“QARABAĞ BİZİM TORPAĞIMIZ DEYİL” – ERMƏNİ ƏSGƏR ANASINDAN ETİRA

İbrahim Rüstəmli:”Artıq dinc erməni əhalisinin leksikonunda Qarabağ yeni statusda – Yad torpaqlar simasında obrazlaşdırılır və təqdim olunur”

 “Ermənistan ordusundakı real vəziyyəti doğru-düzgün dəyərləndirmək üçün gəlin, faktlara müraciət edək. Məsələn, Getaşen rayonunun Varin kəndində Lyuks Stepanyanın dəfnini xatırlayaq. Həmin gün dəfnə yığışan qəzəbli kütlə ipə-sapa yatmır, kirimək bilmir; elə ermənilərin özləri tərəfindən öldürülmüş əsgərin nəşini götürərək İrəvana yürüş edir. Yolu kəsməyə çalışan polis və hərbçilər güclü müqavimətə tab gətirmir, üstəlik , hərbi avtomobillər də dağıdılır və kəskin qarşıdurmalar, etiraz dalğası İrəvanın düz 40 kilometrliyinədək uzanır!..”

Bu faktları “Sherg.az”a düşmən ordusun dözülməz həddə çatan özbaşınalıqdan danışarkən ehtiyatda olan polkovnik -leytenant, əməkdar jurnalist, hərbi ekspert İbrahim Rüstəmli söyləyib. Onun sözlərinə görə, əvvəlcə hadisəni ört-basdır etməyə çalışan, sonradan isə əsgərin “təsadüfən” açılan atəş nəticəsində öldüyünü bildirən Ermənistan iqtidarı kütlənin sarsıdıcı həmləsindən polis və ordu bölmələrinin köməyilə zorla canını qurtarır:
“Dinc erməni əhalisinin qəzəbi isə soyumur. Çünki Aprel döyüşlərindən sonra ordu rəhbərliyində aparılan dəyişiklər də problemin həlli istiqamətində hansısa yeniliklərlə yadda qalmır.
Əksinə, həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin durmadan artan sayı insanlarda kəskin ruh düşkünlüyü, sayrışan nevroz və davamlı stress yaradır. Çünki kütləvi informasiya vasitələrində əsas müzakirə mövzusuna çevrilən və ictimailəşdirilən bu problem öz əhatə dairəsini küçə söhbətlərindən tutmuş sosial şəbəkələrədək günbəgün genişləndirir. Nəticədə qaçılmaz fəsadlar daha böyük problemlərə yol açır.
Metitasiya – qarşısıalınmaz kəskin epidemiyaya çevrilmələ əhalinin bütün təbəqələrini özündən asılı vəziyyətə salır”.
İ.Rüstəmli diqqətə çatdırıb ki, “Joxovurd” qəzeti toxunulan məqamla bağlı hətta hüquq-mühafizə sistemində ciddi narahatlıqlar yaşandığını vurğulayır və tutarlı iddialarla əsas ittiham obyektini tanıdır:
“Ölüm hallarında məsuliyyət daşıyan bir nömrəli şəxs – müdafiə naziri Vigen Sarkisyan problemi önləmək iqtidarında deyil!”
Digər kütləvi informasiya vasitələrinin də bu kimi ittihamlara dəstək verməsi onları bir növ orkestr halına gətirir və çalınan həyacan təbilinin səsini ölkənin ən ucqar nöqtələrinədək daşıyır…
Beləliklə, əhalinin Ermənistan iqtidarına etimadsızlığı ordu müstəvisində xroniki potologiyalarla diaqnozlaşdırılır. Problemin həllinə inamsızlıq gələcək proqnozlar üçün yaxşı heç nə vəd etmir. Durmadan artan suallar isə veriləcək cavabların yerini eyni dinamika ilə daraldır. Yaranmış xaos pozuq və rabitəsiz dialoqlarla xarakterizə olunduğu üçün ideya və ideallar davamlı sarsıdıcı zərbələrə tab gətirmir, mövqeyini itirir.
