Qafqaz İslam Ordusunun ilk şəhidləri…

Qafqaz İslam Ordusunun ilk şəhidləri…

Qafqaz İslam Ordusu hərəkatı və Azərbaycanın dövlət müstəqilliyi yolunda fəaliyyətləri ilə bağlı yazılarım 1992-ci ildən başlayır. Lakin daha əvvəllərdən – hələ tələbə ikən bu xilaskar ordu və

onun qardaş yardımı, Bakıda, Şirvanda, Qubada daşnak-bolşevik qüvvələrinin xalqı qırğına verməsi ilə bağlı o illərin canlı şahidlərindən dinlədiyim xatirələr, həmin illərin saralıb-solmuş qəzet yazılarının işığında 95 il sonrakı, bu gün olubmuş kimi canlı, təzə təəssüratlar hər zaman məni yeni-yeni yazılara səsləyir.

…15 sentyabr 1918-ci il. “Azərbaycan” qəzetinin ilk sayı çap edildi; yenicə nəşrinə başlayan bu qəzetdə Qafqaz İslam Ordusunun baş komandanı Niri paşa həzrətlərinin müjdə teleqramı çap edilmişdi: Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18 saat 9-a işləmiş qəhrəman ordumuz tərəfindən azad olundu. Ferik (fəxri general) Nuri.

Lakin mübarəkbadlığın verildiyi bu günə asanlıqla gəlinib çıxılmamışdı. Nuri paşa ilk dəstələrlə Gəncəyə daxil olduqda dərhal qüvvələri düşmən əlində olan və burada millətə, yerli xalqlara qarşı oyuncaq dövlətə qarşə Bakıya, Qarabağa hücum plama ərəfəssində Gəncənin özündə silahlı ermənilərin çoxluğu və varlığı onu gərəkənləri görməyə vadar etdi. Beləki buradakı ermənilər silahları alınmazsa onların hücuma keçən orduya arxadan zərbə vurmayacağına heç kim əmin ola bilməzdi. Qafqaz İslam Ordusu ilk şəhidlərini hələ Gəncədə vermişdi; soydaşımız müxbir Əbdüləli bəyin “Ittihad”qəzetinin 25 may 1919-cu il tarixli 9-cu sayında xilaskar ordunun Gəncəyə daxil olmasının bir illiyinə həsr etdiyi xatirə yazısında bu hadisədən geniş bəhs edilir. Nuri paşanın Gəncəyə daxil olması hadisələrinə həsr edilmiş məqalədə özünün dediyi kimi paşanın ingilislər tərəfindən həbsini eşitmiş, bu gözlənilməz xəbərə inanmasa da qələmi ələ almalı olmuşdu. “Gəncədə erməniləri tərki-silah etmək və bununla asayiş yaratmaq məqsədilə ermənilərə silahları təhvil vermələri barədə dönə-dönə müraciətlər edildi. Onlar bu əmrə tabe olmaq istəmir, Gəncədə susqun görünsələr də Gəncədən kənarda dağlarda müsəlmanlara hücum etməkdə idilər. Həm də bu əmr Gəncəyə doğru irəliləyən düşmənin önünü kəsib saxlamaq və onu məğlub etmək, Bakını azad etmək yolunda Ordunun arxasından əmin olmaq demək idi”.

Ermənilər şəhərin Gəncə çayı ilə ayrılan şərq hissəsində yaşayırdılar; bu şərq hissə və müsəlmanlar yaşayan qərb səmtlərinin bir –birinə get-gəlləri, demək olar ki, dayanmışdı. Xain ermənilər əlbəttə ki, Şaumyanın başkəsən qüvvələrini Gəncədə görməyin intizarında idilər.

Nuri paşa qüvvələrinin Azərbaycana daxil olduğu bu zamanlarda Gəncə erməniləri güclü təchizata malik 600 nəfərlik bir tabura sahib idilər. Demək lazım gəlir ki, ermənilərlə bərabər Yelenendorf alman icması da öz milli taburuna malik idi. Lakin onlar asanlıqla, belə demək mümkünsə öz xoşları ilə Gəncə dəstəsinə qatılmışdılar. Komandanlıq tərəfindən əminlik məqsədilə alman taburuna türk zabiti rəhbər təyin edilmişdi. Ermənilər isə komandanlığın dəfələrlə göndərdiyi silahları təhvil vermə tələbinə tabe olmurdu. Odur ki, Nuri paşanın vəziyyəti nəzərə almaqla verdiyi əmrə əsasən iyunun 11-də Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı, ermənilərə son dəfə tərkisilah ultimatumu cavabsız buraxılınca hərəkətə keçildi. Bu zaman bu yeni adı ilə ilk fəaliyyətinə başlayan Gəncə dəstəsi (müfrəzəsi) IX Qafqaz və II Süvari alaylarından təşkil olunmaqla yaranmışdı. Lakin mühasirə tədbirləri

görülərkən tezliklə məlum oldu ki, ermənilər indi yenə də alçaqlıq göstərmiş, uzun müddət susmaqla aldadıb hiylə işlətmişdilər. Belə ki, bir andaca vəziyyət qorxulu şəkil aldı; demək ki, ermənilər mühasirəyə alınmaq yerinə əslində onlar Gəncə dəstəsini mühasirəyə almışdılar.

