ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bu ölkəni Qarabağa dair razılaşmadan (10 noyabr üçtərəfli bəyanatı,-red.) sonra regionda yaranmış yeni imkanlardan istifadə etməyə çağırır.
Müstəqil.Az xəbər verir ki, diplomat bu haqda Gürcüstanın 1-ci kanalının efirində bildirib.
“Prezident Cozef Bayden azad ölkələri, azad bazarları və Gürcüstan kimi ölkələri müdafiə etməyə söz verib ki, onlar öz gələcəklərini və istiqamətlərini özləri müəyyən edə bilsinlər. Bilirsiniz ki, ABŞ-da Gürcüstanı hər iki partiya dəstəkləyir. Lakin indi Gürcüstanın gələcəyinə dair ikipartiyalı narahatlıq da ortadadır. Bu ona görədir ki, biz fundamental dəyərləri bölüşürük və Vaşinqton Gürcüstanın əvvəlki kimi bu dəyərlərə sadiq qaldığını görmək istəyir. Regionda Dağlıq Qarabağa dair dinc razılaşmadan sonra yeni imkanlar yaranıb. Gürcüstan bu imkanlardan istifadə etmək üçün hazırlıqlı olmalıdır ki, Qərblə Şərq arasında kommunikasiya, nəqliyyat və ticarət habına çevrilə bilsin. Bu daha bir səbəbdir ki, biz tərəfləri razılaşmaya, ölkə ətrafında baş verən döyüş dəyişikliklərə köklənməyə çağırırıq. Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsində öz qoşunlarını yerləşdirməsi narahatlıq yaradır”,-Kelli Deqnan deyib.
Səfir Rusiyanın qoşunlarını Gürcüstanın separatçı ərazilərindən çıxarması üçün təzyiqlərin artırılacağını bildirib, bunun üçün Cenevrə danışıqlarının mühüm imkan olduğunu qeyd edib. Həmin danışıqların növbəti raundu bu günlərdə baş tutacaq.
Bu arada Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə keçirdiyi mətbuat konfransında ölkəsinin Rusiyanın iştirakı ilə birgə regional platformada işləməsinin (3 Cənubi Qafqaz respublikası+Rusiya formatı, yaxud+Rusiya, İran və Türkiyə formatı nəzərdə tutulur,-red.) mümkün olmadığını bildirib. “Bizim ərazilərimizi işğal edən Rusiya ilə hər hansı platformada təmsil olunmağı nəzərdən keçirmirik”,-vzqlyad.ru saytı gürcü nazirdən sitat gətirir.
Zalkaliani bildirib ki, Cənubi Qafqaz ölkələrinin iştirakı ilə təklif edilən, Rusiyanın da iştirakını nəzərdə tutan platforma Gürcüstan üçün qəbuledilən deyil. “Biz yeni platforma təklif edirik-Gürcüstan, Azərbaycan və Ermənistan. Tbilisi beynəlxalq partnyorların iştirakı ilə dialoq yeri kimi təklif edilir”,-o deyib.
Müstəqil.Az