Niderland millisinin keçmiş futbolçusu Uesli Sneyder karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı sabiq yarımmüdafiəçi həmçinin həyat hekayəsi barədə danışıb.
Sneyder 2 il formasını geyindiyi “Real”da uğurlu ola bilməməsinin səbəbini intizamsızlığı ilə əlaqələndirib: “Kral ailəsinin bir üzvü kimi yaşayırdım. “Real”ın futbolçususansa, qayğı görürsən. Meydançada da kifayət qədər yaxşı idim. Hər dəfə “Sneyder, daha yaxşısını edə bilərsən” deyirdilər. Tək idim, təmtək. Ətrafımda bu qədər çox insan olsa da, tək idim. “Vodka”nın ən yaxın dostum olduğunun fərqinə varmamışdım. Bunun fiziki cəhətdən hansısa təsirini hiss etmədim. Səhəri oyanırdım və hər şey yenidən başlayırdı. Oynamağa davam edirdim, ancaq əvvəlki qədər yaxşı deyildim, daha az motivasiyam olurdu. Davranışlarım “Real” kimi klubun oyunçusuna yaraşmırdı. Madriddə gecə həyatına çox aludə olmuşdum. Gənc idim, uğurun, şöhrətin, qayğının dadını çıxarırdım. Sonradan hər şey pis getməyə başladı. Narkotik maddədən istifadə etmirdim, amma spirtli içki aludəçisi idim. Fiziki cəhətdən çatdırmadığımı görəndə bunu texnikamla sığortalamağa başladım. Heç kimin bunu hiss etməyəcəyini düşündüm. Amma hər şey gün üzünə çıxır. Xüsusən də, ətrafımda Quti kimi biri var ikən gizləmək mümkün deyildi”.
Sneyder aktrisa və aparıcı Yolante Kabau ilə münasibətinin necə başladığını da açıqlayıb: “Bir gün evimin qarşısında çayxanada oturmuşdum. Birdən ətrafda jurnalistlər toplaşdı. Kimisə axtarırdılar və mən də niyə belə davrandıqlarını bilmirdim. Fotoqrafı gördüm, söhbət Yolante Kabaudan gedirmiş. Ondan xoşlandığımı dedim. Yolantenin bir neçə həftə əvvəl sevgilisindən ayrıldığını öyrəndim, telefon nömrəsini tapdım. Onunla münasibətim belə başladı. Yolante düzgün münasibət istəyirdi, hüzur axtarırdı. İlk vaxtlar sanki məndən xoşlanmırdı. Sonra gündə 2 saat danışmağa başladıq, onunla keçirdiyim vaxtlarda sevgim artdı”.
Ötənlərin məşhur futbolçusu Yolantedən ayrılmağının səbəbkarı kimi özünü göstərib: “Hər şey yavaş-yavaş pisə doğru getməyə başlamışdı. Səbəbi də mən idim. Çünki daim yığıncaqlarda, əylənməkdə idim. Yolantenin olmadığı kampaniyalara qatıldım, qadınlar, içkilər… Hər şey nəzarətimdən çıxmışdı. Bədənim orada idi, amma ürəyim Yolantenin yanında. Ardı-arası kəsilməyən yalanlardan sonra ona qarşı dürüst oldum, hər şeyi etiraf etdim. Halbuki Yolantenin heç bir səhvi yox idi. Səhv şöhrət, eqo, pul, güc və şəhvət hissində idi. Bunların hamısı məni pis şəkildə yaxaladı”.
Qeyd edək ki, Uesli Sneyder karyerası ərzində “Ayaks” və “Real”la yanaşı, “İnter”, “Qalatasaray”, “Nitsa” və “Əl-Qarafa” klublarında çıxış edib. O, Niderland millisinin heyətində (2003-2018) 134 matçda meydana çıxıb, 31 qola imza atıb.
Müstəqil.Az