Gəncə ermənilərinin itaət altına alınmaları və bununla bağlı olaraq silahlarını təslim etmələri üçün başladılan həmin əməliyyatda iştirak edən türk zabitlərdən Mucip Kemalyeri, daha sonrakı illərdəki xatirəsində belə yazacaqdı: "Ermənilərə təslim olmaları üçün verilən müddət dolunca ertəsi gün hərbi hərəkat başladı. Küçəyə yenicə girmişdik ki, birdən ətrafımız sarıldı. Ağacların üzərindən belə üzərimizə atəş açılırdı. İçində olduğumuz ağır vəziyyətdən istifadə edən 20-30 erməni üzərimizə atıldı. Qarşı tərəf atəşi kəsmişdi. İndi heç alışqın olmadığımız küçə boğuşması başlamışdı. Zabitlərimiz tapançaları ilə atəş açır, Mehmetçik isə hələ süngü taxmağa belə fürsət tapmadan hücum edən erməniləri əzişdirirdi. Qısa sürən vuruşmada basqınçılar ortadan qeyb oldular. Biz də bu fürsətdən istifadə edərək 10-a qədər yaralımızı da götürərək

yavaş-yavaş geri çəkildik. Ən öndə gedən manqanın şəhid düşən 4 əsgərinin cəsədini orada qoymağa məcbur olduq. Ermənilər isə 15-ə qədər ölü qoymuşdular” (Bu ilk döyüşün iştirakçısı Mucib Kamalyerinin xatirələrindən)

Demək ki, gözlənilməyən bu hücum qarşısında 9-cu Qafqaz alayının bəzi qüvvələri geri çəkilmək məcburiyyətində qalmışdı. Bu hücumda Gəncə müfrəzəsindən 16 əsgər şəhid olmuş, biri zabit olmaqla 7 əsgər də yaralanmışdı.

Əbdüləli bəyə dönək: Onların meyitləri eybəcər hala salınmışdı, bəziləri yaralı ikən canını tapşırmamış dodaqları, qulaq və dilləri kəsilmiş, hətta bir əsgərin köksündə tonqal qalamışdılar. Nuri paşanın ciddi tapşırığı ilə bu vəziyyət qoşundan və yerli əhalidən gizlədildi. Onlar Şah Abbas məscidi qarşısındakı meydanda basdırıldı”. Əbdüləli bəy bir jurnalist peşəkarlığı ilə “həmin gün öz qardaşını öldürmüş bir gəncəlini o meydanda asmışdılar…” deyə ötəri qeyd edirsə də, əslində bu sırf mənalı ibrətamiz sonluq idi.

…Vaxtilə ədəbiyyat müəllimim o günləri öz gözü ilə görən Mir Davud Seyidov mənə həmin günün dəhşətini çatdırırdı: Qardaş qardaşını bir yəhərin üstündə qətlə yetirmişdi. Bu faciə idi; ermənilərin onlara müharibə gedən ölkənin qanunlarına uyğun tərki-silah tədbirlərinə başlayan gənc məhmətcikləri belə qəddarcasına öldürdüyü bir şəraitdə qardaşın qardaşa beləcə qıyması, heç nəyin üstündə caniyə çevrilməsi həmin gün necə dəhşət saçacaq bir ibrətlik olmalı idi… hər şey aydın olur. Gəncənin erməni məhəlləsində meydana gələn bu hadisə türk əsgərlərinin Azərbaycandakı ilk silahlı vuruşması oldu. Mehmetçik Qafqazda ilk dəfə Gəncədə torpağa tapşırıldı. Şəhidlər, silahdaşlarının və xalqın da göz yaşları ilə iştirak etdiyi təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa verildi. Lakin Sovet İttifaqı dövründə bu şəhidlərin məzarları dağıldığı üçün bu gün harada olduqları bilinmir. Qazi Kemalyeri belə yazsa da amma həmin günün şahidi müxbirimiz Əbdüləli bəyin yazısında açıq-aşkar görünən odur ki, bu ilk şəhidlər Gəncə məscidinin qarşısındakı açıqlıqda dəfn olunmuşdular…

prof. Minəxanım Nuriyeva Təkləli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Share: