“Qarabağ” dünyanın 100 ən yaxşı komandası sırasında

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 402 komandası yer alıb.

2017-ci ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

Ağdam klubu 136 xalla planetin 93-cü komandasıdı. İlk “100-lük”dəki yeganə təmsilçimiz Çempionlar Liqasının qrupuna qədər irəliləsə də, 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. Bu, Qurban Qurbanovun yetirmələrinin ötən il Avropa Liqasının qrupunda daha çox xal yığması ilə bağlıdı.

“Qarabağ”dan başqa, dünyanın 2 klubu 136 xala malikdi. Təmsilçimizin şərikləri “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka” (Meksika) klublarıdı.

Ölkəmizin siyahıdakı 2-ci komandası “Zirə”di. Paytaxt klubu 72 xalla 296-cı yerə şərikdi. “Atletiko” (Bukaramanqa, Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar”la (Peru) eyni xala malik Ayxan Abbasovun yetirmələri fantastik sıçrayışla diqqət çəkib. Ötən il 761-ci olan bakılılar 465 pillə irəliləyib.

Hesabında 65 xal olan “Qəbələ” isə 353-cü pillənin şərikləri arasındadı. Roman Qriqorçukun yetirmələri “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdi. Əyalət klubu bir il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib. Bu, komandanın ötənilki uğurunu təkrarlayıb Avropa Liqasının qrup mərhələsinə yüksələ bilməməsi ilə bağlıdı.

Qeyd edək ki, siyahıya İspaniya “Real”ı başçılıq edir – 328 xal. Braziliya “Qremio”su 286 xalla 2-ci, İngiltərə təmsilçisi “Mançester Yunayted” 284 xalla 3-cüdü.

Müstəqil.Az

Share: