Qara Brilliant İdman Klubunun növbəti uğuru

Qara Brilliant İdman Klubunun növbəti uğuru

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatına yekun vurulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunan tədbirin açılış mərasimində əvvəlcə karateçilərin paradı olub.

Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yarışda 50 klub və müxtəlif regionlardan idmançıların iştirak etdiyini vurğulayıb. O, qalib xalqın gənclərinə sadəcə idmanda deyil, bütün sahələrdə uğurlar arzulayıb. Ü.Quliyev Azərbaycan karateçilərinin həmişə olduğu kimi, gələcəkdə də bayrağımızı beynəlxalq arenalarda daim yüksəklərə qaldıracağına inandığını söyləyib. Federasiya rəhbəri ölkəmizdə karatenin kütləviliyinin artırılması və perspektivli idmançıların müəyyənləşdirilməsi baxımından belə turnirlərin əhəmiyyətini də qeyd edib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov isə Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Azərbaycan Karate Federasiyasının ildən-ilə inkişaf etdiyini deyən E.Məmmədov bu idman növü üzrə əldə edilən uğurlardan bəhs edib.

Təntənəli açılış mərasimi sonrası AKF -in prezidenti Ü.Quliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri E.Məmmədov, Milli Olimpiya və Paralimpiya Komitələrinin əməkdaşları bir neçə kateqoriyada qalib olmuş karateçiləri təltif edib.

Son yarış günü isə yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb. Çempionat və birinciliyin qalib mükafatçıları diplom və medallarla təltif ediliblər.
Mükafatları idmançılara AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi və AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə təqdim ediblər.

4 günün nəticələrinə əsasən “Təhsil – RİM” birinci, “Qaraqaplan İdman Klubu” ikinci, Qara Brilliant İdman Klubu isə medalların sayına görə üçüncü yeri tutub. Qara Brilliant karate klubunun rəhbəri Rəfael Ağayev, baş məşqçisi Pərviz Quliyevdir.

Yeri gəlmişkən, Qara Brilliant İdman Klubunun yetirməsi Nuray İbadova da qaliblər sırasında olub. O, fəxri kürsüdə 2-ci yerdə qərarlaşıb.
Onu da qeyd edək ki, Nuray İbadova Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.

Share: