“Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri…

“Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri…

Bir vaxtlar vətənimizə pənah gətirən yəhudilər Azərbaycanda gördükləri isti münasibəti, xoş rəftarı heç zaman unutmurlar. Harada yaşasalar da Azərbaycanı təbliğ edir, soydaşlarımıza sevgi ilə yanaşırlar. Sanki bunu özlərinə vəfa borcu bilirlər.

Yakov Abramov da miliyyətcə yəhudidir, uzun illərdir ki, Nyu York şəhərində yaşayır. Fəqət Azərbaycanla nəfəs alır, bütün varlığı ilə bu məmləkətə bağlı insandır…
O, 1955-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində dünyaya gəlsə də, 1973-cü ildə Bakıdakı 18 nömrəli orta məktəbi bitirib. 1973-1978-ci illərdə indiki Azərbaycan Texniki Universitetinin nəqliyyat fakultəsində ali təhsil alaraq mühəndis ixtisasına yiyələnib. Bir müddət o vaxtki Avtomobil Yolları Tikintisi və İstismarı nazirliyinin elmi tədqiqat laboratoriyasında mühəndis, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. 1983-1986-cı illərdə Moskvada SSRİ Nəqliyyat və Tikinti nazirliyinin elmi tədqiqat institutunun aspiranturasında təhsil alıb. 1988-ci ildə geriyə dönərək, 1995-ci ilədək indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin avtomobil yolları kafedrasının laboratoriyasına rəhbərlik edib. 1995-ci ildən ABŞ-da yaşayır. İlk illər burada mühəndisliklə bağlı müxtəlif ixtisasartırma kurslarında oxuyub. 1998-ci ildən “Ammann & Whitney” şirkətinin tikinti üzrə layihələr və təftiş şöbəsində çalışır…
Ömür-gün yoldaşı Həvva xanım ixtisasca fizoterapevtdir. Böyük övladı Orxan “Amazon” onlayn satış şirkətində işləyir. Qızı Dinarə isə marketinq üzrə təhsil alıb və həmin sahədə çalışır…
Deyir ki,- “Biz ABŞ-a gələndə burada azərbaycanlılar çox az idi. Daim axtarırdım və günlərin birində əlimə “Azərbaycan” adlı bir jurnal düşdü. Arxasına baxıb orada qeyd olunan telefona zəng etdim. Bir sıra məlumatları alandan sonra, qısa bir zamanda, ötən əsrin 50-ci illərindən fəaliyyətdə olan “Amerika Azərbaycanlıları Asossasiyası”nın prezidenti Tomris Azəri ilə yaxından tanış oldum. Artıq 25 ildir ki, bu təşkilatla əməkdaşlıq edirik. Ümumiyyətlə, Tomris Azərinin Azərbaycanın Amerikada tanıdılmasında böyük xidmətləri olub…”
Yeri gəlmişkən, Amerikada yaşadığım illərdə apardığım müşahidələrin nəticəsini burada qeyd etməsəm insafsızlıq olar. ABŞ-da vətənimizlə bağlı onlarla təşkilat var. Tomris xanımın rəhbərlik etdiyi cəmiyyət həqiqətən də mövcud təşkilatların hamısından əvvəl yaranıb. İndiyədək çox işlər görüb, Azərbaycan naminə xeyli layihələrə imza atıb. Necə deyərlər, bu cəmiyyət soydaşlarımızın ABŞ-da yaratdığı bütün təşkilatların mənəvi anasıdır…
Bəli, haqqında söhbət açdığım Yakov Abramov XXI-ci əsrin ilk illərində bir neçə soydaşı ilə birlikdə Nyu Yorkda “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”ni yaradır. Və bu mərkəz icma tədbirləri ilə yanaşı Azərbaycanla bağlı tədbirlər də keçirməyə başlayır. Bir müddət sonra tədbirlərin miqyasını böyüdərək konfranslar, filmlərin nümayişi, Azərbaycan rəssamlarının sərgiləri, bəstəkarlarımıza həsr olunan gecələr və s. mədəni-kütləvi tədbirlər həyata keçirir. Söylədiyinə görə, həmin tədbirlərə ölkəmizin BMT-dəki rəsmiləri həmişə dəstək olublar. 2003-cü ildən işıq üzü görən, azərbaycan, rus, ingilis dillərində məqalələrlə vətənimizi tərənnüm edən “Yeni Üfüqlər” qəzeti bu gün də oxucuları tərəfindən sevilə-sevilə oxunur. Hər beş ildən bir Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayında iştirak edir…
Hazırda azərbaycan dilinin tədrisi layihəsi üzərində işləyir. İstəyir ki, ABŞ-da yeni gələn nəsillər ana dilimizi unutmasınlar, bu dildə sərbəst danışmağı bacarsınlar. Arzulayır ki, “Qarbağ şikəstəsi” tezliklə bütün Qarabağda səslənsin…
Amerikaya köçmək istəyənlərə isə tövsiyyəsi belə oldu:- “Hər kəs öz seçimində azaddır. Gəlsinlər, amma milli kimliklərini, soyköklərini unutmasınlar”…
Elman Eldaroğlu
Share: