Qarabağın gələcək statusundan imtina etsəydik, müharibə olmazdı

Qarabağın gələcək statusundan imtina etsəydik, müharibə olmazdı

Qarabağ məğlubiyyətindən sonra hər gün Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələb olunur.

Hökumət rəhbəri bacardıqca müqavimət göstərir.

Müstəqil.Az xəbər verir ki, Paşinyan Azadlıq Radiosunun erməni bürosuna müsahibə verib. Baş nazir bir çox məsələlərdən danışıb.

Paşinyan müsahibəyə Rusiya sülhməramlılarının mühasirəyə düşməsi yalanı ilə başlayıb. Halbuki Rusiya Müdafiə Nazirliyi sülhməramlıların mühasirəyə düşmədiyini bildirir.

Jurnalistin “Baş nazirin istefası məntiqli olmazmı?” sualına Paşinyan ikibaşlı cavab verib. Baş nazir deyib ki, məsələ istefada yox, kimin Ermənistan hökumətinə rəhbərlik edəcəyindədir: “Xalq öz seçimi ilə buna qərar verməlidir. Növbədənkənar seçkilər təkcə mənim iradəmlə keçirilə bilməz. Bunun ətrafında razılaşma olmalıdır”.

Ümumiyyətlə, söhbətin əhəmiyyətli hissəsi Paşinyanın istefa vermək ehtimalı ətrafında gedib. Baş nazir aşkar göstərib ki, vəzifədən getməyi düşünmür və növbədənkənar seçki keçirilməsinin əleyhinədir. Paşinyan dəfələrlə təkrar edib ki, indi əsas məqsəd Ermənistanda vəziyyətin sabitləşməsi olmalıdır.

“Mən bir nömrəli məsul şəxsəm, amma bir nömrəli günahkar deyiləm. Mən demirəm ki, günahım yoxdur. Bunları qarışdırmaq lazım deyil. Əlbəttə, mənim səhvim ondadır ki, bir çox məsələləri 2.5 il ərzində həll edə bilməmişəm. Amma bu o demək deyil ki, 30 ilin günahını indiki hakimiyyətin üzərinə yıxmaq lazımdır”.

Paşinyan deyib ki, Qarabağın gələcək statusundan imtina etsəydik, müharibə olmazdı: “Vəziyyət o nöqtəyə çatdı ki, hərbi toqquşma qaçılmaz oldu. Biz uduzmamaq ehtimalını analiz etdik. Qərara gəldik ki, uduzmamaq mümkündüsə, təslim olmayaq”.

Müstəqil.Az 

Share: