Qan damır “Xocalı” sözündən -Mina RƏŞİDİN şeirləri

Qan damır “Xocalı” sözündən -Mina RƏŞİDİN şeirləri

XOCALI

Ağappaq qar üstünə

Qanı çilənmiş balam.

“Qar adam”ın yanında

Qana bələnmiş balam.

Anası saçlarından

Göydən asılı qalmış.

Atası- «Vətən», – deyə,

Düz ağzından atılmış.

 

Babası buz heykəli –

Torpaq üstə yıxılmış.

Nənəsi  havalanıb,

Dili-ağzı tutulmuş.

 

Bacısı, qardaşları

Qıyma-qıyma doğranmış.

Utansın belə dünya,

Zülmü artıq ağ olmuş!

 

Bir oba – bir məzarlıq,

Bütün nəsil qırılmış.

«Unutqanıq!», – deməkdən

Demə, dilim yorulmuş…

 

Biz unutqan olsaq da,

Tarix bunu unutmaz.

İnsanlığın düşməni

Heç bir kəsə dost olmaz!

 

QARĞIŞ

 

Novruz tonqalından

atlana bilmədi

Xocalı uşaqları,

qaldı yağı əlində…

Ay zalım düşmən,

səni odda yanasan,

suda batasan,

çörəyimiz tutsun səni,

boğulasan!

Daşın daş üstə qalmasın heç,

Bu əziz, kövrək günümdə

Görüm qarğışımız tutsun səni!

 

QAN DAMIR «XOCALI»  SÖZÜNDƏN

Yenə Xocalı faciəsinin

növbəti ildönümü,

müsibətimizin

şəkilləri sərgilənir,

dərdimiz təzələnir,

könlümüz güllələnir…

«Xocalı» sözündən qan damır

Qəlbimizə –

Əsəblərimiz gərilir,

yumruqlarımız düyünlənir,

iİtirdiklərimiz,

atamızın şəhid olması

belə bizə adi gəlir

bu ağrını

hiss edincə…

 XOCALIM MƏNİM

Milli Qəhrəman Çingiz Mustafayevin

əziz xatirəsinə  

 

Jurnalistdi o,

Həkimdi, həm də.

Vətən çağırdı

Durmadı gendə…

 

-“Dözmürəm”, – dedi,

Ürəyim orda.

Bu da kameram

Dostumdur darda.

 

Dillər dastanı

Ünlü Qarabağ.

Nədir qəlbinə

Çəkilən bu dağ?!

 

Ağ göyərçinlər

Burda vurulmuş.

Düşmən bir cəllad,

Dünya kor olmuş…

 

Zalım, uşağın

Nədir günahı?

Tutmazmı səni

Körpənin ahı?!

 

Başıbəlalı

Dərdli şəhərim…

Hönkürdü Çingiz

-XOCALIM MƏNİM!..

Çingiz mərd oğul

O bir qəhrəman.

Vətən unutmaz

Onu heç zaman!

Mina Rəşid

 

 

Share: