Bu günlərdə Şəmkir rayonunda yaşayıb-yaradan istedadlı yazıçı Aygün Adıgözəlovanın “Qadının rəngi” adlı kitabı işıq üzü görüb.
Bu, müəllifin “Düşüncələr” adlı esselər kitabından sonra ikinci kitabıdır. Kitabda yazıçının “Kiçik qəlbin böyük əzabları”, “Ağrı”, “Xəzan günəşi”, ““O”na məktublar” adlı povestləri, “Susmuş skripka”, “Həsrətin 24 saatı”, “Sonuncu dayanacağın sərnişinləri, “Yuxusuzluq”, “Gəl, birlikdə üşüyək” və “Sevir, sevmir” adlı hekayələri toplanıb.
“Ağac” Yayınları tərəfindən işıq üzü görən kitaba AYB üzvü, Prezident təqaüdçüsü, şair Vasif Süleyman “Fərqli düşüncənin adamı və adamları” adlı ön söz yazıb. “Ön söz”də deyilir: “Aygün Adıgözəlovanın düşüncələri ilə ilk tanışlığım iki il əvvəl elə “Düşüncələr” kitabı ilə başladı. Kitabda onun esseləri toplanmışdı. Onda da elə düşünürdüm, indi də ikinci kitabının əlyazmasını oxuyandan sonra da elə düşünürəm ki, Aygün Adıgözəlovanın heç bir cümləsinin də yanından sükutla keçə bilməzsən… Keçə bilməzsən ona görə ki, yazanda müəllif düşündüyü kimi, oxuyanda da oxucunu düşündürür…
Aygün Adıgözəlovanın nəsri özünəməxsus detallarla zəngindir. İlk olaraq qeyd edim ki, onun fərqli düşüncələri adamı heyrətləndirir. Ən əsası da odur ki, qəhrəmanları əksər hallarda həyatdan gəlsə də, yazıçı onları olduğu kimi yox, düşüncələrində yaratdığı kimi görmək istəyir. Daha çox xəyallarında görmək istədiyi qəhrəmanı yaradır. Bəlkə də ilk fərqlilik elə bundan başlayır.
Qadın, dünya bərqərar olandan bəri yaranmış (yaradılmış) canlıların ən alisidir. Yaratma qüdrəti bir Tanrıda, bir də qadında (ANA) var… Aygün Adıgözəlovanın “Qadının rəngi” kitabında toplanan əsərlərində Məryəm, Ayla, Şəhla, Ayan, Müjgan, Yeganə kimi qadın obrazları var. Bu obrazlar daha çox yazıçının həyatda, cəmiyyətdə görmək istədiyi azad ruhlu qadınların prototipidir. Onun müşahidələrindən belə aydın olur ki, görmək istədiyi qadınları həyatda görə bilmədiyindən onların xəyali obrazlarını yaradır, özünün içindəki azad ruhu bütün qadınlarda görmək istəyir. Bəlkə də buna görə QADININ RƏNGİ axtarışındadır. Bu hansı rəngdir ki, insanı VAR edir və sonra var etdiyi insanların qadağaları, əzabları qarşısında çarəsiz qalır”.
Kitabın redaktoru Namiq Hüseynli, kitabdakı rəsmlərin müəllifləri Rüfət Hüseynov, Mələk Qurbanova, Təranə Ağayeva, üz qabığındakı illüstrasiyanın müəllifi Hendri Maulanadır.
Vasif Süleyman