Monteneqroda, Podqoritsa şəhərində “Qarabağ: Tale hekayələri” toplusu işıq üzü görüb. Topluya Xalq yazıçısı Elçin, Azər Abdulla, Vaqif Sultanlı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Kamran Nəzirli, Günel Anarqızı, Şərif Ağayar, Ataqam, Mirmehdi Ağaoğlu və Xəyyam Rəfilinin hekayələri daxil edilib. Kitab Podqoritsa şəhərində fəaliyyət göstərən Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin iştirakı və Azərbaycan Diasporuna Dəstək Fondunun köməyi ilə ərsəyə gəlib. Hekayələri Monteneqro dilinə Dragana Pantoviç tərcümə edib. Toplunun tərtibçisi və “ön söz”ün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, məsləhətçilər Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə, tərcüməçi və şair Bojidar Proroçiçdir.
Bizə eksklüziv açıqlamasında Seyran Mirzəzadə bildirib ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı kitabların Monteneqro dilinə tərcümə etdirilərək çap olunması ənənəsini davam etdirir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci il Şuşa şəhərinin 270 illiyi münasibətilə “Şuşa ili” elan edilmişdir. Biz də Mərkəz olaraq, Şuşa ili münasibətilə Monteneqroda nə edilə bilər sualı ətrafında düşünərkən, Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şairimiz Səlim Babullaoğlu müasir Azərbaycan yazıçılarının Qarabağ haqqında hekayələrindən ibarət “Qarabağ: Tale hekayələri” kitabının tərcümə və çap edilməsi təşəbbüsünü irəli sürdü. Təşəbbüs tərəfimizdən dərhal qəbul edildi və dəstək üçün Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət edildi. Fond da təşəbbüsü təqdirəlayiq hesab edərək, hərtərəfli dəstəyini əsirgəmədi. Beləliklə, qısa müddətdə kitab ərsəyə gəldi. “Qarabağ: Tale hekayələri” kitabı nəfis tərtibatda işıq üzü gördü.Yaxın günlərdə kitabın təqdimat mərasiminin keçirilməsi və Monteneqronun təhsil müəssisələrinə, kitabxanalarına paylanılması nəzərdə tutulur. İnanıram ki, kitab sayəsində monteneqrolu dostlarımız Azərbaycan yazıçıları, həmçinin Qarabağ həqiqətləri haqqında daha yaxından tanış olmaq imkanı əldə etməklə yanaşı, ikitərəfli mədəni əlaqələrin inkişafına da töhfə olacaq… “ Seyran Mirzəzadə eyni zamanda kitabın ərsəyə gəlməsində hərtərəfli dəstəyə və əməyə görə, Azərbaycan Diasporuna Dəstək Dondunun icraçı direktoru Əkrəm Abdullayevə, baş mütəxəssisi Xıdır Kazımova və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğluya dərin təşəkkürünü bildirib.
Fondun baş mütəxəssisi Xıdır Kazımov isə öz açıqlamasında bildirib ki, Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində yaradılıb: “Ölkəmiz və ölkəmizin ayrılmaz hissəsi olan Qarabağla bağlı həqiqətlərin, erməni vandalizminin nəticələrinin, Qarabağ regionunda Azərbaycan irsinin, ədəbiyyatının, tarixinin məhv edilməsi cəhdlərinin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətində prioritet istiqamətlərdəndir. Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımlarından biri də Monteneqroda yerli dildə Azərbaycan yazıçılarının, ədiblərinin povest və hekayələrinin dərc edilməsi idi. Həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılmasında ən əsas və effektiv yollardan biri də ədəbiyyatın gücündən düzgün istifadə etməkdir. “Qarabağ: taleyin hekayələri” toplusu özlüyündə mühüm təğliğati-siyasi məzmuna malikdir. Bu layihə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu, Azərbaycan ədəbi irsinin dərin və zənginliyini nümayiş etdirmək məqsədindən irəli gəlib…”
Səlim Babullaoğlu da öz növbəsində Mərkəzin direktoru Seyran Mirzəzadəyə, Fondun icraçı direktoru Əkrəm Abdullayevə ölkəmiz üçün əhəmiyyətli olan mədəniyyət, xüsusən ədəbiyyat layihələrinə dəstək verdikləri, bu istiqamətdə ardıcıl fəaliyyətlərinə görə təşəkkür edib.
Maraqlı olacaq deyə Səlim Babullaoğlunun “ön söz”ünü oxucularımıza təqdim edirik.
Savaş və sənət xisləti etibarilə əks qütblərdə dayanan hadisə kimi görünür ilk baxışdan. Ən azı ona görə ki, göydən bomba yağanda sənət düşünə biləcəyin ən sonuncu şey olur, bəlkə hətta düşünmək imkanının özü belə artıq bir şeyə çevrilir. Amma sənətlər kimi savaşlar da müxtəlifdir. Faşizm əleyhinə açılmış istənilən cəbhənin haqlılığı, bu cəbhələrdə savaşmış millətindən, irqindən və dinindən asılı olmayaraq istənilən əsgərin qəhrəman olması kimdəsə şübhə doğurmur. Çünki həmin əsgər təcavüzkar deyildi, o döyüşçü kimsənin haqqına girmirdi. Amma Əfqanıstanda vuruşan rus və amerikan əsgəri haqqında eyni şeyi söyləmək olmaz. Çünki onlar özgə torpaqlarında idilər. İndi gəl, Əfqanıstan savaşlarındakı amerikan və rus əsəgərlərinin “şücaətini” təsvir edən şeir yaz. Hekəyə, roman yaz. Nə yazsan yalan olacaq.
“Qarabağ məsələsi” hər bir azərbaycanlı üçün ilk növbədə şəxsi və milli haqq məsələsi idi. Bu XX-XXI əsr Azərbaycan tarixinin bəlkə də yeganə məsələsi idi ki, burda yalnız bir tərəf, bir mövqe vardı. Torpaqlar qaytarılmalı, işğalçı erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıydı. Və bu mövqe 30 il ərzində dünya güclərinin çox müxtəlif psevdohumanist təbliğatına və təzyiqinə rəğmən bir santim belə geriləmədi, dəyişmədi, əskilmədi. Əksinə, yeni nəsillər yetişdi ki, Qarabağ torpaqlarını öz gözləri ilə deyil, haqqları tapdanmış ata-analarının, nənə və babalarının gözü ilə, ən başlıcası onların qəlblərinin gözü ilə görmüşdülər və o onların yanğısı daha çox, daha böyük, daha saf idi.
Məhz o nəsillərin sırasından yetişən qəhrəman Azərbaycan oğulları Azərbaycanın Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarını geri aldılar, bu yolda heç nəyi, canlarını belə əsirgəmədilər.
Amma əlbəttə bu qələbəni, bu torpaq sevgisini hər gün yaşadan, sönməyə qoymayan, “Qarabağ məsələsi”nin müxtəlif insan talelərindəki tarixçələrinə işıq tutan, həyati və ədəbi hədəfləri dəqiq nişan verən ədəbiyyat yarandı ilk əvvəl… Həmin ata, ana, baba və nənələrin iztirablarının hopduğu hekayələr və şeirlər. Sənət həqiqətlə üst-üstə düşəndə qarşısıalınmaz gücə çevrilir.
Unudulmaz Azərbaycan şairi Qabilin (1926-2007) hələ onillər öncə yazdığı, bütün Azərbaycanlıların dilində əzbər olan şeir yaranmışdı Qələbə savaşından çox-çox əvvəl, 1996-cı ildə, əvvəl şüurlarda və qəlblərdə həmin şeir savaşmışdı:
“Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər….
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!…”
Çünki, tanınmış tənqidçi və ədəbiyyatşünas, professor Cavanşir Yusiflinin təbirincə desək, “müharibə cəbhələrdə, səngərlərdə bitsə də, ürəklərdə bitmir, onun ağrısını daşıyan sonuncu insan dünyadan köçsə belə gələcək nəsillərin yaddaşına ötürülür, çünki torpaq ağrısı, vətən dərdi heç zaman sahibsiz qalmır, bir gün heç onu tanımayan insanın qapısının ağzını kəsdirir, onunla itirilmiş torpağın, ağacların kirimiş quşa dönən yarpaqlarının diliylə danışır. (…) Qarabağ müharibəsinin boy-buxunundan kəssə də içdən sürətlə böyüdüb qocaltdığı nəsillər və bir də bu həqiqətləri canlı şəkildə yaşamış, görmüş, ağrını, acını bu dünyada hər kəsdən daha yaxından yaşayan nasirlər. (…) Bu nasirlərin hamısı ömürlərinin ağrıya pərçim edildiyi görüntünü – öz avtoportretlərinin məhz bu önəmli hissəsini təhkiyənin içinə qatır, sanki o qanlı-qadalı illərdə itib-batmış xatirə və söhbətləri damcı-damcı yığıb uşaqlıqlarının o illərə düşən kölgəsini var gücləriylə qorumağa, bunu hər vəchlə görk etməyə çalışırlar. Çünki ömürlə tale arasında müharibə qopmuşdu…”
Əziz monteneqrolu oxucu!
Bu əlinizdə tutduğunuz bu toplu- “Qarabağ hekayələri” bir xalqın, bir ölkənin, Azərbaycanın haqq işinin, ağrılı-acılı bədii tarixçəsidir. Və bu tarix həm də zülm və haqsızlıq görmüş bütün xalqların həqiqi tarixi sayıla bilər.
Çağdaş Azərbaycanın son otuz ilinin bədii tarixi olan bu kitab inanırıq ki, dəyərli monteneqrolu oxucuların diqqətini çəkəcək.
Mən zəhməti keçmiş bütün təşkilatlara, insanlara, ilk növbədə isə dəyərli həmkarlarımıza, tərcüməçilərə minnətdarlıq etmək istərdim.
“Ədəbiyyat qəzeti”