Aqşin Yenisey
Təkcə insanların deyil, ölkələrin də, şəhərlərin də içini gəmirən bir sual var: kənardan necə görünürəm? Hətta bir neçə il qabaq Katolik Kilsəsinin Papası Fransisko Beynəlxalq Kosmik Stansiyası ilə video bağlantı yaradıb kosmonavtlara da bu sualı vermişdi: “Oradan baxanda dünya necə görünür?
Bizim kənardan necə göründüyümüzü müəyyən edən amillər daha çox hansı daxili narrativdən asılıdır: əxlaqdan, etikadan, yoxsa tərbiyədən?
Nə qədər bir-birilərinə yaxın anlayışlar olsalar da, əslində, hər üç sosial normanın arasında xeyli fərqlər vardır. Məsələn, etika davranışın forması, şəklidirsə, əxlaq davranışın məzmunudur, mənbəyidir. Tərbiyə isə bunların ikisinin arasındakı əlaqənin eqo tərəfindən fərdə tətbiqidir. Tərbiyənin mənşəyi eqodur. Bu eqo şəxsi də ola bilər, ideoloji də.
Etika praktikada özünü doğrultmalıdır, əxlaqın isə belə bir mütləq öhdəliyi yoxdur. Əxlaqla etika şahmat taxtası üzərindəki şahla vəzir kimidirlər; əxlaq etika vasitəsi ilə oyunu idarə edir.
Uil Düranta görə, etikanın üç forması var. Bir, Buddadan və İsadan gələn feminen alicənablığa əsaslanan etika. İki, Makiavellinin və Nitsşenin öydüyü maskulin alicənablığın etikası. Üç, Sokratın, Platonun, Aristotelin etikası – bilgili və müdrik insanların mühakimə etikası.
Əxlaqi olan etik olmaya bilər. Məsələn, dini mətnlər əxlaqidirlər, amma bəzən etik deyillər. Səndən olmayanı öldürməyi əmr etmək etik deyil, amma bu çağırış bir çox əxlaqi mətnin ana sütunlarından biridir.
Əxlaq, bir növ, sosial inancdır, o, etikadan öz qətiliyi ilə fərqlənir. Məsələn, bir polisin peşə əxlaqına sadıq qalması, onu ötəri ehtiraslara qurban verməməsi əxlaqdır, o polisin qandalladığı oğruya arzuladığı halda siqaret verib-verməməsi isə etik məsələdir.
Fəlsəfə tarixində bu mövzulara toxunmayan çox az sayda fikir adamı tapmaq olar. Onların bir neçəsinin bu mövzuda fikirlərinə baxmaq yazımıza fəlsəfi ruh verəcəkdir.
İngilis filosofları Hobbs və Hyum əxlaqı tamamilə sekulyar bir norma kimi görürdülər, onun dini, ilahi mənşədən gəldiyini rədd edirdilər. Spenser isə lap ağını çıxararaq əxlaqı bioloji akt kimi izah etməyə cəhd edirdi. Xaksli bunu eşidəndə dəli olmuşdu və bildirmişdi ki, təbiətdə ədalət və məhəbbət yox, dişlər və caynaqlar söz sahibidir.
Yəhudilərin öldürmək istədikləri Spinozaya görə, həyatın ən yaxşı normalarını determinizm yaradır; səbəb-nəticə əlaqələri. Həyatda heç kim günahkar deyil, hər nəticənin özündən asılı olmayan bir səbəbi vardır. Əclaf nə üçün əclaf olduğunu bilmədiyi üçün əclafdır. Əxlaq öz işini o, əclaflıq edənə qədər görməlidir ki, bunun da yolu sosial nizamın ağıl üzərində qurulmasından keçir. “Ensyslopaedia Britannica”nın 1798-ci il nəşrində yazıldığı kimi, “hər kəsi özbaşına buraxsan, zənci olar”.
Kanta görə, əxlaq ağıl qanunlarıdır. Yaxşını və pisi ağıl müəyyən etdiyi üçün Kant hesab edirdi ki, o, yəni ağıl həm də əxlaqi öhdəliklərin təməlidir. Kantın əxlaqı iradə azadlığına əsaslanır ki, bu da praktik ağlın öz istədiyini etdiyi halda xeyirxahlığa yönələcəyinə inamdır. Kant deyir ki, iradəsi azad olmayan adam əxlaqlı ola bilməz.
Kantın “azad iradə əxlaqını” öz evində əlisilahlı Napoleon əsgəri kimi görən Hegel isə praktik ağılın xeyirxahlığına şübhə ilə yanaşırdı, çünki o, Kantdan fərqli olaraq, Fransız İnqilabı zamanı Robespyerin öz ağlının gücünü bütün mədəniyyətə qarşı qoyaraq nə hoqqalardan çıxdığını öz gözləri ilə görmüşdü.
Əslində, bu iki filosofun əxlaqa münasibətini maarifçiliyə münasibəti müəyyən edir. Hegel fransız rasionalistlərinin və Napoleonun qanlı əməllərinin şahidi olduğu üçün maarifçiliyi təkcə ağılın azadlığı kimi anlamağın yanlış olduğunu düşünürdü. Kant isə Russo sentimentalizminin heyranı idi; iddia edirdi ki, ağlın yüyəni hissin əlində olmalıdır. Yalnız bu zaman zəka düzgün qərarlar verə bilər.
Hegelin əxlaq anlayışı bir az qanuna oxşayırdı. Hegel hesab edirdi ki, Fransız İnqilabında baş verən vəhşiliklər Kantın əxlaq dediyi şeyin xarakteristik bir təzahürü idi. Hərəkətə keçən ağlın nəzarətindəki azad iradə bütöv bir ölkəni yaxıb-yandırırdı. Odur ki, Hegel əxlaqi öhdəlikləri fərdin üzərindən götürüb cəmiyyətin üzərinə qoyurdu. Rasional təməllərə fərd yox, cəmiyyət söykənməlidir. Üstəgəl, ağılla bərabər müdrikliyə də ehtiyac var.
Nitsşe isə ümumiyyətlə, əxlaq deyə bir şeyin olmadığını söyləyirdi. O deyirdi ki, əxlaqi həqiqətlər deyə bir şey yoxdur və indiyə qədər insanı əxlaqlı etməyə cəhd edən bütün təlimlər qeyri-əxlaqi olub.
Nitsşeyə görə, insanın məzmununu nə tanrı yaradıb, nə cəmiyyət, nə ailə, nə də özü. Heç kim var olduğuna görə məsul deyil, nə gəndələş kolu, nə insan. İnsan, sadəcə, var olan bir bütünün parçasıdır. Gerçək olan yalnız bu bütündür. İnsanın bu bütündən ayrı heç bir statusu yoxdur.
Onu heç kim və heç nə yaratmadığı üçün, heç kim və heç nə də mühakimə etməyəcək, cəzalandırmayacaq. İnsanı mühakimə etmək bütün varlığı mühakimə etmək deməkdir. Yəni soxulcandan turpa qədər hər şeyi məhşər ayağına çəkmək deməkdir.
Nitsşeyə görə, sirk ustası bir heyvanı necə əhliləşdirirsə (cəzalandıraraq, mükafatlandıraraq), əxlaqi təlimlər də insanı o cür əhliləşdirirlər və bunu ona yaxşılıq adına etdiklərini deyirlər.
Halbuki xristinalıq monastra soxub ilk insanı günahkar elan etməklə onu daha da əxlaqsızlaşdırdı. İndi o, qəfəsə salınıb hər şeyə şübhə və qorxu ilə baxan rəzil bir məhbusdur. Xristianlıq bir cəllad metafizikasıdır. Bunlar Nitsşenin sözləridir.
Gələk özümüzə!
Biz əxlaqı etika və tərbiyə kimi başa düşürük ki, bu da birmənalı olaraq uzun müddət müstəmləkəçilik qamçısı altında böyüməyimizin nəticəsidir. Qamçı olan yerdə əxlaq və etika yoxdur, tərbiyə var.
Bu gün belə bizdən hər yerdə – metroda, ədəbiyyatda, televiziyada, mediada, ailədə – əxlaq yox, tərbiyə tələb olunur, yəni öyrədilmiş vərdiş və davranışların icrası. Atası yaşında kişi ilə yatan Lolita, yaxud qızı yaşında qızlarla yatmaq üçün milləti aldadan şeyx Nəsrullah əxlaqsız idilər, amma tərbiyəsiz deyildilər. Tərbiyə təşkil və tərtib olunmuş sintetik bir proqramdır. Dəyişkəndir, zorakıdır, təmənnalıdır. Əxlaqa pis vərdişlər tərbiyə vasitəsilə daxil olur. Məsələn, daş-qalaq əxlaqın içindəki tərbiyədir, amma əxlaq öz içində tərbiyənin bu amansızlığına qarşı siğə təklif edir, yəni insanı tərbiyənin cəzasından qorumaq üçün ona bir ayaq yeri qoyur, qapı açır və s. Əxlaqsızlığı, adətən, tərbiyənin qadağaları yaradır. Məsələn, sovet tərbiyə sistemində yetişmiş mədəniyyətimizin böyütdüyü cəmiyyətə baxaq. Tərbiyəli roman, tərbiyəli kino, tərbiyəli musiqi, tərbiyəli ziyalı və nəticəsi – cəmiyyətdə yaşanan əxlaqi qıtlıq. Eyni dövrün Avropa mədəniyyətinə baxaq, tərbiyəsiz romanlar, tərbiyəsiz kinolar, tərbiyəsiz musiqilər, rəsm əsərləri, tərbiyəsiz intellektuallar və sonuc – sosial əxlaqın qətiliyi!
Səbəb?
Avropa sosial ölçü olaraq ailə və tərbiyəni seçmədi, onu fəlsəfi baxımdan aşağıladı, onun yerinə cəmiyyəti və əxlaqı seçdi. Biz isə mədəni norma kimi əxlaqı deyil, tərbiyəni, sosial ölçü kimi cəmiyyəti deyil, ailəni götürdük. Qırılma nöqtəsi buradadır. Bunu Şərqin özünəməxsusluğu kimi yozub öz qədim qalasını qoruyanlar da var.
Biz insanı tərbiyə çərçivəsinə sıxışdıraraq, onun iradə azadlıqlarını, yəni yaradıcılıq imkanlarını əlindən alırıq və elə buna görədir ki, ən qəddar əxlaqsızlıqlar ən tərbiyəli cəmiyyətlərdə baş verir. Çünki burada əxlaqsızlıq tərbiyəyə qarşı bir aksiya kimi həyata keçirilir, əsas məqsəd tərbiyənin Bastiliya qalasından fərdi xilas etməkdir, onun azadlığının qisasını bu qalanı tikənlərdən və qoruyanlardan almaqdır. Buna görə də, məsələn, Azərbaycanda həmişə “şir evdən gedir” və bir daha geri qayıtmır.
Əxlaqdan qaçış azadlıqdırsa, tərbiyədən qaçış özbaşınalıqdır.