“Şəhid ailələrinin qələbədən böyük təskinliyi yoxdur. Ancaq qələbənin möhkəmləndirilməsi üçün çox iş görülməlidir”.
Müstəqil.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı bildirib:
Deputat qeyd edib ki, biz qələbə eyforiyası ilə yaşadığımız bu vaxtlarda ermənilər bizə qarşı informasiya müharibəsini gücləndirməkdədir:
“Bu gün Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Adı Qarabağ İnformasiya Mərkəzi ola bilər. Bütün dünyada bizə qarşı gedən erməni yalanlarına bu informasiya mərkəzi vasitəsilə vaxtında cavab verməliyik. Bu işdə peşəkarlar var. Dünya ölkələrində ermənilərin yaydığı bütün yalanlara cavablar hazırlanmalı və müxtəlif dillərə tərcümə edilməlidir”.
Deputat həmçinin rayonlarda işsizlik probleminin olduğunu da vurğulayıb:
“Keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçən ilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs hardadır bu kompleks tədbirlər? Sadəcə, Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur. Kür boyu çoxlu balıq nohuru var. Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.(Modern.az)