(V.Hüqonun “Səfillər” əsərinə yönəlik düşündüklərim)
Viktor Hüqonun “Səfillər” əsərini oxudum. Zaman-zaman yaşanan, bu günümüzdə də davam edən İnsanlıq sorunlarını əsərin qəhrəmanlarının yaşantılarında aydın bir şəkildə izləyirik. Həyatın zorluqları qarşısında insan necə yaşamalı, mənəviyyatını qurmaq, onu qorumaq üçün nələrə dözməlidir?!
Cəmiyyətin insana yanaşma tərzi – insanın insana münasibətindən doğan çatışmazlıqlarla formalaşır. Nədən insanlar bir-birinə qənim kəsildi, nədən savaşlar, qırğınlar – insan kimi yüksək varlığın qaçılmaz əməlləri kimi oluşdu?! İnsan bu kimi suallarla Allaha üz tutur. Çapan, talayan, dağıdan insan son ümid yeri kimi, göylərdə düşündüyü, yalnız xəyallarda bilinən qüvvənin qarşısında özünü aciz duruma soxmaqla, gerçək çıxış yollarını qapamış olur…
Kitabın ilk bölümündə, cənab Mirielin həyatını oxuduqca, insana sevgi ilə yanaşıldığını, acizliyin üstünə gedilmədiyini görürük. “Onun qəlbində nifrətə yer yox idi. Daim insana sevgi saçırdı. Qəlbi, əməli, üzü, dili eyni şeyi deyirdi. Hər yerə yayılmış qəm-qüssə onun üçün bir bəhanə idi”. (Səfillər. səh. 41).
Bu sadə könüllü yepiskopun yanaşmasında, eybəcərliyə qarşı xeyirin ifadə olunduğunu izlədikcə, Asif Atanın bir deyimini daha dərindən anlamış oluram: “Dünyanı əyən də insandır, düzəldən də”.
Kitab – insan taleyini səfilliyə sürüyən ağrıları, acıları böyük bir ustalıqla anladır. Bu kitabı oxuyan hər kəs belə düşünər. Ancaq çağdaş gediş də səfillik ortamından başqa bir şey deyil. Aclığın, səfalətin yaratdığı çətinlik üzündən çörək oğurlayan Jan Valjanlar bu gün yoxdurmu?! Axı niyə?! Bu gəncin nədən bu yola əl atdığını, yeddi körpə uşağın sonrakı taleyini heç kim nəzərə almır. Dilsiz-ağızsız, duyğusuz-hissiyyatsız qanun da öz “işini görür”. Oğurluq cinayətdir, oğru cəzalanmalıdır – bu qanundur. Bəs yeddi körpənin taleyi?! Oğurluğun səbəbini araşdırmadan hökm verən dəyişilməz qanun, nədən yeddi körpənin səfil durumda yaşamasına səbəb olan, qanunsuzluqlara qarşı işə yaramır?!
İnsanın ömrü, taleyi Allahın iradəsindən asılı hesab olunur. Ancaq görünən odur ki, insanların acı taleyini elə insan özü yazır. Bu yazını quru qanunlarla bərkidib faciələrə yol açır…
19 ildən sonra qanunun caynağından qurtulan Jan Valjan bu illərin ağrı-acısı azmış kimi, bir də cəmiyyətin cahil şüurunun sərtliyi ilə üzləşərək, hər yerdən dışlanır. Yer üzündə hər kəs kimi yaşamaq haqqı olduğu halda, ona qarşı ögey yanaşmalar – dövlətin də, qanunun da, vicdanın da yerində olmadığını isbatlayır…
Din yepiskopunun ədalətli davranmaları Jan Valjanın düşüncələrində dönüş aşaması başlatdı. Jan Valjanın, katorqa həyatından sonra, ən çox ehtiyac duyduğu bu münasibət idi. Ancaq bu münasibət onu, düşdüyü qaranlıqdan, birdən-birə qurtara, Yepiskopun sevgisi iş görə biləcəkdimi?! Axı bütün cəmiyyətdən gördüklərinin yanında bu münasibət təsadüfi xarakter daşıya bilərdi.
Jan Valjanın içində bir-biriylə çəkişən iki qüvvə döyüşməyə başlayır: Biri inamın, sevginin yaratdığı ümid işığı, biri, illərlə onu əsarətdə saxlayan, nifrət qaranlığı. Ümid işığı onu həyata, yaşamağa səsləyir, nifrət qaranlığı bu işığı boğmağa, söndürməyə çalışır. Ancaq buna baxmayaraq, Yepiskopun ona sevgi ilə yanaşması çarəsizlik içində çabalayan birinə uzanan əl idi. Odur xilaskar, odur Tanrı – ona yaşamaq üçün əl uzadan, onun qəlbinə inam, ümid, sevgi işığı verən biri. Ruhaniyyat quru görsəniş yaratmaq deyil, insanın içində yaşamağa, gələcəyə ümid yaratmaqdır.
Sonrakı bölümdə də qanunun yalançı nizam-düzən yaratdığını izləyirik. Bu görsəniş – bir-birindən tamamilə fərqlənən iki şəxsin simasında bütün dolğunluğu ilə üzə çıxır. Yalançı nizama uyğun gəlməyən Jan Valjan, qanunu insandan yüksəkdə görən Javerin təqibi ilə, katorqadan betər katorqa münasibəti ilə üz-üzə qalır. Yeni bir kimliklə – Madlen adı ilə yaşamaq əslində qanunun yenidən suç işləməsi deməkdir. Qanun Jan Valjana qarşı iki dəfə suç işləmişdi: bir dəfə yaşamaq uğrunda mübarizə aparan gənc Jan Valjanı ən ağır cəzaya – katorqa həyatına məhkum eləməklə, bir dəfə də onun dəyişilib sağlam həyat qurmaq çabalarına əngəl olmaqla.
Qanun qəlib yaradır, kamil insan isə ədaləti, vicdanı, quruculuğu qanuna çevirir. Buna ən çox dövlət imkan vermir – cəmiyyəti antiinsani baxışa kökləməklə. Biz bunu əsərdə daha qabarıq şəkildə oxuyuruq. Jan Valjanın yerinə günahsız biri suçlanırkən, o, öz vicdanı qarşısında üzüağ olmaq üçün, etiraf etməli idi. Bunu bacardı. Cənab Madlen hər kəsin önünə keçib katorqalı Jan Valjan olduğunu etiraf etdi. Bu addımı ilə əslində orda oturan hər kəsi vicdanı ilə baş-başa qoydu. Ancaq nə yazıqlar, insanlar ən çox örnək alınası məsələləri sonacan anlaya, dəyərləndirə bilmirlər.
“Təəssüflə qeyd etməliyik ki, “bu adam keçmiş katorqalıdır” sözlərini eşidərək hamı ondan üz döndərdi. İki saat keçmədi ki, onun etdiyi bütün yaxşılıqıar yaddan çıxdı. İndi o yalnız katorqalı idi”. (Səfillər. səh. 194).
Bunları oxuyub araşdırdıqca Asif Atanın bir çağrışına gəlib dayandım: “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır!”.
Atamız Var olsun!
Köçəri Ayı, 43-cü il. Göyçay.
(fevral, 2022).