıb iki stulun üstündə eyni vaxtda oturdu.
Birdən özümü ələ alıb dilləndim:
– Xanımlar, çox gözəl… Sevindim ki, yazı-pozu adamlarının da bu cür sadiq fanatları var. Amma əgər onları, doğrudan da, sevirsinizsə, bunun platonik olması şərt deyil ki… Mən o yazıçı dostları tanıyıram, istəsəniz, sizi onlarla tanış edə bilərəm.
Orxan Həsənini sevən qız dilləndi:
– Ehtiyac yoxdur, biz özümüz də istəsək, onlarla tanış ola bilərik. Amma biz uzaqdan sevirik.
Vüqar Vana aşiq olmuş bayaqkı qızın səsi gəldi:
– Bəli, biz platonik sevirik. O köməyi özünüzə saxlayın.
Qəfildən fərqinə vardım ki, bu qız öz saçlarını eynən Vüqar Vanın saçları kimi sarılı-ağlı qəribə bir rəngə boyayıb. Və bu vaxt artıq əmin oldum ki, onların sevgisi, doğrudan da, əsl sevgidir. Mənim sevgilərim kimi bir yazıyla tövr dəyişdirəcək sevgilər deyil.
Bayaqdan bəri danışmayan və söhbətimizə tamaşa edən qızlardan biri yanındakından soruşdu:
– Ay qız, mənə niyə deməmişdin, rusu sevirsən? Nəydi familiyası? Kim oviç?
Tam adı necədi?
Qız cavab verdi:
– Kazım və Kazımoviç.
– Nəəə? Ay qız, başın xarab olub sənin? İki nəfərdilər? İki nəfəri birdən necə sevirsən? Heç mən birini də sevəmmirəm.
Başqa bir xanım da eyni təəccübü göstərdi:
– Bıy ay qız, bəxtəvər başıva.
Arxadan, orta yaşlı, müdrik görünüşlü bufetçi xalanın səsi gəldi:
– Qızım, indi cavansan, bilmirsən. Amma çalış, bir nəfəri sev. Platonik olanda nolar? Ürəyini bir nəfərə bağla.
Kazım Kazımoviçin fanatı olan qız vəziyyətə aydınlıq gətirdi:
– Off… Başa düşmürsüz, iki nəfər deyil, bu sadəcə onun ədəbi təxəlllüsüdü.
Birdən fikir verdim ki, Orxan Həsənini sevən qız stolun üzərinə qoyduğu “Füzulinin dişi” adlı kitabın üstünə nəsə yazır. Bu hərəkəti heç xoşuma gəlmədi, bir addım qabağa atdım ki, nə etdiyini görə bilim. O, kitabın sağ küncündə balaca bir hissədə müəllifin, yəni Orxan Həsəninin şəklini çəkirdi, amma həqiqətdəkindən fərqli olaraq şəkildəki Orxan Həsəninin, Təbriz aşıqları kimi eşmə bığları var idi. Əslində, məni əsəbiləşdirən şey qızın, kitabı yazmağı idi, amma Orxan Həsəninin bığlı variantını görəndə istər-istəməz təəccüblə:
– Siz neynirsiz? Axı Orxan Həsəni bığ saxlamır, – deyə soruşdum.
– Mən onu bığlı xoşlayıram. Kaş bığı olardı.
Yanındakı rəfiqəsi məndən əvvəl cavab verdi:
– Bığ nədi, aaazz, huşdurum? Bığ vaxtıdı?
O, Vüqar Vanı sevən qız idi.
Orxan Həsənini sevən qız ona cavab verməkdə yubanmadı:
– Sən get öz sevdiyinin saçlarına bax. Huşdurum sənsən.
Kazım Kazımoviçi və Nadir Yalçını sevən qızlar rəfiqələrini sakitləşdirməyə
çalışdı. Onlardan biri hətta belə deyirdi:
– Ay qız, neynirsiz? Özünüzə gəlin. Düşməni üstümüzə güldürməyin. Axı biz həmişə bir olmalıyıq.
Başları qarışmışdı deyə onlarla sağollaşmağa imkan tapammadım, əlimdəki bulkularla birlikdə pilləkənə tərəf addımladım. Amma hiss etdim ki, məni düşmən hesab etməkləri heç xoşuma gəlməyib. İstər-istəməz heyfsiləndim.
Axı nə də olsa, zarafatla, yumor naminə yazılan, bədii niqaba bürünən mətndən incimək ağıllı iş deyil.
Eh… Nəysə, əziz oxucular. Sizin də vaxtınızı aldım. Amma baş qarışdı, bu yazıda sizə danışmaq istədiyim əsas məsələni unutdum.
Sağlıq olsun, daha doğrusu, sağlıq və motivasiya olsun, inşallah o məsələ haqqında da danışarıq. Allah amanında!