Bu gün məşhur meyxanaçı Məşədibabanın anım günüdür. Kulis.az bu münasibətlə meyxanaçı haqqında maraqlı faktları təqdim edir.
Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-də Bakının Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə maraq göstərən Məşədibabanın istedadı şeiriyyatda özünü göstərməyə başlayır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Səsi ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Yazdığı qəzəlləri meyxanaya çevirir.
***
Qısa zamanda qəsəbə camaatı arasında hörmət qazanan meyxanaçı kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş. Ustadı olmayan meyxanaçı özü haqqında belə deyirmiş: “Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa, deyəcəksən, bacarığın yoxdursa, lap 50 il sənə bir ustad dərs versin, xeyri yoxdur. Bu tamam Allahın vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz.”
***
Məşədi Baba yaman dəcəlmiş, dalaşqanmış məktəbdə. Tez-tez müəlliməyə söz qaytararmış. Müəllimə də dinc durmur əvəzində. Qədim mollaxanalardakı kimi, uşağın ayaq pəncələrini keçirir bir növ fallaqqaya. Xətkeşlə Məşədi Babanın ayaq pəncələrinə vurur. Bu hadisədən sonra onun sümükləri zədələnir, bir neçə dəfə əməliyyat olunur.
Maştağadakı toy adətlərindən biri də toyun axırına yaxın qüdrətli meyxana ustasının böyrünə bir stul da əlavə edərlər ki, görsünlər çoxmu boş qalacaq o? Gözü qızmış bir cayıl, nəhayət, gəlib oturacaqmı bu boş stulda? Meyxana deməyə cürət edəcəkmi ağır-sanbal el ustaları hüzurunda? Bir gün Ağasəlim Çıldağın böyrünə belə bir boş stul qoyurlar. Deyirlər ki, bəs yenə əvvəlki kimi boş qalacaq o. Ancaq bu dəfə həmin stul boş qalmır. Əvvəl Məşədi Baba, sonra Elçin gəlib oturur Ağasəlimin böyründə adətən boş qalan həmin stulda. Qafiyəni götürüb başlayırlar səhərəcən meyxana deməyə.
***
2005-ci ildə namaz qılır, dinlə maraqlanır. Lakin, bu cəmi bir il çəkir. Məşədibaba 2006-cı ildə namazdan dönür.
***
Yaxınlarının sözlərinə görə çox bədxərc adam olub. Bir gecədə toydan beş min qazansa da, ertəsi gün ailəsindən əlli qəpik istəyirmiş. Bir dəfə isə burnu axırmış, cibində komalanan əlli, yüz manatlıqları çıxarıb əlli manatlığın biri ilə burnunu silib küçəyə atır.
***
Məşədibaba əmisi qızına istəkli olub. Onunla nişanlanır. Toylarına çox az qalmış yaxın dostu və rəqibi meyxanaçı Elçin Atakişiyevlə aralarında mübahisə yaranır. Mübahisə zamanı Məşədibaba dostunu bıçaqlayır. Lakin, bu bıçaq zərbəsi ölümcül olmur. Deyilənə görə Elçini xəstəxanaya çatdırmalı olan adamlar bilərəkdən ləng davranırlar. Nəticədə Elçin dünyasını dəyişib, Məşədibaba isə həbs olunub. Məhkəmə zamanı Elçinin atası öz ifadəsi ilə çoxlarını təəccübləndirərək deyir: “Bir oğlum məzara getdi, o birini də qazamata göndərməyin”.
Məşədibaba altı il azadlıqdan məhrum olunur. 2000-ci ildə həbsdən azad edilir. Şahidlərin sözlərinə görə həbsxanadan çıxan kimi Məşədibababnın ilk getdiyi yer Elçinin məzarı olub.
***
Əsərlərinin çoxunu həbsdə olarkən yazır. Həbsdən çıxandan sonra əmisi qızı ilə ailə həyatı qurur. Bir il sonra onların Mircəlal adlı övladları dünyaya gəlir. Məşədibabanın içkiyə aludə olması ailəsində soyuqluq yaradır. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur.
***
Meyxanaçının oğlu Mircəlal Aydəmirov müsahibələrinin birində bu haqda deyir:
“Atam Elçini öldürmədiyini birinci dəfə mənə deyib. Deyirlər ki, guya atam həbsdən çıxandan sonra ilk olaraq Elçinin məzarını ziyarət edib. Yalan sözdür. Hadisə bizim evin qarşısında olub. Ad günündə çıxıb, maşınla evə gəlirlər. Meyxana nümayəndələrindən də orada olan olub. Bıçaqlanma səbəbi isə söyüş olub. Elçin atama nahaqdan əl qaldırıb. Atam da əlləri ilə dəstək ağacını (kastel) saxlayırdı. Ayağında uşaqlıqdan problem olub. Elçin vurub, atam yerə yıxılıb. Özü necə danışıb, mən də sizə elə deyirəm. Atam ayağa duranda, ikinci dəfə bir də vurub və yenə yerə yıxılıb. Üçüncünü vurmaq istəyəndə atam deyib ki, Elçin çıx get, səhər söhbət edərik. “Sən də içkilisən, mən də. Vuraram, peşmanlıq olar. Məni özümdən çıxartma”. Elçin də söyüb ki, vurmayanın…. Atam da cibindən bıçağı çıxardıb, gödəkçənin üstündən vurub. Elçini 7 saat maşında gəzdiriblər. Həkim deyib ki, insan şillədən ölərdi, bu bıçaq yarasından ölməzdi. Niyə xəstəxanaya vaxtında çatdırmayıblar? Deyirlər ki, guya 7 bıçaq zərbəsi vurub. Yalandır. Meyxana aləmindən olan dostlar, insanlar atamla Elçinin arasında mübahisə olmasında maraqlı idilər. Hətta deyərdim ki, onların arasındakı mübahisənin də səbəbkarı onlar idi”.
Həbsdən çıxandan sonra Elçinin qardaşları Məşədibabaya hücum etmək istəyirmişlər. Bir gün Məşədibaba “Tavaylıq” məhləsində toya gedir. Elçinin qardaşları, özü orada yaşayıbmış. Məşədibaba qaynına deyir, mən meyxana deyəndə arxamı qoru. Camaata baxıram, arxamı görə bilmirəm. Elçinin qardaşı Şahin Məşədibaba meyxana deyə-deyə arxasına keçir. Məşədibabanın qaynı özünü qabağa verib onu qoruyur.
***
Deyilənə görə Elçinlə Məşədibaba arasında yaranan ixtişaşda dövrün məşhur meyxanaçıları müəyyən mənada maraqlı olurlar. Məqsəd isə hər iki meyxanaçını aradan götürmək, onların şöhrətinin qarşısını almaq imiş.
***
Rəqibləri belə etiraf edirmişlər ki, Məşədibaba toyda ayağa qalxanda bütün toyxana onu alqışlayıb, başına pul səpirmişlər.
Çox böyük ürək sahibi olub. Ona nisyə şərab verməyən mağaza sahibini yadında saxlayır. Bir gün toydan qayıdanda mağazaya girərək nisyə dəftərindəki hər kəsin borcunu ödəyib, dəftəri cırdırır.
***
Həbsdən çıxandan sonra Məşədibabanın əsəbləri pozulur, ailəsi ilə, yaxınları ilə dolanmır, içki aludəçiliyi sürətlənir. Heç kim onun üçün çalışmır. Qohumları onu köhnəlmiş əşya kimi aparıb xəstəxanaya atırlar. Həyat yoldaşının isə onunla yaşamağa on il gücü çatır. 2006-cı ildə Məşədibaba içkili halda gəlib əvvəl evini, sonra isə maşınını yandırır. Daha sonra qayınanasını bıçaqlayır. Bütün bunları o, dörd yaşlı oğlunun və çox sevdiyi həyat yoldaşının gözləri qarşısında edir. Ancaq yenə də həyat yoldaşı ondan ayrılmır. Lakin, bir gün çatır, hər kəs Məşədibabanı tərk edir. O, içki şüşələri, siqaret və meyxanaları ilə təkbətək qalır. Bu təklik onun özünü yandırdığı günə qədər davam edir.
Oğlu həmin faciəvi günü belə xatırlayır:
“Atamı çox istəyirdim. Anam gedəndə də mən atamla qalırdım, ağlayıb onu istəyirdim. Saatlarla heyranlıqla ona baxırdım. Ayıq olanda tamam başqa insan idi. Sakit, danışmırdı heç. Amma o zəhrimar dilinə dəyəndə 180 dərəcə dəyişirdi. Atam öləndən sonra onlar tərəfdən 5-6 nəfərlə salamım var. Atamın ölümündən mənə əsəb pozğunluğu, bir də qorxu qaldı. Tez-tez səksənirəm. Əvvəl, uşaq olanda lap çox idi. Ev, maşın yananda o qədər də qorxmamışam. Özü yananda çox qorxdum. Hadisə birdən oldu. Pəncərədən baxdım ki, butulkada nəsə içir. Düşünürsən ki, su içir və birdən alov çıxdığını görürsən. Sən demə, bu benzin içib və başına töküb. Yanan anını gördüm. Alov çıxanda tez həyət qapısına çıxdım. Atamın dayısı oğlu məni yaxınlaşmağa qoymadı, qarşımı kəsdi. Onda çox qorxdum, səksəndim. Atam 99 faiz yanmışdı. Təkcə ayağının baş barmağının dırnağı yanmamışdı. Onsuz o özünü yandırmasaydı, tez öləcəkdi. Başında şiş var idi. İki dəfə qan qusduğunu görmüşdüm. İçkidən ciyərləri qapqara olmuşdu. Bəlkə də, həkim onun üçün vaxt qoymuşdu, heç kimə demirdi. Sağ ayağında da çürümə gedirdi. Əgər anamla atam barışsaydı, anam öləcəkdi”.
***
Beləliklə sevdiyi qadını evinə qaytara bilməyən 39 yaşlı Məşədibaba 2010-cu il yanvarın 10-da qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orda can verir.
***
Gənc həmkarlarından biri deyir ki, biz xəstəxanaya çatanda o, hələ sağ idi. Amma artıq gözlərini aça bilmirdi. Həkimlər dedi ki, son söz olaraq iki bənd şeir deyib.