Kulis.az Orxan Adığözəlin yeni yazısını təqdim edir.
Antoni Börcessin “Mexaniki portağal”(“A Clockwork Orange”) romanını çox qısa zamanda oxuyub, qurtardım. Bir neçə il öncə kitabın ana dilimizdə tərcümə olunmasının başlandığı ilə bağlı müjdəli xəbəri öyrənəndə, çox sevinmişdim. Həmin ərəfədə qarşıma “Mexaniki portağal”ın bədii filmi ilə bağlı fraqment və müxtəlif məlumatlar çıxsa da, filmə baxmadım. Kitabı da rus dilində yox, öz dilimizdə oxumaqda israrlı idim.
Yeri gəlmişkən, Börcessin eyniadlı romanı əsasındakı filmini əfsanəvi rejissor Stenli Kubrik çəkib. Bu, məni ikiqat həvəsləndirirdi. Kubrik sahəsinin zərgərlərindəndir.
Beləliklə, kitabı həvəslə oxuyub, bitirdim. Filmə hələ baxmamışam. Müəllif öz qeydlərində bildirir ki, kitabı oxumağı buraxıb, filmi üstün sayanları çox yaxşı anlayır. Çünki əsər 15 yaşlı yeniyetmənin tamamilə jarqon dolu ifadələri ilə nəql edilir. Jarqon da nə jarqon…
İngilis və rus dilinin qarışığı olan “nadsat” (yeniyetmə) jarqon ibarələri ilə göz deşən roman ingilisdilli ictimaiyyət tərəfindən birmənalı qarşılana bilməzdi. Bunu ingilisdilli oxucuların oxuyub, anlaması asan olmamalıdır.
Antoni Börces yazdığı kitab barədə belə deyir:
“İnsanlar haqlı olaraq dildən qorxduqları üçün kinoya üstünlük verdilər”.
Orjinal mətni gözdən keçirəndə həmin oxuculara yazığım gəldi.
Elə Azərbaycan dilində də roman o cür tərcümə olunub.
“Barda iki dənə devoçka var idi. Bu iki ptiçanın qrudları çox gözəgəlimli idi”.
“Britvamı çıxardıb, onun rukasını kəsdim”.
Bu iki nümunə həmin kitabdandır. Düzdür, kitabın arxasında rus dilində olan jarqon kəlmələrin tərcümələri qeyd olunub, ancaq yenə də bu, elə də ürəkaçan deyil. Həm də yeniyetmə Aleksin leksikonu da çox geniş deyildi. Sadəcə, gərək kitabı elə rus dilində oxuyardım deyə burada da bir təəssüfləndim.
Bütün hallarda, roman su kimi oxundu. Süjet də ürəyimcə oldu. Qeyd elədiyim kimi, hekayəni nəql edən yeniyetmə Aleks ultra-zorakı şəxsdir. O, dostları ilə birgə yol kəsir, adamları döyür, qadınları zorlayır, qarətlər edir və yuxularında belə qan tökmək həvəsini gerçəkləşdirir.
Bir şey var ki, Aleks klassik musiqi həvəskarıdır. O, Bethovenin musiqisi qarşısında hayıl-mayıl olur, az qala heyranlıqdan diz çökür, ancaq yenə də hüdudsuz zorakılıq meylləri ondan vaz keçmir.
Roman triller, kriminal və distopiya janrındadır. Kitab eyni zamanda qəti və mexaniki nizam yaratmağa çalışan kontrolçu hökumətlərə qarşı bir etiraz nümayişidir. Oxucular bunu kitabı yarılayanda daha aydın duyacaqlar.
Yeniyetmə aqressiyası – Börcess bizə bunu da göstərməyə çalışıb. Düşünürəm ki, bu onda elə də yaxşı alınmayıb. Təsvirlər və süjetə söz ola bilməz. Hətta aqressiyanın fikirlərdə cəmləşən halı və onun praktikası da kifayət qədər əla təsvir olunub. Qəhrəman özünü məhdudlaşdırmır. Ürəyindən nə zorakı hal keçirsə, gerçəkləşdirir. “Yaxşı alınmayıb” – dediyim şey isə sırf bu aqressiyanın, qəhrəmanın valideynləri olan rabitəsinin natamamlığıdır. Məsələ ondadır ki, öz yumşaqxasiyyətli anası və atası ilə yaşayan Aleks onlara qarşı hər hansı acıq və nifrət bəsləmir. Valideynlər də bu dəliqanlı oğlanla qaba və məhdudlaşdırıcı davranmır. Çoxsaylı düşüncələrə qərq olan 15 yaşlı oğlan bir dəfə də olsun valideynlərinə qarşı aşkar və ya gizli acıq sərgiləmir. Keçmişdə və ya indiki vaxtda ananın, ya da atanın hər hansı psixolojİ, fiziki zorakılığı ilə bağlı heç bir hadisə yada salınmır. Kitabın axırına yaxın Aleksin valideynlərinə qəzəblənməsi ilə olduqca təbii idi. Orada aşkar səbəb vardı. O, həbsxanada ikən valideynlərinin Aleksin otağına hansısa gənc oğlanı kirayənişin kimi götürüb, həmin gənci müdafiə etmələri heç kimin xoşuna gəlməzdi.
Buna qədər olan ümumi aqressiya isə adekvat və köklü səbəbi olmayan aqressiya idi. Çünki Aleksin etdiyi tərz zorakılıqlar, uşaqlıqda sevgi və qayğı görməyən, aşağılanan, döyülən, söyülən uşaqların yeniyetmə və yetkin şəxslərin davranış sisteminin hissəsi ola bilərdi.
Aleks hər şeyə qarşı hiddətli narazı mövqe göstərsə də, anasına və atasına qarşı oxşar narazılıq sərgiləmir. Bircə məqamda o süfrə arxasında mağaza soyğunundan oğurladığı pulları atasına verəndə, bunu işləyərək qazandığını bildirib, ona qarşı elə duruş sərgiləyir ki, atası oğlu ilə çəkinərək danışsın.
Bu zorakı roman şübhəsiz ki, Antoni Börcessin öz valideynlərinə, hakimiyyətə, dolayı yolla isə özünə qarşı olan üsyanıdır. Müəllif bu kitabı həkimlər ona ölümünün yaxınlaşdığı ilə bağlı diaqnozu qoyduqdan sonra yazmağa başlayıb. Beynində şiş aşkarlanan Antoni Börcessin bir il sonra öləcəyi qeyd olunub. Kitabın ilk nəşri 1962-ci ildə reallaşıb. Börcess isə 1993-cü ildə vəfat edib.
Roman Sankt-Peterburq şəhərində yazılmağa başlanıb. O vaxt müəllif öz həyat yoldaşı ilə həmin şəhərə yay tətilinə getmişdilər. Keçmiş adı Leninqrad olan şəhərdə Börcess küçədə rus xuliqan və avaraları ilə rabitəyə girir və bu söhbətlərdən sonra, o, Aleksin leksikonunu rus-ingilis dili qarışığı olan yeniyetməninki kimi formalaşdırır.
Kitabda paradoksal şəkil alan fəlsəfi məsələlərə işıq salınır. Bütün bunlar zorakılığın fonunda baş verir. İndi seçim sizindir – istər kitabı oxuyarsınız, istərsə də filmə baxarsınız. Mən hələki ancaq kitabı oxuduğum üçün, incə şəkildə mütaliəni tövsiyə edə bilərəm. Əsərdən zövq almağınız ümidi ilə…