QADINDAN QADINA KÖRPÜ: QADINLARIN MİLLİ BİZNEZ GÜNDƏLİYİ
21 əsr…Azərbaycan…Qadın əməyi, qadın sahibkarlığı, qadın hüquqları…Deyəcəksiniz ki, bu mövzu az qala hər gün mediada dillər əzbəridir. Qadınlara yetərincə hüquqlar da verilib, qanunlar da işləkdir. O zaman niyə ölkəmizdə hələ də sahibkar qadınların sayı cəmi 20 faiz təşkil edir? Görəsən niyə müstəqil şəkildə iş qurmaq istəyən qadına “bacarmazsan, bu kişi işidir” – ibarələri göndərilir? Qadın nə qədər həvəsli olsa da, maliyyə qaynaqlarına çıxış zaman qarşısına onlarla əngəl çıxır? Yaxşı, sahibkarlıq bir yana…Bəs analıq məzuniyyətində olarkən, aldığı cüzi vəsait, illərdir adı hallanan “uşaqpulu”? Bunların bahalaşmış həyatımızın meyarlarına uyğunlaşması zamanı çoxdan gəlməyibmi? Bu “bəs” siyahısını çox uzatmaq olar. Amma nə yaxşı ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə hazırlanan Qadınların Milli Biznes Gündəliyi (QMBG) qadınlarımız üçün ən əlverişli biznes və iş mühitinin yaradılması üzrə konkret tövsiyələr və işlək həll yolları təklif edir.
Müsahibimiz gündəliyi hazırlayan İdarəetmə Komitəsinin üzvü, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadədir. İctimai sektorda kifayət qədər tanınan Məleykə xanım 40-dan çox beynəlxalq və yerli layihənin rəhbəri və mübadilə proqramlarınnın iştirakçısı olub. Həm təcrübəsi, həm də deməyə sözü çoxdur.
QMBG varsa, gücümüz yetər!
“Qadınların Milli Biznes Gündəliyi platformasında böyük bacarıqları, zəngin iş təcrübələri olan, qadın ictimai mühitində öz sözünü demiş təşkilat və assosiasiyaların əl-ələ verərək, çalışması özlüyündə yekun sənədin nə qədər ciddi olmasından xəbər verir. Mən də 2 ildən artıq davam edən bu maraqlı, təşəbbüslərlə dolu prosesin bir hissəsi oldum. Rəhbərlik etdiyim təşkilatla birgə platformanı inkişaf etdirmək üçün üzərimizə sadəcə öhdəçilik götürməmişik, biz bunun məsuliyyətini, önəmini hiss edirik. Çalışırıq ki, qadınlarımız bu sənəddən öyrənsinlər və stolüstü kitabları, hətta həyat proqramları olsun.
Düşünün ki, təşkilatımız istənilən yaşda xanımlarım biznes bacarıqlarını üzə çıxarmaq, inkişaf etdirmək sahəsində 2012-ci ildən intensiv çalışır. Biz bu yolda qadınların qarşısına çıxan əngəlləri, onları həvəsdən salan amilləri yaxşı görürdük. Amma bu maneələri neytrallaşdıracaq, texniki, hüquqi cəhətdən mükəmməl işlənmiş strateji yol xəritəsinin olması bizim işimizi xeyli asanlaşdırır. QMBG tövsiyə sənədi işini savadlı şəkildə qurmaq istəyən hər bir qadın üçün işıqlı yoldur. Nəhayət ki, əlimizdə istər qısnamalar olsun, istər dekret hüququ, istər maliyyə stimulları, kredit imkanları olsun, istərsə də palliativ xidmət – ən müxtəlif sahələr üzrə rahat hərəkət edə biləcəyimiz direktivlər var. Bunlar asanlıqla başa gəlmədi. 9 təşkilatın nümayəndələri olaraq, günlərlə görüşlər, müzakirələr keçirdik, təcrübələrimizi və təkliflərimizi bölüşdük, risklərdən danışdıq…Amma nəhayət ki, indi bütün bunları özündə ehtiva edən məcmu sənəd var. Məqsədimiz qadınlara hər addımda gərəkli olacaq bu tövsiyələrin dövlət tərəfindən qanunverilicik səviyyəsində nəzərə alınması və işlək hala gəlməsi üçün ictimai vəkillik etməkdir. Çünki platformamız qadınların iqtisadi gücləndirilməsinin təşviqini, bu istiqamətdə dövlət-özəl sektor arasında əməkdaşlığın maksimal genişləndirilməsini hədəfləyib.
Qadınların xəyal ortağı olmağa nə deyərsiniz?
Götürək gender bərabərliyini: bu gün qadınlarımız biznesdə cəmi 20 faiz təşkil edir. Bunu bərabərlik adlandırmaq olar? Deməli, təbliğatı daha aktiv aparmalıyıq, gücləndirməliyik. Bu qəbildən olan məsələlər QMBG-də tam əksini tapıb: evdə qalan valideynlərə ödənilən müavinətin uşağa qulluq üçün dəstək xərclərinə uyğunlaşdırılması; distant iş siyasətinin qəbulu və vəzifə öhdəliklərinin evdən yerinə yetirilməsi; qısnama və bullinqin qarşısının alınması üzrə siyasətin tətbiqi; tənha analara dəstək siyasəti və s. Bunlar cəmiyyətdə həllini təcili tələb edən dəstək mexanizmləridir.
Yaxud analara ödənilən 6000 manatlıq müavinət həddinin aradan qaldırılması…Ümumiyyətlə, qadınların valideynlik borcunu yerinə yetirən zaman atalarla hüququnun bərabərləşdirilməsi önəmli aspektdir. Doğrudur, hazırda qanunvericilikdə atalıq məzuniyyəti var, amma cəmi 1 həftə və ödənişsiz əsaslarla. Halbuki bir sıra ölkələrdə bu problem əla tənzimlənir. Bilirik ki, xüsusilə ilk 2 ay uşağın inkişafı, adaptasiya baxımından valideynlər üçün daha çətin olur. O zaman ata və ana bu müddətdə məsuliyyəti bərabər paylaşsalar, məqsədəuyğun olmazmı? Gələcək analara hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin necə bölünməsinə qərar vermək imkanı verilməsi, kişilər üçün atalıq məzuniyyəti siyasətinin təkmilləşdirilməsinə dair QMBG–nin tövsiyələri bu baxımdan “həyat qurtaran”dır.
Biz əlimizdə olan bütün vasitələrlə Qadınların Milli Biznes Gündəliyinin ictimai vəkillik kampaniyasını apararaq, bunun öhdəsindən bacarıqla gəlməyə çalışacağıq. Amma önəmli olan hər şəhərdə, hər kənddə, qəsəbədə yaşayan qadınlarımızın özlərinin bu sənədi diqqətlə oxuması, öyrənməsi və işlərində tətbiq etməyə çalışmasıdır. O qadın inanmalıdır ki, işgüzar qadın olmaq, həyatını başqalarından asılı şəkildə keçirməmək əlçatmaz xəyal deyil”.
Müstəqil.az