Qalib dövlət

Qalib dövlət

Dünya azərbaycanlıları üçün 8 noyabr Zəfər, Qürur günüdür

Azərbaycan dövləti üçün Qarabağ məsələsini həll etmək, ərazi bütövlüyünün bərpa edilməsi qaçılmaz idi. Artıq bu, xalqımızın ümummilli məsələsinə çevrilmişdir. Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həlli üçün maksimum səy göstərmişdir. Demək olar ki, bütün beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasəti ifşa edilmişdir. Bütün bunlara baxmayaraq Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən qaçırdı. Azərbaycan isə səbr nümayiş etdirir, eyni zamanda ordusunu gücləndirirdi. Ümumiyyətlə, Azərbaycanın hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Və bütün bu görülən işlər Milli Ordunun torpaqlarımızı düşmən işğalından azad etməyə tam hazir vəziyyətə gətirmişdi. Azərbaycan əsgəri Ali Baş Komandanın “İrəli” əmrini gözləyirdi. 2020-ci ilin 27 sentyabrında Ermənistanının cəbhədə törətdiyi təxribatlara cavab olaraq Ali Baş Komdanın əmri ilə Azərbaycan Ordusu antiterror əməliyyatılarına start verdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. 8 noyabr dünya azərbaycanlıları üçün həm müharibənin bitdiyi gün, həm də Zəfər, Qürur günüdür. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sənədə əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin dedi kimi bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək: “Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm”.

Müharibə günlərdə Azərbaycan həm cəbhədə uğur qazandı, həm də diplomatik qələbə əldə etdi. Eyni paraleldə hücum taktikası icra edilirdi: bir cəbhədə Milli Ordu, digər sahədə isə Prezident İlham Əliyev mübarizə aparırdı. Həmin günlər Prezident İlham Əliyev tərəfindən xarici mediaya verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Həmçinin dünya Azərbaycanın nəyə qadir olduğunu, xaqlmızın milli brliyini görmüşdür. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Onlar müharibə zamanı bilik nümayiş etdirərək Ermənistana qarşı bəyanatla çıxış etmişdirlər. Eyni zamanda  Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Buna görə də Qarabağ yolunda şəhid olanların arasında ölkəmizdə yaşayan müxtəlif xaqların nümayəndələri də var. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Bu gün şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Xalqımız Vətən yolunda canlarını fəda edənləri hər zaman ehtiramla anır. Çünki qələbə hissini bizə yaşadanlar məhz şəhidlərdir. Bu ilin sentyabrında Azərbaycan Ermənistan üzərində növbəti Qələbəsini qazandı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbəsidir. Biz mübariz xalq olduğumuzu, torpağımızın düşməndə qalması ilə razılaşa bilmədiyimizi nümayiş etdirdik. Bu gün Azərbaycan azad, suveren, ərazi bütövlüyünü bərpa etmiş qalib, zəfər çalan dövlətdir.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Share: