Bayden administrasiyasının yüksək vəzifəli nümayəndələri deyiblər ki, Rusiya neft satışının kəskin azalması ilə üzləşib və bu da Kremlin əsas gəlir mənbəyini itirməsi ilə nəticələnə bilər.
Bu haqda “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.
Ağ evdə müəyyən ediblər ki, martın 15-dən 20-nə qədər Rusiya bir barel belə neft sata bilməyib. Rusiya nefti tankerlərə yüklənsə də onu alan olmayıb. Müqayisə üçün qeyd olunur ki, Rusiya müharibədən əvvəl sutkada orta hesabla 5 milyon barelə yaxın neft satırdı. İndi isə Rusiya neftini alan yoxdur. Doğrudur, Qərb hələlik Rusiyadan neft ixracına embarqo tətbiq etməyib, amma ABŞ Rusiya neftini almağı qadağan edib. Digər tərəfdən Rusiyaya qarşı tətbiq edilən çoxsaylı maliyyə sanksiyalarına görə potensial alıcılar bu ölkə neftindən uzaq durmağa çalışırlar.
Rusiya büdcəsinin gəlirlərinin 40 faizdən çoxu neft satışı hesabına formalaşır. Əgər Avropa İttifaqı da Rusiya neftini almağı qadağan etsə bu Kreml üçün əsl zərbə olacaq. Hazırda Rusiya nefti bazar qiymətindən 20-30 dollar aşağı təklif edilir. Bəzi analitiklər hesab edirlər ki, Rusiyanın bu problemi müvəqqətidir və gələcəkdə neft alverini nizama sala biləcək.
“Bu həqiqətən də mühümdür ki, bir çox neft emalçıları və treylerləri Rusiya neftini almaqdan imtina edirlər, hətta ona toxunmaq belə istəmirlər. Əgər bu tendensiya davam etsə də genişlənsə o zaman biz Rusiyadan neft təchizatının əhəmiyyətli ölçülərdə azalmasını görə biləcəyik”,- “Rapidian Energy Group” şirkətinin energetika üzrə analitiki Bob Maknelli qəzetə açıqlamasında deyib.
Beynəlxalq Energetika Agentliyi ötən həftə proqnozlaşdırıb ki, Rusiya neftinin ixracı gələn aydan etibarən sutkada orta hesabla 3 milyon barelə qədər azalacaq. Bu isə Rusiyanın neft ixracından əldə etdiyi gəlirlərinin 40 faizini itirməsi deməkdir.
“Energy Aspects” firması isə proqnozlaşdırır ki, Rusiyadan xam neft ixracı yanvar ayı ilə müqayisədə 1-1,5 milyon barel azala bilər. Firma hesab edir ki, Rusiyanın boru kəmərləri ilə neft ixracı fasiləsiz davam edəcək, amma tankerlərlə neft satmaq çətinləşəcək. “Biz gözləyirik ki, aprel ayından etibarən ən yaxşı halda ixracın yarısı azalacaq. Avropa Rusiya neftini almamağa üstünlük verir, Çin isə hələlik bütün qalanları almaq istəmir”,-firmanın analitiki Amirita Sen deyib.
Lakin ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, Rusiya üzrə işləmiş Eddi Fişman deyir ki, Rusiya neftinin ixracının azalması müvəqqəti ola bilər. Onun sözlərinə görə, neftə tələbat hələ də yüksəkdir və dünyada sanksiyalara qoşulmayan bir çox ölkələr var. Və onlar sonda Rusiya neftini alacaqlar.
Hazırda Rusiya nefti bazar qiymətindən 20-30 dollar aşağı təklif edildiyindən bir çox firmalar bu ucuz nefti almağa çalışır. Lakin qiymət belə aşağı olsa da Rusiya büdcəsinin neftdən kifayət qədər gəlir əldə etməsinə də imkan verir.
Müstəqil.Az