Qadınsayağı vəzn…
Sənətkarlıq mənəvi kamillik olsa da , onun öz təbiəti var.Əsərlərdə üslub,özünəməxsusluq bəzən o qədər dəqiq və təbii olur ki, onu yaradanın qadın ,yaxud kişi olduğunu imzasız da tapırsan:
“Şair,gecə şeir doğurdu
hisslərin,
Sancısını ruhumda hiss edirdim…”
Aysel Xanlarqızının şeirlərində qadın heysiyyatı o qədər güclüdür ki, heç nəyi çaşbaş salmazsan ,çünki onun sənədləşdirib möhür basdığı misralar saxtalıqdan uzaqdır. Bir kitabla (“Karantin boşluğu”) maraqlı,mənalı,ürəkli qadını tanımaq, həm də poeziyanın odunda isinmək olarmış.
“Ruhun bişirdiyi sevgim külləndi,
İçimdə doğrandı ürək bir dilim.
Sən bir dəniz kimi coşub kükrədin,
Qasırğam içində külək sevgilim.”
Qadın sevgisi,sevinci, qəmi,həsrəti rəngli bir dünyadır.O dünyanın şeirlə ifadəsi cahana sığmaz.Ayselin şeirlərini kişi şairlər – Sabir Rüstəmxanlının və Süleyman Abdullanın gözü və sözü ilə gördüm.Əlbəttə,onlar poeziyanı məndən də yaxşı bilirlər.Ancaq, zənnimcə,mən Aysel Xanlarqızını onlardan daha çox hiss edə bilirəm.
Qadının düşüncələri həyatına sığmayanda (həm də Tanrı ona şair sənətinin əlifbasını öyrədəndə) qələmlə taleyinə yazılar:
“Bir dram boşluğu yaşayıb səndə,
Faciə-faciə ağırlaşıram.
Sən məndən hər sətir uzaqlaşdıqca,
Mən səndən ayrılıb şeirləşirəm.”(Bir dram boşluğu)
Faciə-faciə ağırlaşmaq ifadəsi təmiz qadının üslubudur məncə.Milli qadın sevgimiz səssiz, etirafsız, təmənnasız olduğundan şeirlərdə pıçıltısına qulaq verərik:
“Səni gözləmişdim bir ömür boyu,
Gəlib gecələri yandıracaqdın.
Kölgəmin üstünə düşən təkliyi,
Kədərin köksündən endirəcəkdin…”
Şairin mərdliyi həyat hekayələrinə yazılıb şeirləşəndə zərif-zərif notlara köçür:
Ahlar doluşmuş köksümlə,
Tükənməz,zərif səsimlə,
Gözlərimi son əksinlə
Bağlayım…
***
Tutub bir ömür yasını,
Ruhun susmuş duasının.
Ver ölümün havasını
Qoxlayım…”
Ayselin ürəyi o qədər doludur ki, onun sərbəst vəznində qafiyəyə ehtiyac duyulmur.Sədaqətli,qürurlu, utancaq qadın portreti çox gözəldir:
“Saçımın tumarı ilişdi,dərdin
Üstümə atdığı qarmaqlarında.
Sən özgə əlini sıxdığın gündən,
Əllərim utanır barmaqlarımdan…”
Övlad böyütmək,həm söz sənətində,həm öz sənətində çalışmaq güclü qadının qabiliyyətidir.Belə halda qadının xoşbəxtliyi onun həyatının mənasında, əbədiyyətində axtarılır.
“ Çörək pulu arzusuyla
dərdlərini əyninə geyib
köhnə çamadanlarına
həsrət yığıb gedən o adamın
boş ümidlə “tez dönəcəm” səsi… –
məni uzun-uzun düşündürən bir mövzudur. Ayselin publisistik düşüncələri canlı və aktual olduğu üçün “sarı simə” dəyir.
“Ayrılır nəğmələri” çoxdur,Aysel. Ancaq səninki sirr deyil,məmləkətimizdə yaşayan(yaşayan demək mümkündürsə) diri ərlərlə yalqız qalmış zərif cinsin çətinliklə çəkilən ,səbr istəyən dərdidir.
“Sponsor ərlər” yad ellərdən ailəyə başçı, övlada ata borcunu ödəyə bilərmi?!
“Nə qədər ağrısan da ,
ağrıya bilməzsən mənim kimi.
Zərif çiyinlərimdə
daşıdığım qayğı yükü
yalnızlığımla damğaladı gecələrimizi.
Qızım telefondakı mesajlarla
“Darıxıram” sözünü yazmağı öyrəndi ilk…
Oğlum kağızdan təyyarə düzəldib
uçururdu otaqboyu,
hava limanına döndərmişdi evimizi…”
Şeir yazan qadınların yazı masası ilə mətbəx masası hərdən dəyişik düşür,hərdən də qısqanc olur, ancaq ülfətlə sahibini ora bağlayır. Mətbəx şeirləri bir xanımın milli mənsubiyyətini , qayğılarını , mədəniyyətini istedadla göstərir.
“Mürəbbə dadında” şeiri azərbaycanlı qadının ünsiyyət ,qonşuluq , dostluq , qonaqpərvərlik kimi keyfiyyətlərini paylaşır:
“Çətin anlarımda
addım səslərinə ovunur içim.
birlikdə iki qayğısız uşaq kimiyik səninlə…
sən sıxıntılarımı çiyələk qoxusuyla,
mənsə arzularını mətbəxdə
aş ətriylə əzizləyirəm,
Bir fincan çay xoşbəxtliyi yaşayaraq
şən gülüşlərinə oyanır təbəssümüm.
Mehriban baxışlarında əriyib
nə yaxşı ömrümə gəldin dostum,deyirəm…”
Sənət qadınının dərdi evin içindən çıxıb dünyanın dörd bir tərəfinə dağılar,vətən torpağından güc alıb cəsarətlə bəşəriyyətin qayğısını çəkər:
“Qarabağ dərdi üzündə,
Sillə yeri tək qızarar.
Laylasın çalar güllələr
Uyumaz şəhid məzarı.
Həsrətin buket olduğu
Dərdləri əklil vətənim!
Gülüşü əlil vətənim!”
Aysel! Sənət yoluna çıxdınsa,onu axıradək qət etməyi düşün.Mövzu bərəkəti,qələm çalmaq, söz bitirmək, hər bəndəyə nəsib olan tale deyil.Bu talenin yükü ağır olsa da ,çətindən daha çətinə qatlaşmaq əqidəsi,iradəsi və zövqü ilə yaradıb yaşamağına inanıram:
“İnanmazsan,başdan başa
Şeir içindəyəm,dostum!”
Tamilla Həmidqızı (Alqayeva)
Odlar Yurdu Universitetinin filologiya fakültəsinin müəllimi
Müstəqil.Az