Erməni vandallarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti təkcə insanlar üzərində yox, həm də tarixi-mədəni abidələr və coğrafi adlarımızda da aparılıb. Onlar işğal etdikləri kəndlərimizin və digər yaşayış məskənlərimizin adlarını dəyişdirərək özününküləşdirməyə çalışıblar. İşğaldan azad olunan kəndlərimizin də bəzilərinin adında bu nümunəni görmək mümkün idi.
Milli Məclisin Toponomiya komissiyasının sədri, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli deyir ki, artıq Vətən müharibəsi bizim qələbəmizlə başa çatıb və ermənilər tərəfindən adları dəyişdirilən yaşayış məskənlərimizin ya əvvəlki tarixi adları qaytarılacaq, ya da yeniləri ilə əvəz olunacaq.
İ.Həbibbəyli süni şəkildə dəyişdirilərək erməniləşdirilən həmin coğrafi məkanların adlarının bərpa olunması prosesi ilə bağlı Publika.az-a müsahibə verib:
– İsa müəllim, Vətən müharibəsində azad edilən bir neçə kəndin adı xalqa müraciəti zamanı Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dəyişdirildi. Digər adların dəyişdirilməsi, yeniləri ilə əvəz olunması ilə bağlı akademiyada hansı işlər aparılır?
– Prezident İlham Əliyevin Vətən müharibəsində uğurla apardığı, qələbə ilə başa çatan bu parlaq hadisədən sonra Qarabağdakı ermənilər tərəfindən süni şəkildə erməniləşdirilmiş adların bərpası və yenidən adlandırılması məsələsi günün ən vacib məsələlərindən birinə çevrilib. Ona görə də biz Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Toponomiya və coğrafi adlar komissiyası yaratmışıq. Bu adların milli mənşəyi, işğaldan əvvəlki adı, təhrif olunmuş variant və “bu yerlərin adları necə yazılmalıdır?” suallarını elmi şəkildə əsaslandırıb ortaya qoyuruq.
– Ermənilər nə qədər yer adımızı dəyişdiriblər, say varmı bununla bağlı?
– Araşdırma əsasında məlum olub ki, Ermənistan SSRİ Ali Sovetinin qərarı ilə 1946-68-ci illərdə 748 Azərbaycan yaşayış yerinin adı dəyişdirilib. İşğaldan sonra isə 90 yaşayış məntəqəsinin adı dəyişdirilib. Bu statistika Qərbi Azərbaycana aiddir. Dağlıq Qarabağ və ətraf rayonlarda isə işğaldan sonra 212 yer adı dəyişdirilib. Onlardan cənab Prezidentin təşəbbüsü və qərarı ilə 4-nün adı bərpa edilib. Bunlar Suqovuşan, Çinarlı, Baharlı və Hünərli kəndlərindən ibarətdir. Amma qarşıda bizi Dağlıq Qarabağdakı və ətraf ərazilərdəki 200-ə yaxın yerin adını yenidən bərpa etmək və adlandırmaq kimi vəzifələr durur. Ona görə də akademiyadakı Toponomiya və coğrafi adlar komissiyası, Dilçilik İnstitutundakı Toponomiya sektoru, Coğrafiya İnstitutundakı Coğrafi adlar və kartoqrafiya şöbəsi və onun ətrafında olan alimlərdən ibarət qruplar bu məsələləri dərindən öyrənir, günümüzün reallığına, toponimlərin adlandırılmasının beynəlxalq aləmdə qəbul olunan prinsiplərinə uyğun olaraq təkliflər paketi hazırlayır.
– Adların bərpası, tarixi adları ilə dəyişdirilməsi prosesi beynəlxalq müstəvidə necə aparılır?
– Beynəlxalq aləmdə bunun üç əsas prinsipi var. Birincisi, adlar bərpa olunarkən onların tarixi adı öyrənilir və özünə qaytarılır. Bizim bu cəhətdən çox geniş imkanlarımız var. Bunun üçün kifayət qədər tarixi mənbələrimiz də mövcuddur. İkincisi, bir kəndin adının dəyişdirilməsi zərurəti meydana çıxırsa, həmin kəndin yerləşdiyi ərazinin adlandığı toponim kəndə verilir. Üçüncüsü isə, Qarabağ həqiqətləri ilə bağlı meydana çıxan məsələdir. Düşünürəm ki, Ali Baş Komandanın apardığı haqq mübarizəsi öz əksini o kənd adlarında da tapmalıdır. Gələcək nəsillər üçün bu tarixləşməlidir.
– Bəzi kəndlər də var ki, adları heç bir məna ifadə etmir…
– Bəli. Qeyri-müəyyən kənd adları var ki, xüsusi məna ifadə etmirlər. Onlara yenidən ad qoyan zaman biz bu yeni tarixin kəndlərin adında əbədiləşməsini vacib sayırıq. Erməni tərəfi yalnız Azərbaycanın tarixini silmək, ölkəmizin regiondakı izini yox etmək üçün qeyri-elmi və qeyri-insani prinsiplərdən istifadə edib. Azərbaycanda isə bu adlar yenidən adlandırılarkən beynəlxalq aləmdə qəbul olunan, ölkə reallıqlarını əks etdirən prinsiplərdən çıxış olunur. Bu, bütün dünyada da qəbul olunan yoldur.
– Tsakuri, Vəng kimi kəndlər elə Ali Baş Komandan tərəfindən dəyişdirildi.
– Onların dəyişdirilməsinin böyük mənası var idi. Müharibənin gedişi prosesində cənab Prezident İlham Əliyev erməniləşdirilmiş Vəng kəndinin adına Çinarlı, Quşçubaba kəndinin, Baharlı, Tsakuri kimi mənası bilinməyən kəndin adına Hünərli adını verməklə, müzəffər ordumuza, əsgərlərimizə böyük nikbinlik gətirdi. Bu da qələbəyə aparan yolda Ali Baş Komandanın düşündüyü, mənəvi-psixoloji cəhətdən ordumuzu qürurlandırmaq, dəstək vermək, onu qələbəyə doğru ruhlandırmaq kimi ali məqsəd daşıyırdı. Ona görə də bu hadisə böyük əhəmiyyətə malikdir.
– İsa müəllim, yaşayış məntəqələrinin tarixi adları bərpa olunacaq, yoxsa daha çox yeni adlar veriləcək?
– Biz bunun üçün elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlayırıq. Bu təkliflər əsasında belə məsələlər önə çıxan kimi bu reallıqları zamanında dəyərləndirək və elmi cəhətdən əsaslandırılmış təkliflərlə çıxış edə bilək. Düşünürəm ki, irəli sürülən yeni adlarla bağlı təkliflər də dəyərləndiriləcək.
– İctimaiyyətdə də təkliflər var ki, İlhamabad, Heydər şəhəri, Polad Həşimov, Mübariz və digər bu kimi adlar azad olunan kəndlərə, qəsəbələrə verilsin. Bu təkliflər dəyərləndiriləcəkmi?
– Yaşayış məskənlərinin adları dəyişdirilərkən mühüm prinsiplərdən biri də müasir tarixin kənd adlarında əbədiləşdirilməsidir. Bizim prinsipimiz odur ki, yeni tarix də kənd adlarında öz əksini tapmalıdır. Bu, müasir dövrün reallıqlarına aid olan məsələlərin kənd adlarında öz əksini tapmasına tam şərait yaradır. Naxçıvan Muxtar Respublikasının mərkəzi Heydərabad adlandırılıb. Xəritədə də, tarixi-coğrafi ədəbiyyatda da Heydərabad kimi yazılır. Əlbəttə ki, Ali Baş Komandanımızın apardığı müzəffər yürüşün nəticəsində oradakı kənd və şəhər adlarında, ən böyük yaşayış məskənlərindən birində bu cür rəsmi adların elan olunması obyektiv reallığın ifadəsi olar.
– Cəmiyyətdə də bununla bağlı gözləntilər çoxdur…
– Qəhrəmanlarımızın adlarının yaşayış yerlərinə verilməsi üçün dövlət səviyyəsində qərar olmalıdır. Heydərabad, Polad Həşimov və Mübariz kimi ad təklifləri dəyərləndirilə bilər. İndiyədək milli qəhrəmanlarımızın adları məktəblərdə, küçə və prospektlərdə əbədiləşdirilib. Heç şübhəsiz ki, bundan sonra da Vətən savaşında şəhid olan, qəhrəmanlıq göstərən hərbçilərimizin adları küçə və prospekt, sosial obyekt, təhsil müəssisələrinin və kəndlərin adlarında öz əksini tapacaq. Çünki onların adı əbədiləşdirilməyə layiqdir.
– Tarixi-dini memarlıq abidələrimizin adlarında dəyişiklik necə olacaq? Onlar kilsə və monastırları da özününküləşdirməyə çalışıblar. O abidələrin adları dəyişdirilərkən beynəlxalq qurumlara müraciət olunacaqmı?
– Ermənilər Dağlıq Qarabağdakı abidələri xristian abidələri kimi dəyərləndirirlər. Amma AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Coğrafiya, Dilçilik İnstitutlarında çalışan alimlərimiz ən müxtəlif aspektlərdən bu abidələrə yanaşarkən sübut ediblər ki, Qarabağda heç bir erməni abidəsi yoxdur. Onlar hamısı Alban abidələridir. Alban abidələri isə Qafqaz Albaniyasına aid olan tarixi abidələrdir. Qafqaz Albaniyası isə Azərbaycan ərazisində olmuş dövlət qurumudur. Bu albanlar xristianlaşmış türklərdir. Akademiyanın alimləri müəyyən ediblər ki, Qarabağdakı abidələrin erməni Qriqoryan təfəkkürü ilə heç bir əlaqəsi yoxdur. AMEA Arxeologiya və Etnoqrafiya, Coğrafiya İnstitutları tərəfindən Azıx mağarasında erməni vandallarının törətdiyi dağıntı işləri ilə əlaqədar olaraq monitorinqin aparılması və onlara qarşı cəza tədbirlərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib. Azıx və Tağlar mağaralarında baş verən dağıntıların müəyyən edilməsi ilə bağlı Baş Prokurorluqla akademiyanın alimlərindən ibarət birgə komissiya hazırlanır. Komissiya yerində tanış olacaq, məsələ hüquqi-elmi cəhətdən qiymətləndiriləcək və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılacaq.
– İsa müəllim, Vətən müharibəsi hansı formada təbliğ olunmalıdır? Zəfər tariximiz dərsliklərə salınacaqmı?
– Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə ölkənin orta və ali məktəb dərsliklərinə ayrıca əlavə olunmalıdır. Bu, tariximizin çox əlamətdar, mühüm, şanlı və parlaq hadisəsidir. Eyni zamanda, akademiyanın müxtəlif elmi-tədqiqat institutlarında Vətən müharibəsi ilə bağlı ciddi və ən müxtəlif istiqamətlərdə tədqiqat işlərinin aparılması planlaşdırılır. Hətta akademiya üzrə “Azərbaycanın Vətən müharibəsi – Qarabağ savaşı: Məğlubiyyətdən dialoqa və böyük gələcəyədək” adlı ayrıca monoqrafiyanın hazırlanması ilə bağlı plan təyin olunub, müəllif heyəti dəqiqləşdirilib. Ümumiyyətlə, Qarabağ savaşı ilə əlaqədar toponomiya tədqiqatları, arxeololoji və etnoqrafik araşdırmalar, hüquqi qiymətləndirmələr AMEA-nın və alimlərimizin diqqət mərkəzindədir. Bundan sonra həmin məsələlərlə məşğul olmağı prioritet istiqamət hesab edirik.
Akqabay Mıradov