Qarabağ müharibəsinin ilk qalib generalı

Bu parabolanın çökəklərindəki qabarmalar onun sağ və sol budaqlarında baş verən olayların, bir növ, bəsit və ləng kadrlarla lentə alınmış animasiya variantıdır. Ağ-qara rəngin tükənməz fantaziyası gözlərimizin önündən – diqqət mərkəzindən çəkilmir. İndi o, bəlkə də heç kimin ağlına gəlməyəcək qədər sürpriz çalarları ilə az qala hamını özündə birləşdirən və ifadə edən ekssentrik poliqon kimidir.

Burada bizim hər birimizin dünyaya və insanlara münasibətimizi, Vətən və vətəndaşlıq, dövlət və hakimiyyət, iqtidar və müxalifət yanaşmamızı, xüsusilə, milli maraqlarımızla bağlı prinsipial mövqeyimizi, bir sözlə, xarakterimizi özündə ehtiva edən nəsə var mütləq!

İlk baxışdan nəzərə çarpmayan stimullar, bu stimullardan bixəbər insanların beynindəki adacıqları aktivləşdirdikcə, dəniz suları da hərəkətə keçir, şahə qalxan dalğaları ilə bir üzündən o biri üzünə çevrilir: sakit və etinasız baxışlarla izlənilən çəkilmələr, çox vaxt kütləvi çıxışlara və faciələrə bələdçilik edən qabarmalarla bitir!

Səhnə yeni qəhrəmanlar tələb edir!

Səhnəyə yeni qəhrəmanlar gəlir!

Həyat İmam Hüseyn aşiqlərinin general Qasım Süleymani sevgisini Vətən aşiqlərinin general Polad Həşimov sevgisilə üz-üzə qoyur, sınağa çəkir. Və bu iki cəbhə arasındakı “səssis müharibə”ni, bir növ, işığın qaranlıq üzərindəki qələbəsilə bitirir.

Çünki Allahın özü də dəyər verdiyi müqəddəslərinin bir-iki islam fanatı – xurafatçı xəfiyyə dəstəsinin əlilə bu qədər aşağılanmasını rəva görmür və onların səhnə arxasındakı səsini bu dəfə səhnə önündəki minlərlə insanın Vətən hayqırtısı ilə batırır.

Çünki Allahın özü də mənim ölkəmdəki milyonlarla Həzrəti peyğəmbər(s) aşiqlərinə bu anlarda general Polad Həşimovun gözlərilə, Qarabağda viran qoyulmuş, donuz saxlancına çevrilmiş evindən – məscidlərdən baxır.

Və hamıdan yaxşı görür ki, general Qasım Süleymaninin islam düşmənlərinə (s)atdığı mərmilər nədənsə indinin özündə də o məscidlərin salamat qalmış divarlarından hər gün bir kərpic düşürür!..

Bura həm də general Polad Həşimovun evidi!

Bura həm də uğrunda döyüşdüyü, Şəhid düşdüyü bir yurdda general Polad Həşimov isminin önünə yaza bilcəyimiz tək ünvan(ı)dı!..

Sən nə qəribə Vətənsən, Vətən!

Nə qərib Vətənsən!..

Bura həm də günəşinlə ayın yerüstü mövqe dəyişmələrindən sonra yeraltı çayların üzə çıxdığı yerdir!

Bir tərəfində öz evini səngərə çevirən ordu generaliteti, o biri tərəfində səngəri öz evinə çevirən  general!

GENERAL POLAD HƏŞİMOV! 

Bu sərt konfrantasiyanın hər kvadrat metri az qala hər addımda bizi faciə qarşısında qoyacaq qədər ciddi iddialarla minalanıb! Bura həm də öz reallığımızdan – gerçək həqiqətlərimizdən, olduğumuz kimi göründüyümüz, göründüyümüz kimi olduğumuz yerdən könüllü imtinamıza səbəb ola biləcək gizli törəmələrilə təhlükəlidi!