Nümunə: “Mənim oğlumu öldürüblər və mənə deyirlər ki, ədalət tələb etmə. Belə ölkədə övladlarımızı orduya göndərməyə dəyərmi!!?”
Qətlə yetirilən 19 yaşlı erməni əsgərinin anası Lusine Mxitaryanın haqlı sualı dinc əhalinin əksəriyyəti tərəfindən dəstəklənir: “İntiharlar, əsgərlərin müəmmalı qətli getdikcə artırsa, biz öz övladlarımızı niyə yad torpaqlara, yəni Qarabağa (!) göndərməliyik!.. “
Ekspert bəyan edib ki,”Epress” saytı isə diqqəti Mxitaryanın hərbi xidmətə gedəndən bir neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilməsilə bağlı daha maraqlı məqamlara yönəldir:
“Aradan bir il vaxt keçir, amma yüksək vəzifəli məmurlar qətlin izlərini gizlətməyə çalışır. Hərbi rəhbərlik əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldüyünü bildirib. Daha sonra ortaya intihar versiyası atılıb. Əsgərin valideynləri isə onun ermənilər tərəfindən qətlə yetirildiyinə əmindir!”
Göründüyü kimi, məsul şəxslərin qeyri-müəyyən mövqeyi və fərqli yanaşmaları yuxarı eşalonu təmsil edən məmur ordusunun pozuq psixoloji durumu haqqında fikir yürütməyə ciddi əsas verir. Yuxarıların xaotik reaksiyası isə aşağıların mövqeyini daha nizamlı və tutarlı iddialarla möhkəmləndirir.
DİQQƏT: Bu iddialar Ermənistan iqtidarına bir qayda olaraq ordunun simasında etimadsızlıqla ifadə edilir.
Gəlin, övlad itkisilə barışmayan Lusine Mxitaryanı bir daha dinləyək:
“Ordunun içində qırğın gedir. Mənim oğlum nə Azərbaycan tərəfindən atılan güllə ilə ölüb, nə də özünü güllələyib. Onu öldürüblər. Mən erməni analarını öz övladlarını orduya göndərməməyə çağırıram. Əgər belə imkan yoxdursa, onda onların taleyini lap əvvəldən həll edin: ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Bu ölkədə orduya övlad göndərmək, onu ölümə göndərmək deməkdi. Çünki Vigen Sarkisyanın başı siyasətə qarışıb. Ölən bizim övladlarımızdı, onlar isə öz keflərindədi!!!”
İ.Rüstəmli onu da əlavə edib ki, ötən günlərdə Ermənistanın Şirak vilayətinin Hastik kəndində əsgər Abas Sloyanın intihar xəbəri də ciddi narazılıqla qarşılanıb:
“Armavir şəhərində xidmət yoldaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalan A.Sloyan kazarmadan qaçmağa və əmisinin evində özünü asmağa məcbur olub. Buna bənzər digər hadisə Nubaraşen hərbi hissəsində qeydə alınıb. Əsgər Vardan Melkonyan intihar edib. Ancaq mərhumun yaxınları onun öldürüldüyünü iddia edir. Digər əsgər Suren Armenoviç Mosiyanın ölüm səbəbi isə ümumiyyətlə məlum deyil.
Bütün bunlara görə narazı kütlə Müdafiə Nazirliyi və hökumət binası qarşısında toplaşaraq övladlarını boş yerə ölümə göndərən hökumətin istefasını tələb edib.
Həmin gün bütün ölkə əhalisinə ünvanlanan çağırış xarakterli bəyanat kifayət qədər ciddi məqamlarla gündəmi silkələyib:
“Balalarımız müharibədən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar həddinə çatdırılır. Qarabağ onsuz da bizim torpağımız deyil! Uşaqlarınızı rejimin qurbanına çevirməyin. Onları orduya göndərməyin!”
Ekspert bildirib ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistanda fəaliyyət göstərən Vanadzor ofisi də son bəyanatında əhalinin iddialarına dəstək verib:
“Əsgəri xidmətə göndərilən çağırışçıların əksəriyyəti ya “dedovşina”nın, ya da intiharın qurbanlarına çevrilməkdədi. “Əsgər anaları” ictimai birliyi irəli sürülən iddialarla bağlı ölkə rəhbərliyindən, eləcə də güc strukturlarından hesabat tələb etsə də, açıqlanan statistikanın yalan olduğu bir daha təsdiqlənib”.
Lakin bu da son deyil. Oktyabrın 20-də Aram Xaçatryanın və Qraç Avetisyanın ölümcül yaralananması ilə bağlı 1in.arm saytının rus versiyasında deyilənlər irəli sürülən ittihamları daha aydın və konkret faktlarla möhürləyib.
SİTAT: ”Orduda həyatını itirənlərin yarısından çoxu zəif idarəetmənin, nizamnamədənkənar hərəkətlərin, düşmənçiliyin qurbanıdır. İctimai rəydə Ermənistan ordusu gənc insanların həyatını yeyən ətçəkən maşın kimi formalaşıb. Çünki ordu rəhbərliyi korrupsiyalaşmış sistemi təmsil etmək və Sarqisyan hökumətinin ömrünü uzatmala məşğuldu!”
Yuxarıda qeyd olunanlar sadalaya biləcəyimiz faktların yalnız kiçik bir hissəsidi. Hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın elə ermənilərin özləri tərəfindən qətlə yetirilməsi isə bu qəbildən növbəti hadisələrdəndir. Onların Azərbaycan tərəfdən açılan atəş nəticəsində öldüyünü bildirən Ermənistan rəsmiləri nədənsə bu əsgərlərin əynindəki qoruyucu gödəkçələri unudub. Bununla həmin gödəkçələrdə güllə izi tapmayan hüquq-mühafizə orqanlarını da çıxılmaz vəziyyətdə qoyublar. Nəticədə dinc əhalinin etiraz dalğası gündən-günə daha da artır.
Beləliklə, degenerasiya – daha çox həm zaman, həm də məkan baxımından düşmən düşərgəsində əhatə dairəsinin kəskin daralması ilə stimullaşır.
DİQQƏT!!! Artıq dinc erməni əhalisinin leksikonunda QARABAĞ YENİ STATUSDA – YAD TORPAQLAR SİMASINDA OBRAZLAŞDIRILIR VƏ TƏQDİM OLUNUR.
Şüuraltıdan gələn siqnallar isə bu təqdimatın genetikasını fiksə etmək baxımından müəyyənedici əhəmiyyət daşıyır. Düşmən toplum səmimi etirafları ilə artıq heç kimdən çəkinmədən Azərbaycan xalqının davamlı və haqlı mübarizə əzminə səhnə önündə, açıq-aşkar dəyər verir: Qarabağ torpağının həqiqi sahibi – bu torpaqlardan ötrü canından keçməyə hər an hazır olan insanlardı!
Yəni mütənasiblik yeni fazaya – ideya və ideallar arasında itən rabitədən nəsillər arasında itən rabitəyə etap olunub! Aprel döyüşlərinin ilk baxışdan gözə dəyməyən gizli kodları zəncirin sın(dırıl)mış halqaları halında şifrələnib! Bu şifrələr düşmən düşərgəsində səbəbsiz övlad itkisilə xarakterizə olunan mənasız faciələrin daha böyük fasadlara gətirib çıxaracağına əminlik yaradır. Qarabağın yad torpaqlar kimi təqdim olunması ideyası dinc erməni əhalisindən ötrü artıq yeganə çıxış yoluna çevrilib!
Erməni lobbisi isə bu ideyaları pulla almaq və özününküləşdirmək iqtidarında deyil!..
Ayyət Əhməd

 

Share: