Ermənistanda küçə inqilabının təzyiqi altında reallaşan baş nazir dəyişikliyi Qarabağ danışıqları ətrafında qeyri-müəyyənliyi artırıb. Bu, bir yandan avantürist baş nazir Nikol Paşinyanın özünə təzə komanda formalaşdırması, prosesə təzə-təzə girməsi ilə əlaqələndirilirsə, digər yandan, gözlənilən erkən parlament seçkilərinə görə nizamlama prosesində taym-autun davam edəcəyi deyilir.
Yəni haradasa, ən azından, ilin sonuna kimi Qarabağ mövzusu münaqişə tərəfləri arasında ciddi müzakirə predmeti olmaya və ya faktiki, dondurula bilər. Bu isə təmas xəttində yeni və geniş miqyaslı hərbi toqquşçma riskinin artması deməkdir. Nədən ki, işğalçı tərəfı mövcud status-kvonun davam eləməsi sərfəlidirsə, ərazisinin 20%-i işğal altında olan Azərbaycan üçün belə durum məqbul sayıla bilməz.
Hərçənd Ermənistan üçün də nə sülh, nə də müharibə durumu perspektiv baxımından əlverişli ola bilməz. Çünki aydındır ki, blokada rejimi, müharibə vəziyyəti aradan qalxmayınca, Paşinyan ölkədə köklü islahatlar apara, iqtisadiyyatı dirçəldə, Ermənistandan kütləvi köçü dayandıra, böyük xarici sərmayələri Ermənistana cəlb edib və çoxsaylı iş yerləri aça bilməyəcək. Bunu yəqin ki, onun özü də yaxşı anlayır.
Odur ki, məntiq diktə edir ki, bir azdan o, populist bəyanatlarını azaldıb acı reallığın diktə elədiyi məntiqlə hərəkət etməli olacaq. Əks halda, ermənilərin kumiri çox qısa zamanda sərkisyanlaşaraq, öz xalqının, xüsusən də gənclərin gözündən düşə bilər.
*****
Bəs Paşinyanın Azərbaycana yaxınlaşmaq, anlaşmaq imkanları necə görünür? Bu yöndə hansısa nikbin təxminlər varmı, yoxsa o da bütünlüklə sələfi Serj Sərkisyanın perspektivsiz yoluna qayıdacaq?
“Serj Sərkisyan üçün danışıqlar prosesini aparmaqda çətinliklər var idi, nədən ki, Azərbaycanda o, hərbi cinayətkar elan olunub. Bu isə onsuz da qəliz nizamlama prosesini daha da qəlizləşdirirdi. Bu xüsusda Paşinyan üçün bir yandan danışıqlara getmək asandı. Axı o, Qarabağ klanını təmsil eləmir. Ancaq başqa yandan, problemin həlli üçün Ermənistanda kimin baş nazir olması və onun Qarabağla bağlı olub-olmaması elə də önəm kəsb eləmir”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Vestnik Kavkaza” nəşrinə erməni yazıçı-jurnalist Armen Qasparyan deyib.
Onun sözlərinə görə, Ermənistan üçün Qarabağ məsələsi olduqca həssas mövzudur və istənilən halda ölkənin rəhbəri Serj Sərkisyan dönəmindəki yanaşmaya sadiq qalacaq: “Bu mənada mənim heç bir şübhəm yoxdur. Bəs danışıqları aparmaq lazımdırmı? Əlbəttə, lazımdır. Əsas problem odur ki, münaqişə 30 ildir ki, mövcuddur. Əgər bir nəsli 15 il hesab eləsək, belə çıxır ki, müharibə dönəmində artıq iki nəsil yetişib – buradan çıxan bütün nəticələrlə birgə. Əsas nəticə də budur ki, hər iki ölkədə bir-birinə qarşı nifrətin total təbliğatı aparılıb. Bu faktoru necə aradan qaldırmaq olar? Mən şəxsən bilmirəm. Çünki sülh formatında yaxşı və pozitiv güzəştlərə kimi anlaşmaq olar, ancaq əgər cəmiyyətlər on illiklər ərzində belə bir ruhda tərbiyə edilib ki, mütləq adamları öldürmək lazımdır, o zaman bu vəziyyəti aradan qaldırmaq olduqca çətin olacaq”.
*****
Ancaq bu da bir reallıqdır ki, legitim hakimiyyət başçıları istənilən qeyri-standart qərarla bağlı ölkə ictimai rəyini kompromisə hazırlaya bilirlər. Söhbət ən əvvəl işğalçı Ermənistanın təzə və özündənrazı baş nazirindən gedir. Artıq vurğulandığı kimi, əgər o, gerçəkdən də öz xalqının rifahını yaxşılaşdırmaq istəyirsə, – buna o, geniş kütlə qarşısında dönə-dönə söz verib, – o zaman hər şeydən öncə Dağlıq Qarabağ ixtilafının həllinə diqqət yönəltməli, danışıqların konstruktiv məcrada bərpasında hamıdan çox maraqlı olmalıdır. Təbii ki, heç vaxt reallaşmayacaq maksimalist mövqe və təkliflərdən uzaq durmaqla.
Bunu etməyəcəksə, o halda Sərkisyan dönəmindən də miskin durumda olan, emiqrasiyanın ən yüksək həddə çatdığı bir Ermənistanı görəcəyik. Düşünmürük ki, belə sonluğa görə ermənilər onun başını sığallayacaqlar. Bu mənada “xalqın baş naziri” Paşinyan əslində ermənilərin son şansı və ümididir. Hələ ki o, öz etimad limiti və şansından “yeyir”.
*****
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində hələ ki ciddi bir dəyişiklik görünmür (modern.az). “Paşinyan faktiki olaraq xarici siyasət, Qarabağ məsələsində eks-prezident Sərkisyanın siyasətini davam etdirir. Başa cür olması da gözlənilən deyil. Çünki Ermənistanın elə bir siyasətçi yoxdur gəlib desin ki, Dağlıq Qarabağ Azərbaycanındı. Təəssüf ki, bu, Ermənistanın reallığıdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Paşinyanın Qarabağa təxribatçı səfəri və verdiyi təxribatçı açıqlamalar ondan xəbər verir ki, yeni baş nazir olsa da, Sərkisyanı devirsə də, Qarabağ məsələsində dəyişiklik gözləyə bilmərik: “Dəyişikliyi özümüz etməliyik. Paşinyan yaxın müddətdə Ermənistan ordusunda itkiləri görsə, çarə tapmaq məcburiyyətində qalacaq. Ona görə də onun vəziyyəti Sərkisyanın vəziyyətindən də ağırdır. Hamı Sərkisyana öyrəşmişdi, separatçı idi, hamı onun siyasətini bilirdi. Paşinyan isə yeni gəlib və yeniliklər vəd edir. Əgər Qarabağ siyasətində yenilik olmasa və Azərbaycan ordusu təzyiqi davam etdirsə, Paşinyan hansısa bir addım atmaq məcburiyyətində qalacaq. Ona görə Paşinyana dövləti idarə etmək Sərkisyandan da ağır gələcək. Məncə, biz təşəbbüsü ələ almaq üçün yaxşı bir fürsət də yaxalamışıq. Amma diplomatik, iqtisadi və hərbi amillərlə Paşinyanın vəziyyətini daha da ağırlaşdıra bilərik”.
E.Şahinoğlu xatırladıb ki, yeni baş nazir Ermənistanda vəziyyəti düzətmək üçün islahatlar aparmalıdır: “Paşinyan ilk olaraq sosial problemlərin həllinə nail olmalıdır. Amma bunun üçün zəmin varmı? Bu qədər pulu ona kim verəcək? Bundan başqa da Azərbaycan və Türkiyə ilə münasibətləri düzətmədən, sərhədləri açmadan, regional layihələrdə iştirak etmədən Ermənistanın heç bir gələcəyi yoxdur. Bunların baş verməsi üçün isə torpaqlarımızı boşaltmalıdır. Ona görə mən düşünmürəm ki, iqtisadi islahatlar sahəsində çox böyük uğura imza ata bilərlər”.
*****
Beləliklə, Ermənistanda davam edən siyasi qeyri-müəyyənlik və Paşinyanın davakar ritorikası fonunda “nə sülh, nə də müharibə” vəziyyəti daha qəliz fazaya keçməkdə, faktiki, Qarabağ danışıqları qeyri-müəyyən müddətə dondurulmaqdadır. Bu isə təhlükəli bir gəlişmədir.