Əgər özümüzü döyüş meydanında hiss etmiriksə, deməli, hələ də neytral zonadayıq! Və əgər neytral zonadayıqsa, deməli, hardasa bu zonaya status verən qütblər var! Sərhəddi səngərlərlə cızılan qütlər! Və əgər o qütlərin sərhəddi səngərlərdisə, deməli, nə vaxtsa silahların da dili  açılacaq və bizin neytral zonadakı məqamınız atəşkəsin pozulduğu anda bitəcək!

Döyüş başlayacaq! Bizim döyüşümüz! Çünki bu döyüş tarixin yaddaşına yalnız həqiqətin yalanla, haqqın nahaqla üz-üzə gəldiyi möhtəşəm savaş kimi yazılmayacaq. Bu döyüş həm də bizim Vətən və vətəndaşlıq, dövlət və hakimiyyət, iqtidar və müxalifət yanaşmamızı, xüsusilə, milli maraqlarımızla bağlı prinsipial mövqeyimizi, bir sözlə, xarakterimizi öz qaranlıq hücrəsindən aydınlığa – axar suların üzünə çıxaracaq!

Heç bilirsiz qağayıları niyə öldürmək olmaz!?.

Bu sərt ritorikadır! Müharibə ritorikası! Hər fürsətdə öz qanunlarına eyham vuran, meydanı ideya və ideallarla qütbləşdirən, düşüncə savaşlarını mövqe savaşlarına çevirən  müharibə ritorikası! Qeyri-adi görüntülərilə hətta ən xırda və əhəmiyyətsiz detalları gündəmə gətirən və qırmızı rəngə boyayan bir ritorika!

O öz rəsmlərini qanla çəkir! O öz tarixini qanla yazır, qanla yaradır! İnsan qanı ilə! Çünki bəşər övladı unutqandır! Yaddaşsızdır! Amma öz qanı ilə yazdığı ən xırda müharibə tarixini belə unudacaq qədər yaddaşsız deyil! O qanla yazılanları heç vaxt yaddan çıxarmır! Qanı unutmur! Öz qanını!..

Sahillərin cinah savaşındayıq! Qanın yaddaşımızı şəkilləndirdiyi yerdə! Burada heç nə gördüyümüz və düşündüyümüz kimi deyil. Burada hər şey gördüyümüz və düşündüyümüzdən fərqlidir. Burada görmək və düşünmək istədiklərimiz burada görünən və düşünən insan profillərilə yenidən təftiş olunur, yenidən bəstələnir, yenidən nota köçürülür:

XORDA: Öz ailəsini (qohum-əqrabasını) qanadı altına alan  general ordusu!

SOLODA: Öz ailəsini bu vətənə əmanət edən ORDU GENERALI! GENERAL POLAD HƏŞİMOV!

Mürəkkəb kombinasiyalarla süslənmiş səhnə tərtibatı! Məntiqli süjet xətti! Hər bir obrazın öz dili və xarakteri! Burada hər şey həyat və zaman adlı müəllifin peşəkarlığından qaynaqlanır. Amma heç nə tarixin nəhəng səhnəsində nəyisə dəyişmək və yadda qalmaq iqtidarında deyil. Çünki tarix bundan daha məzmunlu, bundan daha maraqlı tamaşalara şadilik edib. Və son mesajını bir vaxtlar öz zamanının nəhəng qəhrəmanı kimi tanınan Qara Cəngavərin (Cokerin) diliə çatdırıb:

 “Sizi yalnız pul maraqlandırır! Amma bu şəhər daha yaxşı cinayətkarlara layiqdir!”

İndi bildiniz bizim tamaşamıza niyə bizim özümüzdən başqa heç kim baxmır, baxmaq istəmir, ya da gözünün ucu ilə baxır!?!

Hədəfsiz və ideyasız cəmiyyət yabançı dildə əzbərlənmiş iki-üç düşük lətifədən, Allahın verdiyi qara qızıldan, qara kürüdən və qara sifətlərdən başqa nə ixrac edə bilər ki!

O da Vətən üçün deyil!

O da gödən üçündü, Vətən!..

…Burada – bizim səhnəmizdə son otuz ilin ən möhtəşəm döyüşü gedir! Ən möhtəşəm və ən amansız döyüşü! Xarakterlərin döyüşü! Hər şey nida halındadır! Sinirlər tarıma çəkilib. Gizli buruqlardan bu dəfə neft əvəzinə Vətənə, dövlətə və dövlət başçısına (!) xəyanət edən, zabit şərəfini pula satan və satılan generallar pompalanır! Onların sırasını səhnənin əsas dekarasiya elementləri – özündən kiçik rütbəli zabitlərin tabeliyində miskincəsinə küllənən, amma general paqonu gəzdirən, general maaşı alanlar tamamlayır.

Ağ-qara fon! Yorucu və zəhlətökən monotonluq!

Bir azdan yaxamız bu ağ-qara fondan – yorucu və zəhlətökən yeknəsəklikdən qurtaracaq! Gözlərimizin önündə rəngli bir pəncərə açılacaq! Və biz Onu – milli maraqlarımızın, dövlətçilik prinsiplərimizin lokomotivini görəcəyik!

İndilərdə isə:

EPİZODİK ROLLARDA – Şəhid torpaqlarını – Şəhid məzarlığını işğal edən generallar!

BAŞ ROLDA – öz evini o torpaqlar uğrunda Şəhid olmuş əsgərinə verən GENERAL!

GENERAL POLAD HƏŞİMOV!

Dekarasiya tərtibatı: Troya atları!!!

Təzadlarla dolu darısqal əməliyyat şəraitindəyik: daxildə – hərəkət məhdudiyyəti problemi, xaricdə – manevr imkanlarının genişliyi! Ənənəvi bəlli trayektoriyalar və sıxılmış iti bucaqlar! Üstəlik, koordinatların sərt konfiqurasiyası! Ən əsası: Məxfiliyin davamlı təhdidi və kopilyarların dayanıqsız müqaviməti! Xüsusilə, yabançı dilin sıramızdakı fövqəladə hökmranlığı!

Belə bir vəziyyətdə baş qəhrəmanımız dərhal manevr imkanlarını genişləndimək haqqında düşünür və ilk olaraq əsas ünsiyyət vasitəsi kimi bədən dilini seçir. Yəni: Nə qədər az danışırsansa, o qədər az daşınırsan! Bu onun real riskləri idarə etmək məqsədilə müəyyənləşdirdiyi fərdi tədbirlər planına – vəziyyətə nəzarət iyerarxiyasına aid əsas elementdir!

Diqqət! Bizim Qəhrəmanımız öz evini, o evin içində maddi olan nə varsa, hər şeyini – pal-paltarını, çəkməsini, hətta cibindəki son qəpiyini belə öz əsgərlərilə bölüşəcək qədər varlıdır! Amma özünə bir mobil telefon ala bilməyəcək qədər də kasıb deyil!

O hər anı, hər addımı ilə döyüşür! Səngəri seçir! Əsgəri seçir! Səngərdə əsgərdən seçilmir! Və bu anlarda hamıdan yaxşı başa düşür ki:

Səhnə yalnız yeni qəhrəmanlar tələb etmir!

Səhnə həm də yeni qurbanlar tələb edir!..

Bir azdan bizim döyüşümüz bu möhtəşəm həqiqətin qələbəsilə bitəcək! Silahların səsi kəsiləcək! Səhərin mürgülü gözləri kiminsə səngərdən gələn kədərli səsi ilə açılacaq! Və bu səs sübhün bəmbəyaz aydınlığında məmləkətin hər tərəfində əks-səda verəcək:

-Azərbaycan generaliteti ortalıqda qalmışdı! General Polad Həşimov yerdən götürdü!..

İbrahim RÜSTƏMLİ,

Ehtiyatda olan polkovnik-leytenant, əməkdar jurnalist

P.S. Birinci pərdənin sonu.

Məqalə Müstəqil.az və “Dənizçilərə sosial dəstək” İctimai Birliyinin general Polad Həşimovun xatirəsinə həsr olunmuş yazı müsabiqəsinə təqdim olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: