Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi
Onun işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Haqqında söhbət açdığım Zemfira Məhərrəmli Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini 187 saylı orta məktəbdə başa vurub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Bakı” və “Баку” şəhər qəzetlərində əmək fəaliyyətinə başlayaraq, 2003-cü ilədək müxbir, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. İnsan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür.
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib.
2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır.
…Ömür-gün yoldaşı professor Qulu Məhərrəmlini ölkəmizdə tanımayan insan çətin tapılar. Mətbuatımızın inkişafında böyük işlər görüb. İki övladı, üç nəvəsi var…
Zemfira xanım 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərlər ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…
Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Ünsiyyətdə çox mehribandır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. ..
Dekabrın 11-i pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisist Zemfira xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Yeni yaşınız mübarək, Zemfira xanım!
Elman Eldaroğlu,
[email protected]
Müstəqil.Az