Kulis.az “Sözün Güneyi” layihəsindən Mustafa Şeyxpurun yeni şeirlərini təqdim edir.
Mustafa Şeyxpur 1982-ci ildə Miyana şəhərində anadan olub. Müəllifin 2014-cü ildə “Dünya durduğum yerdə qurtarır” adlı ilk şeir kitabı işıq üzü görüb. O, türkiyəli şair Yılmaz Odabaşının şeirlərini Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Onun şeirlər kitabı “Biləklərimdə bayat bir intihar”, ““Gözlərinə davam et” adı ilə Tehranda nəşr olunub.
Bir yerdən sonra
Bir yerdən sonra
daha soruşmayacaqsan,
gülməyəcəksən,
ağlamayacaqsan.
Pişiklər dolanacaq küçədə,
itlər keçəcək qapının önündən
mən də keçəcəyəm…
Dünən bir polis gəldi,
“Qonşu qız intihar etdi”- dedi
Mən də “uçağa gecikirəm”- dedim
“Taksi nə zaman gələcək”- soruşdum
O təşəkkür etdi
Mən də “iyi günlər dedim” polis abiyə.
Bir yerlərdən sonra
bütün saatlar durur sanki,
sən də yerimək istəmirsən,
hər kəs durmağa başlayır,
bütün taksilər, uçaqlar
Mən…
İndi mən getsəm saatlar da gələcəkmi ardımdan?
Gecələr gündüzlərə qarışır bir saatlardan sonra,
ulduzları buludların peşinə göndərirəm,
ayla günəş bir yataqda yatırlar.
Bir zamandan sonra durmağa başlayacağam,
sonra saatlara “get” deyəcəm,
günlərə “get” deyəcəm,
günəşə “get” deyəcəm
ulduzlara “get” deyəcəm
buludlara “get” deyəcəm
Sonra oturub onlar üçün ağlayacağam.
Həm də tam yerində.
Xəyalınızdakı dənizi ovuclarımın içinə alacağam,
sonra “öp” deyəcəyəm dodaqlarımı
sonrası dodaqları da şor olur insanın
gözyaşları kimi…
Gözlərinə davam et
Gözlərinə davam et
alt xiyabanda gözləyən biri var
gözlərinə davam et, sevgilim
röyalarımın qapısında dayan, bəzən
sərçələrimi uçurt
yarpaqlarımı tök
payız ol, qış ol
telefon simləri daha əvvəlki kimi deyil
pəncərə bağçaya açılmır, baxma
və sən görünmürsən o tərəfdə
istər yağışda, istər günəşdə
yollar daha əvvəlki kimi deyil
Röyalarımdan keçərdi gözlərin
sevgi ilə sevgilim
röyalarıma turşu səpmə
gözlərinə davam et…
***
Şəhər qaranlıqdır,
axşam saat doqquz.
Polis də tək başına,
dilənçi durub küçənin tinində
bir də fahişə…
Bir də mən bu hotelin üçüncü qatının pəncərəsində
şəhəri boğuram siqaretimin tüstüsünə,
boğuluram,
bu okean havası təhlükəlidir deyirəm, Mustafa.
Şəhər qaranlıqdır,
gecə saat on.
dilənçi durub küçənin tinində
bir də fahişə…
bir də mən hotelin üçüncü qatında.
Qapımı döydü polis
“Röyalarını oğurlayıram, xəbərin olsun”- dedi.
Şəhər qaranlıqdır,
gecə saat on-bir.
Asfaltın üstündəə düşmüş bir dilənçi,
qırmızı işığın arxasında ambulans.
“Uuuuuuu”- deyə səslənir
fahişəni götürür.
Şəhər qaranlıqdır
gecə saat on-iki.
Hər gecə saat on-ikidə bir qadın
kurtaj edir röyalarını
ölü doğulur günəş
hər gecə asfaltda…