” Qapının üzərinə yazılan ” Satılır” sözü hər dəfə silinəndə, o da hamı kimi məəttəl qalırdı…”- Sadıq Qarayev

ATA OCAQLARI.

 

 

Qapının üzərinə yazılan ” Satılır” sözü hər dəfə silinəndə, o da hamı kimi məəttəl qalırdı… Məcbur qalıb, silinməyən boya ilə yazdı… Və göz olmağa başladı. Dan yeri söküləndə, bir yaşlı qadının var gücü ilə yazını silməyə başladığını gördü. Yaxınlaşdı. Tanıyanda yerində quruyub qalmışdı. Anası idi…
Ìndi onun əllərinin içinə aldigi, içi qabarli,kalış, sarmaşıq yolmaqdan göyərmiş, üstünün damarları Amazonkanın xəritədəki görünüşünü xatırladan əllərinə baxırdı… Fikirləri də bu çayın sahillərindəki cəngəlliklər kimi qarışıq idi..
Necə gözəl vaxtlar idi.. . Bu əllər onun əlindən tutub, məktəbə aparırdı.. Hərdən dönüb anasının ağ buludların yaratdığı ecazkar mələk formalarını xatırladan simasına və ağımtıl qızılgül ləçəyi rəngindəki əllərinə baxırdı.. Ana bu zaman gülümsəyir, siması həyətdən axan, dibindəki xırda daşları görsənən kiçik çay kimi durulurdu.. Onun düşüncələri isə bu çaya tərəf sallanmış təzə yarpaqlamış söyüd budaqları kimi təravətli və həyat rəngli idi..
Indi öz əllərinə də baxırdı… Russueyte işləməyə getməyinə etiraz edən ananın əllərini zarafatla möhkəm sıxan o möhkəm idmançı əlləri yumşalmışdı, torpaq rəngi almışdı… Ölçüləri isə həmən vaxtki kimi idi.. Məktəbli vaxtlarındakı kimi…
Ola bilməzdi.. Bütün bunlar Ananın bir sözü ilə ola bilməzdi..
Buna hələ də inanmırdı..
Dostunun əllərini xatırlamağa başladı. Əllər necə quruya bilərdi..? Dostu elə bu qəribə xəstəlikdən rəhmətə getmişdi.. Qohumları Anaya “bu yasa gelməsin!” sifarişini göndərmişdilər..
Doğrudan bütün bunlar Ananın “bu evi alanın əlləri qurusun” və onun özünə dediyi “görəcəm üstümə necə və nə vaxt dönəcəksən” sözlərinin neticəsi idi??
Ananın həyətdən vaxtilə axan, indi qurumuş çay yerini xatırladan gözlərinə baxdı.. Tez də gözünü çəkib, yenə onun və öz əllərinə baxmağa başladı..
Bu əlləri keçmişdəki kimi görmek istəyirdi. Her şey alınırdı.. Zatən əlinin ölçüləri məktəbli vaxtındakı kimi idi.. Çay da axırdı, qurumuş söyüd kötüyü də gəncləşib, yarpaqlayırdı.. O möhtəşəm hisslər keçirməyə başlayırdı, bunu istəyirdi. . Çox istəyirdi. Daha həkimin ” Vaxta çox az qalıb” sözlərinə inanmırdi. Həkim xəyal idi, yuxu idi. O birazdan məktəbə gedəcəkdi.. Her şey gerçəkləşirdi..
Bircə nə qədər çalışırdısa, Ananın əllərini yumşaq hiss etmirdi.. Bir də bu əllərdəki kalış ve sarmaşıqların rəngini həyat eşqi apara bilmirdi..

Sadıq Qarayev

Müstəqil.Az

Share: