Kubra Məhərrəmova yazır…
Şuşanın adı ilə bağlı olduğu kimi, özüylə bağlı da bir sıra əfsanələr var.
Deyilənə Şuşanın həyətində bir skamya olan böyük bağçası olub. Həyətdə olan o skamyada isə kimsə oturmazmış. Əgər kimsə həmin skamyada otursaydı, o dəqiqə bilirlərmiş ki, bu şəxs Şuşalı deyil. Söyləntilərə görə skamyada ancaq xan oturarmış. Xanın ölümündən sonra isə heç bir şuşalı o skamyaya yaxın getməzmiş.
Bu əfsanənin nə qədər doğru olub-olmadığını bilməsək də, Pənahəli xana qarşı Şuşa camaatının münasibəti bu əfsanədə əks olunur. Şuşa inşa olunduğu gündən öz inkişafı, müasirliyi ilə digər şəhərlərdən seçilirmiş.
Qısa məlumat verim ki, Pənahəli xan Şuşa qalasını tikdirməmişdən əvvəl xanlığın təhlükəsizliyini qorumaq üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, daha sonra Ağdamın 5-6 kilometrliyində Şahbulaq qalasını inşa etdirib. Daha sonra sıldırım qayaların başında 1751-ci ildə Şuşa qalasını saldırır. İlk vaxtlar Pənahabad adlandırılmış qala, daha sonralar isə Şuşa qalası kimi tarixə düşür.
Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, “Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi”.
Bundan əlavə Xan, Əsgəran qalası və Qarabağ xan sarayının da yaradıcısıdır.
Qarabağın ilk xanı, Pənahəli xan və ya Pənahəli xan Cavanşir, 1693-cü ildə Qarabağda doğulub və Cavanşirlər sülaləsinə mənsub olub. Xan, 1763-cü ildə, 69–70 yaşlarında Şirazda vəfat edib.
Hakimiyyəti dövründə Qaradağ, Ərdəbil və Naxçıvan xanlıqlarını da öz təsiri altına alaraq, Tatev, Sisyan, Qafan, Meğri, Zəngəzur və Qapan mahallarını özünə tabe etməyi bacarmışdır.
Heç kəsə sirr deyil ki, Şuşa qalası əsrlər boyu düşmənlər üçün ən arzuolunan məkan olub. Hər kəs onu ələ keçirtmək istəyib.
Düşmənlər buna qısa dövr ərzində nail olsalar da, 30 ildən sonra Şuşa yenə öz əsl sahibləri tərəfindən düşməndən geri alınır. 2020-ci il noyabrın 7-si hər bir azərbaycanlının həyatında müstəsna gün olaraq – Şuşanın işğaldan azad olunduğu gün olaraq tarixə düşür.
Hadisənin üstündən iki il keçməsinə baxmayaraq Şuşada olan hər kəs hələ də qalanın döyüşçü ruhunda olmasının fərqinə varır. Pənahəli xanın döyüşmək və müdafiə olunmaq üçün inşa etdirdiyi qala hələ də öz vəzifəsini icra edir. Şuşa alınmaz qala adını bu gün də qoruyur.
Bu günlərdə isə Şuşa xüsusi bir qonağını qarşıladı. Pənahəli xanın nəslindən olan, İspaniyada dünyaya gələn Məhəmmədəli Əkbərovu. O, Pənahəli xanın iki övladından biri, Mehrəli bəyin nəslindəndir.
21 yaşlı Məhəmmədəli Əkbərov İspaniyada doğulub böyüyüb. Hal-hazırda Madriddə yaşayır və Alcala Universitetinin (UAH) Kriminalistika, texnologiyalar və məhkəmə elmləri fakültəsində təhsil alır. İndi deyəcəksiniz ki, bəs Məhəmmədlini Şuşaya kim dəvət edib?
Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Şuşada 2-8 avqust tarixində “Diaspor Gənclərinin III Yay Düşərgəsi” keçirildi. Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək üçün Azərbaycana dünyanın 50 ölkəsindən 115 gənc azərbaycanlı qatıldı. Onların hər biri xüsusi seçimlərə qatılaraq düşərgədə iştirak etmək haqqı qazanıb. Bir həftə ərzində azərbaycanlı gənclər öz tarixi Vətənlərində olaraq, Azərbaycan tarixini, ənənələrini daha yaxından öyrənmiş oldular. Elə Pənahəli xanın nəslindən olan Məhəmmədəli də həmçinin.
Məhəmmədəlinin Azərbaycan dilində sərbəst danışması, fikirlərini asanlıqla ifadə etməsi, əsl azərbaycanlı ailəsinə xas olan ədəb-ərkanlı davranışı onun həqiqətən də xan nəslindən olduğunu hiss etdirirdi. Bir zamanlar Şuşanın əsasını qoyan Pənahəli xanın nəslinin nümayəndəsinin Şuşaya gəlməsində, gəzməsində yəqin ki, bir əlahiddə məna var.
Diasporla İş üzrə Dövlət Komitəsinin azərbaycanlı gənclərlə əməkdaşlıq etməsi, onlara tarixi Vətənləri ilə bağların yaratmasında gördüyü iş heç şübhəsiz ki, yüksək amaldan xəbər verir. Bu, gənclərin dünyanın harasında yaşamasından asılı olmayaraq onlarda bir güvən hissi aşılayır, onları tarixi Vətənləri ilə daha da yaxın edir. Onlar harada olmalarından asılı olmayaraq Azərbaycanın maraqlarını qoruyur, Vətəni təmsil edirlər. Eyni zamanda bu gənclərin hər biri 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində mövqelərimizi ayıq-sayıq qorudular, keşiyində durdular. Onlar ingilis, fransız, alman, ispan dillərində Qarabağ həqiqətlərini sosial mediada dünyanın dörd bir tərəfinə çatdırdılar.
Gənclərin ən gözəl və qürurverici xüsusiyyəti isə onların vətənpərvər olmalarıdır. Ən maraqlısı isə ondan ibarətdir ki, harada və nə vaxt anadan olmalarından asılı olmayaraq, onların hər biri öz doğulduqları ölkənin dili ilə yanaşı doğma, tarixi dilləri olan Azərbaycan dilində sərbəst danışırlar. Bu isə həqiqətən də fəxr olunası məqamdır. Ona görə fəxr olunası məqamdır ki, 115 gəncin hər birinin qəlbində, fikrində mütləq bir Azərbaycan sevgisi sezilir.
Düşünürəm ki, dünyanın istənilən nöqtəsində doğulan, yaşayan, sonradan köç edən azərbaycanlı gənclərlə hər bir dövlət qurumu Diasporla İş üzrə Dövlət Komitəsi qədər çalışmalıdır. Xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı da həmçinin azərbaycanlı gənclərimizə sahib çıxmalı, onlara dəstək göstərməlidir. Biz vətəndaş mövqeyimizi yenidən sərgiləyib, yeni davranış modeli yaratmağa müvəffəq olmalıyıq.
Çünki biz 44 günlük Vətən müharibəsini döyüş meydanında bitirsək də, informasiya müharibəsi bitməyib. Döyüşlər hələ qabaqdadır.
Bir zamanlar döyüşlərdə qılınc gücünə qalib gələn Pənahəli xanın davamçıları bu gün rəqəmsal müstəvilərdə döyüşür, düşmənə qalib gəlirlər.