Qadınların sinələrində çürüyür azadlıq… – Ümid Nəccarinin yeni şeirləri

Qadınların sinələrində çürüyür azadlıq… – Ümid Nəccarinin yeni şeirləri

Kulis.az Ümid Nəccarinin yeni şeirlərini təqdim edir.

Başını yerə tikən Söyüdlərin quruduğu dünyada,

kişilərin qollarında

ağrıyır ədalət,

qadınların sinələrində

çürüyür Azadlıq…

***

İranın qorxmaz qadınlarına…


Bir Oktyabr gülləsi

sıxılmışdı payızın qafasına.

qan rəngində yerə sərilmiş yarpaqlar…

sürgün şair yazırdı şeirini

ciblərinin acığına…

Ölüm dadı verirdi,

masa üstündə soyuyan bir fincan qəhvə.

Ölümün səsi idi,

müharibədə uçuq damın altında qalan skripka.

Ölümün şəkli idi,

Zirzəmidə illərcə kimsəni göstərməyən güzgü…

Və ölümün özü idi

Gecə sonuncu avtobusun içində yuxuya getmiş işçi…

Oktyabr idi,

qan rəngində yerə sərilmiş yarpaqlar…

sürgün şair yazırdı şeirini

ciblərinin acığına…

***

Afinada Tanrıların hüzurunda…

109-cu otağın pəncərəsində qürub edirdi gözəllik Tanrısı.

Afina durmuşdu yağış altında…

çətir altında insanlar,

sətir altında sən…

Barmaqlarımın ucu ilə toxunurdum sənli günlərin səssizliyinə,

yarpaqlara,

ayaq izlərinə,

Barmaqlarımın ucu ilə toxunurdum dodaqlarına…

Tanrılar sükut aksiyasını davam edirdilər dodaqlarında,

Əllərin repressiya dövrünün Sibiri kimi,

soyuqdan öldürürdü sevgiyə and içənləri…

109-cu otağın üzündən sürgün edilmişdi təbəssüm əsirləri.

üz çevirmişdi eşq ilahələri…

Kilsələrin zəngi oyadırdı yuxudan yerlə sürünən qatarları.

Bir gəmi keçirdi burdan dəniz rəngli,

Bir yuxu yatmışdım Sokrat hotelinin 109-cu otağında,

bir səni tapmışdım Atenin çılpaq bədənində,

oyandım,

elə yoxsan ki,

Ortadoğuda olmayan barış kimi…

***

Ağacların cinsindən olan adamlar var,

Yarpaq rəngli,

Yağış səsli adamlar var…

Yaxında olan deyillər,

Çək gözlərini uzaqdan da…

Dünən görünmədilər,

Bu gün olmadılar,

Sabah, sabah…

Sabahlardan gələcək o adamlar…

***

Qal

Yaşı məndən böyük olan sirlər var.

Bu keçmişdən belədir,

bilirəm.

Əriyən qar üzərinə yazılıb,

“üşüyürəm,

qal!”

Bilmirəm,

nədən quruyan su üzərində yazılıb,

“Yox oluram,

Qal!”

Buğ vurmuş pəncərənin üzərində,

Nəsə yazılıb,

oxuya bilmirəm.

Qal…!


**

Paralel

Əli çatmadan göy üzünə,

ucalıb-ucalıb öldü ağaclar.

Quşlardan öncə buludlar çatdı mənzilə.

Relslər üzərində

Yolçular çatdılar,

Yollar çatdılar

Qatarlar çatdı məqsədinə…

Biz paralel çəkilən iki dəmir yoluyuq,

uzanmışıq bu yollara…

Hara çatsaq da,

bir-birimizə yetişə bilmirik…

Share: